Azərbaycanda peşə təhsilinin inkişafına xüsusi diqqət göstərilir | |
Aprelin 30-da "Hyatt Regency Baku" otelində “Peşəyönümü işinin təşkili: peşə təhsilinin təbliği” mövzusunda konfrans keçirilib. Tədbirə ev sahibliyi edən otelin baş direktoru Uolter Qaq qonaqları salamlayaraq konfransın işinə uğurlar arzulayıb. Təhsil Nazirliyi, Avropa İttifaqı və “Hyatt Regency Baku” otelinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış edən Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayev ölkəmizdə peşə təhsili sahəsində aparılan islahatlar, həyata keçirilən layihələr barədə ətraflı məlumat verib. O, peşə təhsilinin inkişafı üzrə qəbul olunmuş dövlət sənədlərində bu sahənin proritet əhəmiyyət daşıdığını, bu sahəyə artan dövlət dəstəyindən danışıb. F.Mustafayev qeyd edib ki, bir qədər əvvəl ölkə parlamentində "Peşə təhsili" haqqında qanun qəbul olunub. Peşə təhsili sahəsində qabaqcıl dünya təcrübəsini nəzərə alan bu qanun ölkəmizdə peşə təhsilinin inkişafına xidmət edir.
Sonra Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Məhəbbət Vəliyevanın “Ümumtəhsil müəssisələrində peşəyönümü işinin səmərəliliyi üçün maarifləndirmənin aparılması” mövzusunda məruzəsi dinlənilib. Ölkəmizdə peşə təhsilinin inkişafında məktəblərin də üzərinə bir sıra vəzifələrin düşdüyünü qeyd edən M.Vəliyeva əsasən ibtidai təhsil pilləsindən başlayaraq bu sahədə maarifləndirmə işlərinin aparılması zəruriliyindən bəhs edib.
Tədbirdə "British Council"in direktor müavini Nigar Baimovanın "Peşə təhsili sahəsində həyata keçirilən birgə layihələr", "Hyatt Regency Baku" otelinin İnsan resursları şöbəsinin müdiri Arzu Əsgərovanın "Peşə təhsilinin təbliğində dövlət- özəl əməkdaşlığı" mövzularında təqdimatları dinlənilib.
Təqdimatlardan sonra Peşə Təhsili üzrə Dövlət Agentliyi və "Hyatt Regency Baku" arasında Anlaşma Memorandumunun imzalanma mərasimi keçirilib. Memorandumu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayev və "Hyatt Regency Baku" otelinin baş direktoru Uolter Qaq imzalayıblar.
Oruc MUSTAFAYEV
|
|
30.04.2018 | 14:06 | |
|
|
|