Müəllim peşəsini seçməkdə rəqabətlilik artır | |
Oktyabrın 17-də Təhsil naziri Ceyhun Bayramov Yeni Azərbaycan Partiyasının (YAP) mənzil-qərargahında mətbuat konfransı keçirib. Təhsil naziri təhsil sahəsindəki yeniliklər, aparılan islahatlar və qarşıdakı hədəflər barədə məlumat verib.
Ceyhun Bayramov təhsil pillələri arasında əhatəliliyin daha çox olduğu ümumtəhsil sistemində həyata keçirilən bir sıra layihələr və istiqamətlərə diqqət yetirib. Onun sözlərinə görə, ümumtəhsil sistemində təmayülləşmənin tətbiqi çox müsbət effekt verib. Bu siniflərə cəlb olunmuş şagirdlərin həm buraxılış, həm də qəbul imtahanlarında akademik göstəricilərinin xeyli yüksək olması müşahidə olunur. 2018-2019-cu illərdə müxtəlif istiqamətlərdə 47 minə yaxın şagird təmayül siniflərinə cəlb edilib.
Ceyhun Bayramov əlavə edib ki, cari tədris ilindən etibarən ümumi təhsil məktəbləri bazasında, tam orta təhsil səviyyəsində yalnız akademik istiqamətlərlə bağlı təmayül sinifləri deyil, o cümlədən də xüsusi siniflərin açılmasına da start verilib.
Təhsilalanların peşə seçiminə və əmək fəaliyyətinə hazırlanması, məşğulluğunun təmin edilməsi məqsədilə ölkəmizdə ilk dəfə olaraq müxtəlif bölgələrdə məktəb bazasında 20 peşə təhsil təmayüllü sinif təşkil edilib. Həmin siniflərin məzunları tam orta məktəbi bitirdikləri zaman attestatla yanaşı, müxtəlif peşə istiqamətləri üzrə də müvafiq sənədlər əldə edəcəklər ki, bu da onların əmək fəaliyyətinə başlamasına imkan verəcək.
Maddi-texniki baza
Təhsil naziri qeyd edib ki, ölkə rəhbərliyinin dövlət təhsil siyasətində təhsil sisteminin maddi-texniki bazasının müasirləşdirilməsinə və yeni şəraitin yaradılmasına xüsusi diqqət yetirilir. Bu məqsədlə Prezident İlham Əliyev tərəfindən çoxsaylı proqramlar, sərəncamlar imzalanıb. 2019-cu ildə 50-si modul tipli olmaqla 84 yeni təhsil müəssisəsinin tikintisi və əsaslı təmiri həyata keçirilir. Təhsil müəssisələrindən 43-ü sentyabr ayının 15-nə qədər təhvil verilib. Digər 41 məktəbdə işlər ilin sonuna qədər yekunlaşacaq.
Ceyhun Bayramov bildirib ki, təhsil sisteminin maddi-texniki bazasının müasirləşdirilməsi və yenilənməsi sahəsində görülən işlərdən danışarkən mütləq Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xüsusi xidmətlərini də qeyd etməliyik. Heydər Əliyev Fondunun xətti ilə 14 yeni məktəb binasının tikintisi, 8 məktəbin əsaslı təmiri həyata keçirilir. “Eyni zamanda, dövlət proqramına uyğun olaraq bu il ərzində 257 məktəbdə təmir işləri görülüb. Ümumilikdə götürdükdə 2003-2018-ci illər ərzində ölkədə 3200-dən artıq yeni məktəb binası tikilib və ya əsaslı təmir olunub. Nəticədə bir milyondan çox Azərbaycan şagirdinin təlim-təhsil şəraiti əhəmiyyətli şəkildə yaxşılaşıb”, - deyə Təhsil naziri vurğulayıb.
İstedadlı uşaqlarla iş
Ceyhun Bayramov qeyd edib ki, Təhsil Nazirliyi üçün mühüm istiqamətlərdən biri istedadlı işaqlarla bağlı səmərəli işin təşkilidir. Ötən tədris ilində ilk dəfə olaraq ölkənin müxtəlif regionlarında xüsusi istiqamətlər üzrə 60 belə pilot sinif yaradılıb. Bu sahədə işin müsbət nəticələri nəzərə alınaraq pilot siniflərin şəbəkəsi artırılıb və xüsusi olaraq qeyd olunmalıdır ki, Gəncə və Quba şəhərlərində Respublika riyaziyyat-informatika təmayüllü liseyin, Şəki və Şirvan şəhərində isə Respublika kimya-biologiya təmayüllü liseyin filialları açılıb. “Hesab edirik ki, Bakıda fəaliyyət göstərən liseylərin regionlarda filiallarının açılması istedadlı şagirdlərin aşkar olunması və eyni zamanda ən yüksək standartlara cavab verən təhsilin Azərbaycanın müxtəlif bölgələrində təqdim edilməsi üçün geniş imkanlar yaradacaq”, - deyə Təhsil naziri bildirib.
Təhsil naziri əlavə edib ki, bu mərkəzlər respublika və beynəlxalq olimpiadalara hazırlıq funksiyalarını yerinə yetirir. “Bu istiqamətdə də biz həm kəmiyyət, həm də keyfiyyət göstəriciləri görürük. Kəmiyyət göstəricilərinə gəldikdə, ötən tədris ilində 33 mindən çox Azərbaycan şagirdi 3 mərhələli respublika olimpiadalarında iştirak edib və biz çox yaxşı nəticələr əldə etmişik. Eyni zamanda, biz bu işin məntiqi davamı olaraq beynəlxalq olimpiadalarda da şagirdlərimizin nəticələrinin ilbəil yaxşılaşmasının şahidiyik”.
Təhsil naziri qeyd edib ki, ötən tədris ilində Azərbaycan məktəbliləri çoxsaylı dünya olimpiadalarında iştirak ediblər və ümumi nəticə ondan ibarətdir ki, bir qızıl, 17 gümüş, 22 bürünc olmaqla 40 medal əldə ediblər. “Azərbaycan məktəbliləri 5 fənn üzrə dünya olimpiadalarında iştirak ediblər, onlardan 4-ü üzrə medallar qazanıblar. Məqsədimiz ondan ibarətdir ki, növbəti illərdə 100 faizlik nəticə əldə edək”.
Yeni layihələr
Ümumtəhsil sahəsində həyata keçirilən yeni layihələr barədə danışarkən Təhsil naziri rəqəmsal bacarıqlar layihəsini xüsusi vurğulayıb. Rəqəmsal bacarıqlar layihəsini zamanımız üçün çox vacib istiqamət adlandıran Təhsil naziri bu layihənin özündə informatika fənninin yeni metodla, yeni yanaşma ilə tədrisini ehtiva etdiyini bildirib.
Layihə 100-dən çox məktəbi və 90 mindən artıq şagirdi əhatə edir, növbəti mərhələdə isə məqsəd həm bu layihədə iştirak edən məktəblərin, eləcə də şagirdlərin sayının artırılmasıdır.
Təhsil naziri bu il ilk dəfə Azərbaycan təhsil sistemində həyata keçirilən STEAM layihəsi barədə də danışıb. Nazir bildirib ki, STEAM layihəsinin tətbiq edildiyi ümumtəhsil məktəbləri Təhsil Nazirliyi tərəfindən 3D printer, robot texnologiyalar və digər zəruri təlim avadanlıqları ilə təmin edilib. Layihənin tətbiq edilməsində məqsəd müasir təhsil çağırışları əsasında inkişaf etmiş ölkələrdə tətbiq edilən təhsil yeniliklərinin ölkəmizdə həyata keçirilməsi imkanlarının öyrənilməsi və tədris edilməsidir. Növbəti ildən regionların da STEAM layihəsində iştirakının təmin edilməsi və şagirdlərin sayının 20 minə çatdırılması nəzərdə tutulur.
Müəllim nüfuzu
Təhsil naziri mətbuat konfransında təhsil islahatları çərçivəsində görülmüş məqsədyönlü işlər nəticəsində ölkədə müəllim nüfuzunun yüksəlməsi tendensiyasından danışıb və əlavə edib ki, təhsilin səviyyəsi onun müəlliminin səviyyəsindən yüksək ola bilməz. Nazir qeyd edib ki, son 5 ildə məktəblərin müəllim heyəti keyfiyyət baxımından yaxşılaşıb, 20 mindən çox gənc müəllim işə qəbul olunub. “Həyata keçirilən bütün tədbirlər cəmiyyətdə müəllimlərin işə qəbulunun obyektivliyinə inam formalaşdırıb və 2019-cu ildə müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edənlərin sayı əvvəlki illərə nisbətən xeyli artıb, müraciət edənlərin sayı 55 mini ötüb”, - deyə Ceyhun Bayramov qeyd edib.
Nazir əlavə edib ki, təhsil sahəsində aparılan əməkhaqqı islahatlarını da diqqətdən kənarda qoymamalıyıq. Müəllimlərin diaqnostik qiymətləndirilməsi aparılıb. Nəticədə 150 mindən çox müəllimin dərs yükü 1,5 dəfə, əməkhaqqı isə orta hesabla 2 dəfə artıb. Təhsil sahəsində əməkhaqlarının artırılması sistemli və davamlı xarakter daşıyır. Sentyabrın 1-dən qüvvəyə minən Sərəncam nəticəsində müəllimlərin orta aylıq əməkhaqqı təxminən 600 manatı keçib. Bu artımdan sonra ümumtəhsil sistemində çalışan 5 mindən çox müəllimin əməkhaqqı 1000 manatı ötüb.
Təhsil naziri ötən illərlə müqayisədə müəllimlik ixtisasını seçən məktəb məzunlarının sayında artım olduğunu diqqətə çatdırıb. 2019-cu ildə 500 baldan çox toplayan abituriyentlərin dörddə biri və ya 25%-i müəllimlik ixtisasını seçib ki, bu da istər müəllim peşəsinin rəqabətliliyi, istərsə də təhsilin keyfiyyəti haqqında müsbət proqnozlar verməyə imkan verir.
Oruc MUSTAFAYEV
|
|
17.10.2019 | 10:57 | |
|
|
|