50-yədək yeniyetmə öz məharətini təqdim edib

Balakən rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Müstəqil Azərbaycan” adlı şeir müsabiqəsi keçirilib. Azərbaycanın dövlət müstəqilliyi günü münasibətilə keçirilən müsabiqədə rayonun ümumtəhsil məktəblərini 50-dək yeniyetmə və gənc təmsil edib.  Onlar öz ifaçılıq məharətlərini nümayiş etdiriblər.

 

Mərkəzin direktoru Ləman Balayeva  28 ildir xalqımızın bu bayramı böyük sevinc və iftixar hissi ilə qeyd etdiyini diqqətə çatdırıb. O deyib ki, bu illər ərzində Azərbaycanın qazandığı bütün uğurlar məhz Ulu Öndərin müdrikliyi sayəsində müstəqilliyimizin qorunub saxlanmasının məntiqi nəticəsidir.

 

Müsabiqə iştirakçılarının ifaçılıq qabiliyyətləri münsiflər heyəti tərəfindən qiymətləndirilib. Yekun nəticəyə əsasən, Balakən şəhər 1 nömrəli tam orta məktəbin şagirdi Səadət Çerçiyeva müsabiqənin qalibi adını qazanıb. Tülü kənd tam orta məktəbin şagirdi Kamilə Bayramova və Balakən humanitar və texniki təmayüllü liseyin təmsilçisi Şamxal Qurbanov ikinci yerə layiq görülüblər. Hənifə kənd tam orta məktəbin şagirdləri Polad Əhmədov və Rəsul Məmliyev üçüncü yerin sahibi olublar. 

 

Müsabiqənin qalibləri Heydər Əliyev Mərkəzi tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılıb.

 

Sifai SƏFƏROVA



20.10.2019 | 13:28