“Kubok TRİZ-2019” beynəlxalq müsabiqəsinin iştirakçıları ilə görüş keçirilib | |
Oktyabrın 17-də Təhsil Nazirliyində “Kubok TRİZ-2019” beynəlxalq müsabiqəsinin iştirakçıları ilə görüş keçirilib.
Görüşdə iştirak edən Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva müsabiqənin qaliblərini təbrik edib. Məktəblilərimizin beynəlxalq yarışmalarda əldə etdiyi uğurlara toxunan Nazir müavini bu müsabiqənin gələcəkdə regionlarda da geniş təbliği istiqamətində müəyyən işlər görülməsi ilə bağlı tövsiyələrini çatdırıb.
Görüşdə iştirak edən “TRİZ Developers Summit” Beynəlxalq Assosiyasiyası adından Azərbaycandakı nümayəndəsi, “NG Creators Club”un direktoru Natiq Əliyev müsabiqə ilə bağlı təqdimatla çıxış edib. Daha sonra təmsil etdiyi qurum adından “Kubok TRİZ-2019” beynəlxalq müsabiqəsinin qaliblərini təbrik edib, Təhsil Nazirliyinin bu tədbirə dəstək olmuş məsul işçilərinə təşəkkürünü bildirib.
Təhsil Nazirliyinin tabeliyindəki Bakı Avropa Liseyinin direktoru Zülfiyyə Veysova da öz növbəsində TRİZ nəzəriyyəsinin müasir dövrdə aktuallığı barədə məlumat verib.
Daha sonra mükafatlandırma mərasimi keçirilib.
Təhsil Nazirliyinin tabeliyindəki Bakı Avropa Liseyinin şagirdlərinə diplomlar və “Qran-Pri” mükafatı təqdim edilib. Müsabiqədə iştirak edən Bakı şəhəri 160 nömrəli məktəb-liseyin məktəbliləri də diplomla təltif ediliblər. Müsabiqədə təmsil olunan ali təhsil müəssisələri arasında Milli Aviasiya Akademiyasının rektoru Arif Paşayev və akademiyanın dekanı Toğrul Kərimli xüsusi diplomla mükafatlandırılıblar.
Məlumat verilib ki, Balakən, Lənkəran, İsmayıllı, Ucar və Qobustan təhsil müəssisələrinin məktəbliləri də müsabiqədə iştirak ediblər. Bölgələr üzrə müsabiqədə iştirak edən məktəblilərə sertifikatlar;n müvafiq qaydada yerlərdə təqdim olunacağı planlaşdırılır.
Tədbirin sonunda təşkilatçılara təşəkkürnamələr təqdim edilib.
Qeyd edək ki, beynəlxalq müsabiqənin məqsədi məktəblilər, tələbələr, müəllim heyəti, həmçinin mütəxəssislərin arasında yaradıcılıq və innovasiya sahəsində motivasiyanın formalaşdırılması və peşə yönümlü fəaliyyətin əhatə dairəsinin genişləndirilməsidir.
TRİZ-in (İxtira məsələlərinin həlli nəzəriyyəsi) banisi, əslən bakılı ixtiraçı alim Genrix Altşuller olub və dünyada ilk İxtiraçılıq İnstitutu Bakıda ümummilli lider Heydər Əliyevin dəstəyi ilə 70-ci illərdə yaradılıb.
|
|
17.10.2019 | 15:35 | |
|
|
|