Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyi ilə əlaqədar “dəyirmi masa” keçirilib. Tədbirdə BDU-nun və ADPU-nun rəhbərliyi, professor-müəllim heyətləri və tələbələri  iştirak ediblər.

 

Tədbir iştirakçıları ADPU-da fəaliyyət göstərən BDU məzunlarının elmi əsərlərindən ibarət sərgi və Türksoy kafedrası ilə tanış olublar.

 

Tədbiri giriş sözü ilə açan ADPU-nun rektoru professor Cəfər Cəfərov BDU-nun 100 illik yubileyi münasibətilə tədbir iştirakçılarını təbrik edib. Rektor çıxışında  BDU-nun zəngin tarixi keçmişə malik, Azərbaycan xalqının inkişafında böyük rol oynamış bir elm, mədəniyyət və təhsil müəssisəsi olduğunu bildirib. BDU Azərbaycan Xalq Cümhuriyyətinin bizə bir yadigarıdır. Bu 100 il ərzində universitet Azərbaycan xalqına müxtəlif sahələrdə xidmətlər etmişdir. Universitet  yüzlərlə görkəmli alim, tanınmış ictimai xadim və yaradıcı ziyalılar  yetişdirmişdir. Bu xidmətlərinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci il 14 noyabr tarixli Sərəncamı əsasında Bakı Dövlət Universitetinin 100 illik yubileyi geniş miqyasda qeyd olunur. BDU-nun 100 illik yubileyi UNESCO-da təntənə ilə keçirilib. C.Cəfərov çıxışının sonunda mötəbər yubileyin ADPU-da  keçirilməsindən məmnunluq duyduğunu bildirib və  uğurlar arzulayıb.

 

BDU-nun rektoru, dosent Elçin Babayev ADPU-nun professor-müəllim heyətini və tələbələrini salamlayaraq tədbirin təşkilinə görə universitet rəhbərliyinə təşəkkür edib. E.Babayev universitetin Azərbaycan Parlamenti tərəfindən 1919-cu ildə təsis edildiyini bildirərək 100 il ərzindəki fəaliyyətinin uğurları barədə geniş məlumat verib. Ümummilli lider Heydər Əliyevin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin universitetin inkişafına daimi diqqət və qayğısını xüsusi vurğulayıb.

 

ADPU-nun Elm və innovasiyalar üzrə prorektor, professor Asəf Zamanov 100 illik yubileyin çox əlamətdar hadisə olduğunu, BDU-nun 100 ildə çox böyük uğurlara imza atdığını vurğulayıb. Bu gün dünyada söz sahibi olan bir millətin və dövlətin varlığı həmçinin BDU-nun fəaliyyətinin məntiqi nəticəsidir. Dünyanın 70-ə qədər ölkəsində diplomatik nümayəndəliklərimizin fəaliyyət göstərməsi, Azərbaycan alimlərinin dünyanın ən nüfuzlu elm mərkəzlərində  təmsil  olunması,  milli-mənəvi  dəyərlərin qorunub saxlanılmasında Bakı Dövlət Universitetinin xüsusi payı danılmazdır. Professor A.Zamanov ADPU-da fəaliyyət göstərən BDU məzunlarının sərgidə nümayiş etdirilən monoqrafiya, dərslik və dərs vəsaitlərinin BDU kitabxanasına hədiyyə etmək qərarını bildirib. Rektor E.Babayev qiymətli hədiyyəyə görə təşəkkür etdi.

 

Sosial və humanitar məsələlər üzrə prorektor, professor Fikrət Rzayev çıxış edərək  BDU ilə bağlı xatirələrini bölüşüb, əlamətdar yubiley münasibətilə tədbir iştirakçılarını təbrik edib.

 

BDU-nun Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli çıxış edərək Azərbaycan elminin və təhsilinin inkişafında, yüksəkixtisaslı kadrların yetişdirilməsində və onların vətənpərvərlik ruhunda tərbiyə olunmasında bu ali məktəbin  böyük xidmətləri olduğunu diqqətə çatdırıb.

 

BDU-nun Sosial elmlər və psixologiya fakültəsinin dekanı, professor Hikmət Əlizadə, ADPU-nun İbtidai təhsil fakültəsinin dekanı professor Fərrux Rüstəmov BDU-nun yaranma tarixi, fəaliyyəti və inkişafı haqqında məruzələrlə çıxış ediblər.



18.10.2019 | 15:59