İstedadlı şagirdlərin aşkarlanması və inkişaf etdirilməsi

İSTEDAD - bir və ya bir neçə fəaliyyətin müvəffəqiyyətli icrası üçün sərf olan qabiliyyətlərin özünəməxsus birliyidir.  Şagirdyönümlü təhsilimizin əsas məqsədlərindən biri istedadlı şagirdlərin aşkarlanması, inkişafı, bilik və bacarıqlarının praktik  həyata yönləndirilməsidir. Bütün məktəblərdə çoxlu  sayda istedadlı şagirdlər var. Sadəcə onları aşkar etmək, düzgün istiqamətləndirmək, qabiliyyətlərini  inkişaf etdirmək lazımdır. Bunun üçün ən əvvəl təlim prosesinin düzgün qurulması vacibdir. Belə ki, dərs prosesində təlimin təşkilinə verilən tələblər gözlənilməlidir. Təlim strategiyası düzgün seçilməli, məqsədyönlü təlim texnologiyalarından istifadə olunmalıdır.

 

Pedaqoq ilk növbədə psixoloq olmalıdır. Şagirdin müxtəlif yaş psixologiyasına bələd olmaqla temperament və psixotipini müəyyən edə bilməlidir. Fərdi və kollektiv yanaşmalarla, müxtəlif təlim texnologiyaları tətbiq etməklə, həyati bacarıqlara əsaslanan fəaliyyətlər həyata keçirməklə şagirdin istedadının növünü müəyyən etməlidir.

 

 

Şagirdin istedadının növünü müəyyən etmiş pedaqoq həmin istiqamətdə şagirdlə işləməli, digər müəllim və valideynlərlə görüşməli, bir sözlə, istedadın inkişafına çalışmalıdır.

 

Məktəb dövründə insan 4 yaş psixologiyasını və onlara keçid dövrlərini yaşayır: Məktəbəqədər, ibtidai, ümumi orta, tam orta. Aşağı yaşda-kinestetik qavramanın yüksək olduğu dövrlərində şagirdin istedadını aşkarlamaq daha effektivdir. Yuxarı yaşlarda isə istedad təxəyyülü güclü olan şagirdlərdə daha çox gizlənir.

 

İstedadlı uşaqlarla iş təhsil prosesinin əsas problemlərindən biridir. Buna səbəb istedadlı uşaqlara fərdi yanaşmanın zəruriliyi və onların inkişaf etdirilməsidir. Ona görə də istedadlı uşaqların psixoloji xüsusiyyətlərini, istedad istiqamətlərini öyrənmək vacibdir. Çünki onlarla iş aparmaq üçün bu sahədə hazırlıq tələb olunur.

 

 

İstedadın formalaşmasında sosial mühitin, coğrafi şəraitin rolu danılmazdır, lakin ailə və məktəb daha həlledicidir.

 

Bəli, bəzən valideynlərin, müəllimlərin uşağa diqqət, qayğı göstərməməsi səbəbindən istedad cilalanıb üzə çıxa bilmir. Odur ki, insan kapitalının inkişafı ölkə iqtisadiyyatının qlobal sistemə uğurlu inteqrasiyası prosesində ən mühüm şərtlərdən biri kimi müasir təhsil sisteminin başlıca vəzifəsini təşkil edir. İstedadlı uşaqlarla fərdi işin təşkili dövlət tərəfindən təhsil işçiləri qarşısında əsas missiya kimi qoyulub.

 

Qeyd edək ki, ümummilli lider Heydər Əliyev istedadlı uşaqlara hər zaman diqqət və qayğı göstərib. Ulu öndərin 1999-cu il iyulun 29-da imzaladığı fərmanla təsdiq olunan “Azərbaycan Respublikasında Dövlət gənclər siyasətinin həyata keçirilməsi ilə bağlı tədbirlər planı”nda Təhsil, Gənclər, İdman və Turizm nazirlikləri qarşısında istedadlı uşaqların üzə çıxarılması üçün fərdi tədris proqramlarının hazırlanması mühüm vəzifə kimi qoyulub.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramının (2006 -2010-cu illər)” təsdiq edilməsi haqqında 2006-cı il 17 aprel tarixli Sərəncam imzalayıb. Burada istedadlı uşaq və gənclərin aşkara çıxarılması, onların potensial imkanlarının inkişaf etdirilməsi və səmərəli təhsil almaları üçün lazımi şəraitin yaradılması məqsədi qeyd edilib. Dövlət Proqramında qeyd edilir ki, istedadlı uşaq və gənclərin aşkara çıxarılması, onların potensial imkanlarının inkişaf etdirilməsi ötən əsrin 70-ci illərindən etibarən diqqət mərkəzində olub, bu vacib iş sahəsinin mühüm prioritetlərdən biri kimi irəli sürülərək reallaşdırılması istiqamətində ciddi addımlar atılıb: “Azərbaycanda dövlət müstəqilliyinin bərpasından sonra, xüsusən 1993-cü il iyunun 15-də görkəmli dövlət xadimi Heydər Əliyevin respublikamızda siyasi rəhbərliyə qayıdışı ilə milli-mənəvi dəyərlərin dirçəlişinə, iqtisadiyyatın, sosial sahələrin inkişafına güclü stimul verilmiş, bunlarla bərabər, ölkənin təhsil sisteminin yenidən qurulmasına, qabaqcıl dövlətlərin təhsil sistemlərinə inteqrasiya olunmasına geniş imkanlar açılmış, istedadlı uşaq və gənclərə diqqət və qayğının artırılması ölkə Konstitusiyasında təsbit edilərək, təhsil sahəsində dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilmişdir. Son illər Azərbaycanda istedadlı uşaq və gənclərin səmərəli təhsil almasını təmin etmək məqsədilə yeni tipli tədris müəssisələrinin şəbəkəsi xeyli genişləndirilmiş, lisey və gimnaziyalarda təhsilin məzmununun müasir tələblərə uyğunlaşdırılması məqsədilə yeni tədris plan və proqramları hazırlanaraq tətbiq edilməyə başlanmış, pedaqoji kadr heyətinin tərkibi ilbəil yaxşılaşdırılmışdır”.

 

2018-ci ildə “Təhsil haqqında” Qanunun 21 maddəsinə 60-dan çox dəyişiklik edilib. Yenilənmiş qanunda akademik  istedadadlı şagirdlər xüsusi nəzərə alınıb. Belə ki, beynəlxalq fənn olimpiadalarının qalibləri artıq heç bir müsabiqədən keçmədən ali məktəblərə istədikləri ixtisas üzrə qəbul oluna bilirlər. Dəyişikliyə əsasən, respublika fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qalibləri müvafiq ixtisaslar üzrə ali məktəblərə müsabiqədənkənar, dövlət büdcəsi hesabına qəbul ola və təhsil ala bilmək hüququ qazanırlar.

 

Cəmiyyət və dövlətimiz müasir problemlərinin həllini məhz sabahın qurucuları olan uşaqlardan gözləyir. 2019-cu ildə Təhsil Nazirliyinin təşəbbüsü  ilə şagird istedadının inkişafı məqsədilə nəzərdə tutulmuş, bölgələrdən şəhər mərkəzinə gəlib, xüsusi liseylərdə olimpiadalara hazırlaşa bilməyən akademik istedadlı şagirdlər üçün Gəncə, Şirvan, Şəki və Qubada dövlət büdcəsi hesabına məktəb-liseylər açılıb və istifadəyə verilib.

 

Azərbaycanı dünya miqyasında tanıdan kifayət qədər istedadlı şagirdlərimiz-olimpiada qaliblərimiz vardır. Ümid edirik, müasir təlim texnologiyalarının tətbiqi, innovativ yanaşma və sadalanan pedaqoji fəaliyyətlər nəticəsində istedadlı şagirdlərimiz daha  da ətraflı aşkarlanacaq, inkişaf  etdiriləcək, beləliklə, gələcəkdə uğur və qalibiyyətlərimiz daha da çox olacaqdır.

 

Leyla HACIYEYA,

Bakı şəhəri 39 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi



19.10.2019 | 13:23