“Estoniyadan Vətənimizə qələbə sevinci ilə döndüm”

“İdman infrastrukturunun xüsusilə regionlarda yaradılması imkan verir ki, bölgələrdə yaşayan uşaqlar, gənclər idmanla məşğul olsunlar. İdmanla məşğul olan uşaq, yeniyetmə fiziki cəhətdən sağlam olur. Eyni zamanda, yüksək mənəvi keyfiyyətlərə də malik olur”.

 

İlham  ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Ölkəmizdə istər olimpiya, istərsə də, qeyri olimpiya idman növlərinin inkişafı üçün bütün lazımi şərait yaradılıb. İdmançılarımız isə uşaq yaşlarından onlara yaradılan şəraitdən istifadə edərək yarışlara hazırlaşır, beynəlxalq turnirlərdən, dünya çempionatlarından və olimpiya oyunlarından vətənimizə qızıl medallarla dönürlər.  Bu gün uşaqların idmana olan sonsuz sevgisi, marağı onların gələcək idman karyerası yoluna işıq salır. Söz yox ki, idmanla məşğul olmaq   ağır zəhmət tələb edir. Bu zəhmətə qatlaşmaq, gərgin hazırlıqlarda səbirlə məşqçilərin tapşırıqlarını yerinə yetirmək  isə elə də asan deyil. İdmanda uğur gərgin məşqlərdən çox asılıdır. Artıq ölkəmizdə böyük uğurlar əldə edən  perspektivli  idmançıların sayı isə günbəgün artır.

 

...Təsadüfən Azərbaycan Tibb Universitetinin kafedra müdiri, professor Vəsadət Əzizovla söhbət əsnasında 7 yaşlı Fəxrinin böyük uğurundan xəbər tutduq. Dəyərli alimin “Bu, sizin üçün gözəl bir mövzudur, balaca çempionlarımızı təbliğ etmək vacibdir”, - söyləməsi Fəxrini bizim müsahibimizə çevirdi. Və kiçik yaşlı “qəhrəman”ımızı yaxından tanımağa qərar verdik.

 

Yeddi yaşlı Fəxri Rauf oğlu Məmmədəlizadə də  istedadlı və bacarıqlı idmançılardandır. O 4 ilə yaxındır ki,  kapoeyra idman növü ilə məşğul olur. Bu idman növü haqda bildiklərini də bizə ürəkdolusu danışdı. Kapoeyra Braziliya idman növüdür. Braziliyada yaşayan Afrika əsilli kölələrin özlərini müdafiə üçün təkmilləşdirdiyi bu idman növü artıq dünyanın 120-yə yaxın ölkəsində mövcuddur. Estetik görünüşü, musiqi, rəqs və döyüşü özündə cəmləşdirməklə digər döyüş növlərindən fərqlənir.

 

“Erməni əsilli rəqibimi məğlub etdim”

 

Yeddi yaşlı çempionun idmana başladığı qısa müddətdə əldə etdiyi uğurları da az deyil. Medallar, fəxri fərmanlar masasının üstündə göz oxşayır. Uğur hekayəsini bizimlə bölüşən Fəxrinin keçdiyi yola birlikdə nəzər saldıq: “İlk yarışım Bakı birinciliyi uğrunda olub. Həmin yarışda III yerə layiq görülmüşəm. Bir müddət sonra Respublika çempionatı keçirildi. Bu yarışın önəmli olduğunu nəzərə alaraq daha ciddi hazırlaşdım və I yeri tutdum. Bundan sonra Bakıda keçirilən beynəlxalq turnirdə iştirak etdim. Burada III yerlə kifayətləndim. Hədəfim bu günlərdə Estoniyada keçirilən beynəlxalq turnirdə qabaqcıl yerlərdən birini tutmaq idi. Çox sevinirəm ki, Estoniyadan vətənimizə qələbə sevinci ilə döndüm. Həmin yarışa  12  ölkədən təxminən 120-yə yaxın idmançı  qatılmışdı. Mənim üçün ən maraqlı və yaddaqalan görüşüm yarımfinalda erməni əsilli rus təmsilçisi ilə qarşılaşmağım  oldu. Onu təmiz qələbə ilə məğlub edərək finalda Estoniya idmançısına qalib gəldim”. 

 

Balaca idmançımızın  “erməniylə qarşılaşanda hansı hissləri keçirdin” sualımıza cavabı da qısa oldu: “O hansı ölkəni təmsil etməsindən asılı olmayaraq bizim düşmənimizdir və qarşılaşmada erməniyə  məğlub olmaq olmazdı”.

 

“Arzum bayrağımızı yüksəkliklərə qaldırmaqdır”

 

- Yarışlara necə hazırlaşırsan?

- Yarışa çıxanda ancaq qələbə qazanmaq haqqında düşünürəm. Çalışıram ki, heç bir səhvə yol verməyim, rəqib həmin anda bundan istifadə edə bilər. Tələsmədən rəqibin nə edəcəyi haqqında fikirləşirəm. Rəqibin ancaq gözlərindən onun nə edəcəyini bilmək olar.

 

Fəxri  onu yarışlara hazırlayan müəllimini də yaddan çıxarmır. Bildirir ki, uğurlarında məşqçisi Zahid Rüstəmbəyovun böyük əməyi var: “Məşqçilərimə hər zaman təşəkkür edirəm. Çox sevinirəm ki, qızıl medal qazanmışam. Sevincimin hədd-hüdudu yoxdur. Heç kimə içimdəki sevinc hissinin böyüklüyünü izah edə bilmirəm...”.

 

Gələcək planlarından da danışan balaca çempion idmanı əzmlə davam etdirəcəyini deyir. Bildirir ki, qarşıya qoyduğu məqsəd isə respublika və dünya çempionatlarında iştirak etmək, bayrağımızı uca tutmaqdır: “Arzum dünya, Avropa çempionatlarında birinci yerə çıxmaqdır. Bayrağımızı yüksəkliklərə qaldırmaqdır”.

 

“Gələcəyinə böyük ümidlər bəsləyirəm”

 

Məşqçi  müəllimi  Zahid  Rüstəmbəyov: - “Fəxri  çox mübarizdir. Heç vaxt istədiyindən dönmür. Məqsədinə çatmaq üçün həmişə çalışır. Nəyisə etmək olmaz deyəndə, öz fikrində qalır. “Bunu eləməliyəm, gələcəkdə lazım olacaq”, - deyir həmişə. Ona görə də onun gələcəyinə böyük ümidlər bəsləyirəm. Əminəm ki, döyüşlərinə davam edəcək”.

 

Fəxri Məmmədəlizadə Bakı Avropa Liseyinin 2-ci sinif şagirdidir. Dərslərinə həmişə yüksək səviyyədə hazırlaşır. Şagirdlərinin uğurlarına valideynləri, doğmaları ilə bərabər məktəb də sevinir, onlarla fəxr edir.

 

“Fəxri dərs əlaçısıdır”

 

Bakı Avropa Liseyinin direktoru Zülfiyyə Veysova:  - “Uğurlu idman siyasətinin nəticəsi olaraq Azərbaycan həm də dünyanın idman ictimaiyyəti tərəfindən ciddi tərəfdaş, idmançılarımız isə əsas rəqib kimi qəbul olunurlar. Azərbaycanın qısa müddətdə idman sahəsində əldə etdiyi tarixi nailiyyətləri və idmançılarımızın hər dəfə beynəlxalq arenalarda qazandıqları qalibiyyətlər, bayrağımızı ucaltmaları dövlətimizə şərəf gətirən amillərdir. Rəhbərlik etdiyim Bakı Avropa Liseyinin şagirdlərinin  bir çoxu dərslərini yaxşı oxumaqla yanaşı idmanla da məşğul olurlar. Onların idman sahəsindəki hər il təkrarlanan yeni qələbələri bizim kollektivimizin bütün üzvlərini sevindirir. Onların əldə etdikləri qələbələrdən sonra liseyimizdə idmançılarımızın şərəfinə geniş  tədbirlər təşkil edirik. Liseyimizin bütün şagirdləri onları gur alqışlarla qarşılayırlar. Balaca  Fəxrimizi də bu yaxınlarda Estoniyadakı qələbəsi münasibətilə təbrik etdik. Onun yarımfinalda erməni əsilli idmançını məğlub etməsi isə bizə xüsusi sevinc hissləri yaşatdı. Fəxri Bakı Avropa Liseyinin 2-ci sinif şagirdidir. Dərslərinə həmişə yüksək səviyyədə hazırlaşır və dərs əlaçısıdır”. 

 

Fəxrinin sinif rəhbəri Nailə Şükürova:  -  “İdmançılarımız çempion olanda, üçrəngli bayrağımız Dövlət himnimizin sədaları altında zirvələrə qalxanda hər bir Azərbaycan övladı kimi mən də qürur hissi keçirirəm. Mənim ən zəhmətkeş şagirdlərimdən biri  Fəxri Məmmədəlizadədir. Fəxri azyaşlı olmasına baxmayaraq, bütün uşaqlar üçün əyani nümunədir.  O, öz üzərində daim  çalışır və bu istiqamətdə əlindən gələni əsirgəmir. Çox diqqətcildir  və bu, onun təhsilindəki uğurlarının artmasına səbəb olur. Sinif yoldaşları ilə çox yaxşı münasibəti var, hər kəsə kömək etməyi sevir və böyüklərə hörmətlə yanaşmağa çalışır. Bu, ilk növbədə, valideynlərin ona nə qədər gözəl tərbiyə  verdiyini göstərir”.

 

“Azərbaycanı ən layiqli şəkildə təmsil edəcək”

 

Əlavə etmək istəyirəm ki, Fəxri üçün idman həyat tərzidir. O, kapoeyranı  çox sevir, məşqlərdə çox aktiv fəaliyyət göstərir və bütün yarışlarda iştirak etməyə çalışır. Hesab edirəm ki, Fəxrini idman  həm zahirən, həm də daxilən çox gözəl formalaşdırır və  onu daha cəsur edir. İnanıram ki, Fəxri daha gözəl nailiyyətlərə imza atacaq,  Azərbaycanı fəxrlə ən layiqli şəkildə təmsil edəcəkdir”.

 

Rəşad ZİYADOV



25.10.2019 | 14:24