Mirzə Şəfi Vazeh muzeyinə ekskursiya

Gəncə Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə tələbələr Mirzə Şəfi Vazeh Muzeyinə ekskursiya ediblər.

 

Muzeyin ekspozisiya zalı ilə tanış olan tələbələrə bələdçilər tərəfindən məlumat verilib ki, son illər sosial-iqtisadi və mədəni inkişafının coşğun dövrünü yaşayan Nizami yurdunda Prezident İlham Əliyevin tapşırıqlarına əsasən tarixi-mədəni irsin qorunması və təbliği istiqamətində görülən işlər 2017-ci ildə də davam etdirilib. Bu məqsədlə Gəncədə XIX əsrdə yaşamış Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair və tanınmış maarifçi Mirzə Şəfi Vazehin adını daşıyan muzey yaradılıb.

 

Tələbələrə M.Ş.Vazehin həyat və yaradıcılığı haqqında, eləcə də muzeydə görülən işlərlə bağlı məlumat verilib.

 

Bildirilib ki, şəhərin “Gülüstan” ərazisində yerləşən muzeyin inşasına 2016-cı ilin martında başlanıb və tikinti işləri 2017-ci ilin noyabrında sona çatdırılıb. Milli memarlıq üslubunda inşa olunan muzeyin ətrafında Mirzə Şəfi Vazehin adını daşıyan park salınıb.

 

Diqqətə çatdırılıb ki, muzeydə mütəfəkkir şairin həyat və yaradıcılığına, həmçinin qəzəllərinə, müxəmməslərinə, məsnəvilərinə və rübailərinə həsr olunmuş müxtəlif tablolar və sənədlər toplanıb.

 

Qeyd olunub ki, muzeyin ikimərtəbəli binasında sərgi və konfrans zalları, inzibati otaqlar yaradılıb. Burada şairin şeirlərinin nəşrləri, ədibin həyat və yaradıcılığına həsr olunan elmi tədqiqat və bədii əsərlər, həmçinin mütəfəkkirin 220 illik yubileyi ilə bağlı Gəncə nəşrləri nümayiş olunur.

 

Mirzə Şəfi Vazeh Muzeyi ilə tanışlıq universitet tələbələrinin marağına səbəb olub və onlarda böyük təəssürat yaradıb.



27.04.2018 | 17:48