Azərbaycan “Qlobal Rəqabətlilik İndeksi”ndə 11 pillə irəliləyib

Son illər Azərbaycanda aparılan məqsədyönlü islahatlar ölkəmizin dünya arenasında mövqeyinin, onun rəqabət qabiliyyətliliyinin güclənməsi ilə müşayiət olunmaqdadır. Ölkəmizdə digər sahələrdə olduğu kimi, təhsil sahəsində həyata keçirilən islahatlar və onların uğurlu nəticələri artıq beynəlxalq təşkilatlar tərəfindən də izlənilir və yüksək dəyərləndirilir.

 

Bu mənada Dünya İqtisadi Forumu tərəfindən bu günlərdə nəşr edilmiş “Qlobal Rəqabətlilik İndeksi 2019” hesabatı diqqətə layiqdir. Belə ki, həmin hesabatda Azərbaycan ötən ilki göstərici ilə müqayisədə 11 pillə irəliləyərək,141 ölkə arasında 58-ci yeri tutub. Bu göstərici 12 indikator əsasında müəyyən olunub ki, bunlardan 8-i üzrə ölkəmiz MDB ölkələri arasında yüksək nəticələr əldə edib.

 

Təhsilin kəmiyyət və keyfiyyət parametrlərinə əsaslanan “Bacarıqlar “  (Skills) indeksi üzrə ölkəmiz 48-ci yerdə (ötən il 54-cü yer) qərarlaşıb. Bu kateqoriyanın tərkib hissəsi olan işçilərin peşəkar inkişafı (ölkədə fəaliyyət göstərən müəssisələrin işçilərin təlim və inkişafına sərmayə qoyması) göstəricisi üzrə Azərbaycan 34-cü (ötən il 56-cı), peşə təhsilinin keyfiyyəti göstəricisi üzrə 43-cü (ötən il 49-cu), bacarıqlı işçiləri tapmaq asanlığı göstəricisi üzrə 29-cu (ötən il 31-ci) yerlərdə möhkəmlənib. Tədrisdə tənqidi düşüncə göstəricisi üzrə isə ölkəmiz 4.5 bal (maksimal bal - 7) ilə 20-ci yerdədir (ötən il 27-ci yer). Hazırda bu göstərici üzrə dünya liderliyi 5.6 bal ilə Finlandiyaya məxsusdur.

 

Hesabatın tədqiqat istiqamətlərindən biri ölkələrin innovasiyalar üzrə qiymətləndirilməsidir. İnnovasiyalar həm də təhsil sahəsi ilə sıx bağlıdır. Ölkəmizin mövqeyi “İnnovasiya” indeksi üzrə ötən ilki göstəricidən 3 pillə irəliləyərək 68-ci yerdə qərarlaşmasına səbəb olub. Bu, həm də Azərbaycanın  təhsil sistemində tətbiq olunan innovasiyaların uğurlu nəticəsidir.

 

Qeyd edək ki, ölkəmizdə təhsil sahəsində elektron tədris və xidmətlərin tətbiqinin  şəffaflıq və əlyetərliyinin təmin olunması, ümumtəhsil məktəbləri elektron şəbəkəsinin genişlənməsi, rəqəmsal bacarıqların təşviqi ilə bağlı bir sıra layihələrin həyata keçirilməsi müasir bacarıq və səriştələrə malik, kreativ düşüncəli təhsilalanların yetişdirilməsinə imkan vermişdir ki, bu da təhsil sistemimizin, bütövlükdə isə dünyada Azərbaycanın rəqabətliliyinin möhkəmlənməsinə gətirib çıxarmışdır. Bu, həm də ölkəmizin inkişafına təhsil sisteminin verdiyi töhfələr kimi qiymətləndirilə bilər.

 

Oruc MUSTAFAYEV



18.10.2019 | 14:55