Müəllimlərin peşəkar kompetensiyalarını necə artırmalı? | |
Təhsilin inkişafı dünyada əhalinin rifah halının yaxşılaşması, həmçinin fərdin həyatının daha yüksək səviyyədə qurulması üçün zəmin yaradır. Təhsil insanlara texnologiyaları çevik mənimsəmək, əmək bazarında layiqli yer tutmaq, ömür boyu öyrənmə prosesinə qoşulmaq, sağlam həyat tərzi, ətraf mühitə münasibətdə düzgün mövqe seçmək imkanları verir.
Cəmiyyətin həyatında təhsilin rolu təkcə təhsilalanın qazandığı bilik və bacarıqların iqtisadi amilə çevrilməsi ilə məhdudlaşmır. Təhsil prosesində əldə olunan bilik və bacarıqlar, həmçinin etik-əxlaqi norma və dəyərlər hər bir təhsilalanın cəmiyyətin layiqli üzvü olması üçün lazımi şərait yaradır, onu biliyi və etik davranışı sayəsində örnək ola biləcək həmkara, nümunəvi ailə üzvünə və vətəndaşa çevirir.
Ölkəmizdə insan kapitalının inkişafı fərdin müasir bilik və bacarıqlara yiyələnməsinin hesabına öz tutumunu müəyyənləşdirəcək. İnsan kapitalının inkişafı məhz ölkənin təhsil sisteminin başlıca vəzifəsini təşkil edir.
Son 30-40 il ərzindəki elmi-texnoloji tərəqqi, innovasiyalar və modernləşmə nəticəsində praktik bilik və vərdişlərlə zənginləşməyən, sırf nəzəri xarakter daşıyan təhsil öz fundamental əhəmiyyətini itirməkdədir. Bu baxımdan, təhsilin məzmununun formalaşmasında akademik biliklərlə yanaşı, praktik bilik və bacarıqların, səriştənin vacibliyi də önə çəkilir.
Səriştə - əldə olunmuş bilik və bacarıqları praktik fəaliyyətdə effektiv və səmərəli tətbiq etmək qabiliyyətidir. O, fərdin qazandığı bilik və bacarıqların konkret fəaliyyətin nəticəsinə çevrilməsini təmin edir. Səriştəyə əsaslanan təhsil sosial-iqtisadi inkişafa daha effektli xidmət göstərir. Belə təhsil prosesini isə məhz yüksək peşə kompetensiyasına malik müəllim həyata keçirə bilər. İlk olaraq ortaya çıxan sual budur.
Müəllimlərin peşə kompetensiyası dedikdə nə başa düşülür?
Bu paradiqmanı uğurlu pedaqoji fəaliyyəti həyata keçirmək üçün vacib olan peşə və şəxsi keyfiyyətlərin cəmi kimi xarakterizə etmək olar.
Bəs uğurlu pedaqoji fəaliyyət nə deməkdir? (nəyi nəzərdə tuturuq?)
* Əldə etdiyi bilik və bacarıqları praktik fəaliyyətdə səmərəli tətbiq etmək qabiliyyəti; * Sosial həyatda özünü ifadə etməkdən çəkinməmək; * Bilikli, dürüst və vicdanlı mövqeyi olan vətəndaş yetişdirmək və s.
Bəs belə vətəndaş yetişdirmək üçün müəllim necə olmalıdır?!
- Öz ixtisası üzrə müəllimlik fəaliyyətini həyata keçirmək üçün tələb olunan qədər yüksək biliyə malik olmalı; - Yaradıcı və tənqidi təfəkkürə sahib olmalı; - Pedaqoji innovasiyalarla işləmək keyfiyyətinə malik olmalı və dəyişən pedaqoji mühitə uyğunlaşmağı bacarmalı; - Zəngin mənəvi-əxlaqi keyfiyyətlərə sahib olmalıdır.
Odur ki, müəllimin peşə kompetensiyalarının artırılması çox vacibdir. Bəs bunu hansı yollarla artırmaq olar?!
İlk olaraq müəllim tədris etdiyi fənnə yaradıcı yanaşmalı, daim mütaliə etməli, təqdimatlara meyilli olmalıdır. Yeni pedaqoji ideyaları mənimsəməli, innovativ fəaliyyətlə məşğul olmalı, pedaqoji müsabiqələrdə və qrant layihələrində iştirak etməli, şəxsi pedaqoji təcrübəsinin yayılmasına nail olmalı, İKT-dən məqsədyönlü istifadə etməlidir.
Təhsil sisteminin bütün pillələrində müəllimlərin bilik, bacarıq və peşəkarlıq qabiliyyətləri müasir tələblərə uyğun yüksəldilməlidir. Müvafiq stimullaşdırıcı mexanizmlər və səmərəli monitorinq sistemi vasitəsilə müəllim fəaliyyətinin keyfiyyəti artırılmalıdır. Peşə kompetensiyalarının formalaşdırılması prosesi mühitdən də çox asılıdır. Odur ki, mühit də peşəkar özünüinkişafa stimul verən faktora çevrilməlidir.
Peşə kompetensiyasının inkişafı elə bir dinamik prosesə çevrilməlidir ki, bu proses fərdin peşəkarlıq keyfiyyətlərinin inkişafına, təcrübələrin dama-dama çoxalmasına və müəllimin fasiləsiz olaraq təkmilləşməsinə gətirib çıxarsın.
Anlayışın genezisi
Kompetensiya, “açar kompetensiya” anlayışları ilk dəfə XX əsrin 70-ci illərində ABŞ-da biznes sahəsində tətbiq olunub. Gələcək əməkdaşın işinin keyfiyyətinin onun təşkilatda peşəkar fəaliyyətinə təsir göstərməsidir. Belə keyfiyyətlər kompetensiyalar adlandırıldı. Əvvəllər peşəkar bacarıqar konkret peşə fəaliyyətinin reallaşdırılması üçün əlaqəli olan xüsusi bilik və bacarıqlara qarşı qoyulurdu. Bu səbəbdən o, “təkmilləşmə” anlayışı ilə ziddiyyət təşkil etməyə başladı. Təbii olaraq sual ortaya çıxır: Kompetensiyaları öyrətmək olarmı? Bu səbəbdən kompetensiyanın problematikası təhsilin üzərinə düşdü və zaman-zaman aparıcı mövqe tutdu.
Tez-tez suallar verirlər: kompetentliklə kompetensiyanın fərqi varmı? İki termin mövcuddur: “competence”, mənası qabiliyyətli, bacarıqlı. Və competent (“kompetentlik”), mənası bərabərhüquqlu, səlahiyyətli, qanuni və s.
Kompetentli (lat. Competens/competentis - lazımi, qabiliyyətli). Birinci məna; kompetensiyalara malik olan, ikinci məna müəyyən sahədə məlumatlı olan. Kompetensiya (lat. Compotentia-hüquq üzrə mənsub olma) - 1)hər hansı orqanın və ya şəxsin səlahiyyətlər dairəsi; 2)şəxsin bir çox sualları idrak və təcrübə hesabına əldə etməsi;
Beləliklə, “kompetentlik” termini insanın xarakteristikasını, “kompetensiya” termini insanın nəyə malik olmasını ifadə edir (qabiliyyəti, bacarığı, səlahiyyətləri və s.).
“Kompetentlik” termini insanın bu və ya digər bacarıqları əldə etməsini ehtiva edir. Dünya təcrübəsində müəyyən fəaliyyət sahələrində kompetensiyalar 5 qrupa bölünür: Dil və kommunikasiya; yaradıcılıq və dizayn, insan və cəmiyyət, sağlamlıq və gigiyena, elm və texnika.
Bunların gerçəkləşməsi 13 fəndə öz əksini tapır: Din, xarici dil, tarix, coğrafiya, riyaziyyat, rəsmxət, biologiya, kimya, fizika, musiqi mədəniyyəti, əmək tərbiyəsi, rasional qidalanma, fiziki hazırlıq.
Təhsildə kompetentlik
“Təhsil strukturlarının nizamlanması” Avropa layihəsi çərçivəsində kompetensiyalar dəstinin müəyyənləşdirilməsinə cəhd edilib. Bunlar hər iki təhsil pilləsi - bakalavr və magistr pillələri üçün ümumidir. Bu işdə Boloniya deklarasiyasını imzalamış 16 ölkənin 100 universitetindən sorğu və məsləhətlərdə 5183 məzun, 988 professor, 944 ekspert iştirak edib (E.S.Polat, M.Ö.Buxarkina). Nəticədə kompetensiyaların 3 növü müəyyənləşdirilib.
Alət kompetensiyalar: koqnitiv qabiliyyətlər, ideyanı başa düşmək və istifadə etmək, ətraf mühiti başa düşmək və idarə etmək, vaxtı düzgün bölmək, öyrətmə strategiyasını çeşidləmək, qərar qəbul etmək, problemi həll etmək, texnoloji bacarıqlar, texnikadan istifadə etmək bacarıqları, kompüter bacarıqları, informasiyanı idarə etmək bacarığı, linqvistik bacarıqlar, kommunikativ kompetensiyalar.
Fərdlərarası kompetensiyalar: Tənqid və özünütənqid qabiliyyəti, komandada işləmək bacarığı, fərdlərarası vərdişlər, digər fənn sahələri mütəxəssisləri və ekspertlərlə işləmək, qruplarda işləmək qabiliyyəti, mədəni müxtəliflikləri qavramaq qabiliyyəti.
Sistem kompetensiyalar: biliyi praktikaya tətbiq etmək, tədqiqat aparmaq qabiliyyəti, öyrənə bilmək qabiliyyəti, yeni situasiyalara adaptasiya olunmaq qabiliyyəti, yeni ideyaları generasiya etmək qabiliyyəti, liderlik qabiliyyəti, fərdi işləmək qabiliyyəti, layihələrlə işləmək və idarəetmək qabiliyyəti, keyfiyyətə cavabdehlik daşımaq, uğurlara doğru iradə nümayiş etdirmək.
Göründüyü kimi təhsildə, kompetentlik geniş spektrə malikdir və pedaqogika, psixologiya və digər vacib fənlərin paradiqmalarını birləşdirir. Başqa sözlə, fənlərarası yanaşma tələb edir.
Görkəmli təhsil mütəxəssisləri Martinin və Bouldinin (107 yeni işə qəbul olunmuş müəllim arasında keçirdikləri sorğuya əsasən) qənaətlərinə görə, işə yeni başlayan bir çox müəllimlər müasir sinifdə real situasiyanın öhdəsindən gəlməkdə özlərini kifayət qədər hazır hiss etmirlər. Psixoloqlar güman edir ki, müvafiq kömək və dəstək olmadan işə təzə başlayan müəllimlər təcrübəli müəllimlərdən fərqli olaraq, stress və müəllimin “yanıb qurtarma”sı sindromunu yaşayırlar.
Müəllimin “yanıb qurtarma”sı - bu ümumi termin müəllimin elə bir psixi vəziyyətini xarakterizə edir ki, o zaman müəllim tədrisə qarşı dərin neqativ hiss keçirir. Yəqin ki, belə halın yaranmasına güclü stress səbəb olur. Bu zaman müəllim sinizm nümayiş etdirir, özünü tənha hiss edir, xroniki olaraq iş saatını buraxır və hətta peşəsini dəyişmək qərarına da gəlir.
Müəllimlərin işə qəbulu müsabiqəsində uğur qazanaraq yeni fəaliyyətə başlamış müəllimlərin peşəkar kompetensiyalarının artırılmasına daha çox zərurət var. Azərbaycanın regionlarında çalışan müəllimlərlə söhbətlərimizdən bəlli oldu ki, onların əksəriyyəti “yanıb qurtarmaq” sindromundan kənardırlar. Onların peşəkar kompetensiyalarının artırılması üçün sanballı vəsaitə və daima maarifçilik xarakterli söhbətlərə ehtiyac var.
Etibar ƏLİYEV, “XXI Əsr” Təhsil Mərkəzinin rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru |
|
18.10.2019 | 11:28 | |
|
|
|