“Tələbələrin elmi-tədqiqat fəaliyyətinin təşkili” mövzusunda seminar-müşavirə | |
Naxçıvan Müəllimlər İnstitutunda “Tələbələrin elmi-tədqiqat fəaliyyətinin təşkili” mövzusunda II seminar-müşavirə keçirilib.
İnstitutun rektoru Elbrus İsayev ölkəmizdə elm və təhsilin stateji sahələr kimi dövlət qayğısı ilə əhatə olunduğundan ətraflı bəhs edib. O vurğulayıb ki, müasir və müstəqil dövlətimizin elm siyasəti ulu öndər Heydər Əliyev tərəfindən müəyyən edilmiş və bu gün də ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.
Elbrus İsayev yenicə yaradılmış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Elmin İnkişafı Fondunun fəaliyyətinin təşkili ilə bağlı keçirilən müşavirədə hazırda muxtar respublikada elmin inkişaf vəziyyəti və qarşıda duran vəzifələrin hərtərəfli müzakirə edildiyini, aidiyyəti qurumlara fundamental və tətbiqi elmi tədqiqatların təşkili, onların nəticələrinin praktikada tətbiqi, yeni, habelə prioritet elmi istiqamətlərin müəyyənləşdirilməsi, mühüm elm sahəsi kimi Naxçıvanşünaslıq üzrə daha geniş tədqiqatların aparılması, elmi araşdırmaların səmərəliliyinin artırılması, əldə olunan elmi nəticələrin beynəlxalq səviyyədə tanıdılması, muxtar respublikanın elm və ali təhsil müəssisələri arasında əlaqələrin gücləndirilməsi, qarşılıqlı elmi müzakirələrin aparılması və digər tədbirlərin həyata keçirilməsinə dair tövsiyə və tapşırıqlar verildiyini xatırladıb.
Rektorun sözlərinə görə, muxtar respublikada fəaliyyət göstərən dövlət ali təhsil və elm müəssisəsi kimi Naxçıvan Müəllimlər İnstitutunun da üzərinə böyük və məsul vəzifələr düşür. Belə ki, Naxçıvan Müəllimlər İnstitutunun strateji hədəflərindən biri fəaliyyətini “təhsil-tədqiqat-innovasiya” formatında qurmaq, ölkə qanunuvericiliyinə uyğun şəkildə gələcəkdə “Tədqiqat universiteti” statusunu qazanmaqdan ibarətdir.
Rektor bu il doktorantura üzrə yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadr hazırlığına icazə verilməsi, institutun dövri elmi nəşrinin elmi əhatə dairəsinin xeyli genişləndirilməsi və yüksək səviyyədə çap edilməsi, elmi-pedaqoji heyətin elmi hesabatlılığının təmin edilməsi, respublika və regional statuslu elmi konfrans və digər elmi-təşkilati tədbirlərin keçirilməsini bu istiqamətdə fəaliyyətin uğurlu nəticələri adlandırıb. O, tələbə gəncləri elmi tədqiqatçılıq fəaliyyətinə səsləyib, böyük elmə doğru yolda onlara uğurlar diləyib. |
|
24.10.2019 | 11:41 | |
|
|
|