Vahid Əsəd: “Ölkəm adına qazandığım uğur təkcə mənim deyil...”

Bu gün bizim istedadlı şagirdlərimizin müxtəlif  beynəlxalq tədbirlərdə  uğurlu iştirakı, bilik yarışlarında, olimpiadalarda ən yüksək yerlərə layiq görülmələri qürurvericidir.  Və nə yaxşı ki, belə məktəblilərimizin sayı ildən-ilə artmaqdadır. Vahid Əsəd də bizim istedadlı şagirdlərimizdəndir. İbtidai  təhsilini Bakıdakı 53 nömrəli tam orta məktəbdə alan bu yeniyetmə hazırda  Cəbrayıl rayonu akademik  M.Mehdizadə adına  tam orta məktəbin XI sinif şagirdidir.  Uşaq vaxtlarından ədəbiyyata marağı olan Vahid Azərbaycan, eləcə də dünya klassiklərinin əsərlərini sevə-sevə oxuyub. Oxuduğu çoxsaylı  kitablar onun geniş dünyagörüşünün formalaşmasında əhəmiyyətli rol oynayıb. Müxtəlif mövzularla bağlı öz fikir və mülahizələrini sərbəst şəkildə ifadə etməsi  ilə yaşıdları arasında seçilən Vahidin kitaba olan sevgisi, yəqin ki, onun tərbiyə aldığı ailədən qaynaqlanır.

 

Gözünü açandan evdə kitaba qarşı  maraq görüb. Onun atası   filologiya üzrə fəlsəfə doktoru, dosentdir, qədim rus dili, rus əyazmaları üzrə mütəxəssisdir. Valideynləri onda lap erkən yaşlarından mütaliə mədəniyyəti formalaşdırıblar.

 

Musiqi təhsili də alan Vahid oxuduğu məktəbdə hər zaman fərqlənən, keçirilən tədbirlərdə fəallığı ilə seçilən şagirdlərdəndir.

 

2019-cu il  onun həyatında ən unudulmaz  bir il kimi qalacaq. Belə ki,  Vahid bu il Azərbaycan Respublikasının Gənclər Fondunun  Avropa Şurasının 70 illik yubileyi ilə  əlaqədar olaraq “Gələcəyin Avropalısını təsəvvür edərkən” mövzusunda keçirdiyi  inşa yazı müsabiqəsində iştirak edərək I yerə layiq görülüb.

 

Müsabiqə ilə bağlı təəssüratlarını bizimlə  bölüşən istedadlı yeniyetmə əldə etdiyi nailiyyətdən qürur duyduğunu söyləyir: “Bu, mənim həyatımda ən unudulmaz bir hadisədir.  Belə bir müsabiqənin keçirilməsi ilə bağlı məktəbimizin Azərbaycan dili və ədəbiyyat müəllimi Aysel Qarayeva bizə məlumat verərkən  artıq  qərarlaşdırdım ki, həmin müsabiqəyə qatılaraq özümü sınayım. “Gələcəyin Avropalısını təsəvvür edərkən” mövzusunda inşa yazaraq qeyd olunan elektron ünvana göndərdim”.

 

Məlumat üçün bildirək ki, müsabiqəyə ümumilikdə 3 şəhər və  11 rayondan 14-18 yaşlı  gənclərin yazdığı 63 inşa daxil olub.  İnşaların oxunub  baxılması üçün Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi,  Avropa Şurası və Azərbaycan Respublikasının Gənclər Fondunun    nümayəndələrindən ibarət münsiflər heyəti müəyyən edilib. Ad, soyad və şəhər (rayon) adları gizlədilməklə hər bir inşa Gənclər Fondu tərəfindən kodlaşdırılaraq münsiflər heyətinə göndərilib.  Müsabiqənin nəticələrinə əsasən Vahid Əsədin  yazdığı inşa I yerə layiq görülüb.

 

Deyir ki,  bu xoş xəbəri eşidəndə sevincinin hədd-hüdudu yox idi: “Bu qədər gəncin içindən seçilmək, özü də ən yüksək yerə layiq görülmək mənim kimi məktəbli üçün əlamətdar bir hadisədir. Ölkəm adına qazandığım uğur təkcə mənim deyil, eyni zamanda həm təhsil aldığım doğma məktəbimin, eləcə də mənə inanan, hər zaman dəstək verən ailəmindir. Bu nailiyyətin sevincini onlara yaşatdığım üçün özümü xoşbəxt hesab edirəm. Mənə etimad göstərən doğma məktəbimin rəhbərliyinə, üzərimdə əməyi olan hər bir kəsə minnətdarlığımı bildirirəm”.

 

Müsabiqənin qalibi olan Azərbaycanlı yeniyetmə Fransanın Strasburq şəhərində Avropa Şurasının    70 illik yubileyinə həsr edilən mərasimə də  dəvət olunub. Strasburqda olarkən  digər ölkələrdən gələn qaliblərlə birlikdə  şəhərin görməli yerləri ilə tanış olub.  Sonra Strasburq Opera evində onların təltifolunma mərasimi keçirilib.  Vahidə diplomu İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin prezidenti Linos-Alexandr Sisilyano (Linos-Alexandre Sicilianos)  təqdim edib.  Qaliblər həmçinin Fransa Respublikasının Prezidenti Emmanuel Makronla, Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriçlə,  Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Lilian Mori Paskye ilə  görüşüb və xatirə şəkilləri çəkdiriblər.

 

Bundan başqa,Vahid Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidovla, üzvləri Sevinc Fətəliyeva və Sahibə Qafarova ilə, həmçinin  Azərbaycanın Fransadakı səfiri ilə də görüşüb.

 

Vahid belə bir mötəbər tədbirdə iştirakından məmnunluq duyduğunu  bildirərək, ölkəmizdə uşaq, yeniyetmə və gənclərə dövlət başçısı İlham Əliyev tərəfindən hər zaman yüksək diqqət, qayğı göstərildiyini xüsusi qeyd edir. Nüfuzlu müsabiqədə iştirakına şərait yaratdıqlarına görə tədbirin təşkilatçılarına təşəkkürünü bildirən yeniyetmənin  ən böyük arzusu gələcəkdə səfir olmaq, Azərbaycanımızı  layiqincə təmsil etməkdir. 

 

Samirə KƏRİMOVA



18.10.2019 | 17:12