STEAM layihəsinin tətbiq olunduğu məktəbə mediatur

Oktyabrın 16-da Səttar Bəhlulzadə adına Xarici dillər təmayüllü gimnaziyaya mediatur təşkil edilib.

 

Mediaturun məqsədi gimnaziyada STEAM fənninin tədrisi ilə bağlı media nümayəndələrini məlumatlandırmaq, onları bu ildən pilot olaraq həyata keçirilən STEAM layihəsi çərçivəsində görülən işlərlə əyani tanış etmək olub.

 

Mediaturda bildirilib ki, Təhsil Nazirliyi tərəfindən başladılan STEAM layihəsi hazırda Bakı şəhərində yerləşən 42 ümumi təhsil müəssisəsini və 6 mindən çox şagirdi əhatə edir. 

 

Layihənin tətbiq edildiyi ümumtəhsil məktəbləri Təhsil Nazirliyi tərəfindən 3D printer, robot texnologiyalar və digər zəruri təlim avadanlıqları ilə təmin edilib.

 

Daha sonra media nümayəndələri STEAM tədris otağında yaradılmış şəraitlə tanış olub, tədris prosesinin gedişatını izləyib, müəllim və şagirdlərlə söhbət aparıblar.

 

Məlumat verilib ki, STEAM təhsil metodu şagirdlərə beş sahənin, Elm (Science), Texnologiya (Technology), Mühəndislik (Engineering), İncəsənət (Art) və Riyaziyyatın (Math) birgə və inteqrasiya olunmuş şəkildə tədrisi ideyası üzərində qurulub. STEAM kurikulumu fənlərarası, praktik və tətbiqi dərslərdən ibarətdir. Elmin və texnologiyaların öyrədilməsində ənənəvi yanaşmadan fərqli olaraq, STEAM təhsili praktik məşğələlər vasitəsilə elmi, texniki biliklərin gündəlik həyatda tətbiqini şagirdlərə göstərir. Bu yanaşma şagirdlərə mühəndislik səriştələri öyrədərək, onların real həyatda problemlərin həlli zamanı tətbiqini aşılayır. STEAM fənləri şagirdləri hansı peşə seçmələrindən asılı olmayaraq həyata hazırlayır.

 

Layihənin tətbiq edilməsində məqsəd müasir təhsil çağırışları əsasında inkişaf etmiş ölkələrdə tətbiq edilməyə başlanılan təhsil yeniliklərinin ölkəmizdə tətbiq edilməsi imkanlarının öyrənilməsi və tədris edilməsidir.

 

Media nümayəndələrinin diqqətinə çatdırılıb ki, layihə ilə əlaqədar nazirlik tərəfindən steam.edu.az portalı da istifadəyə verilib. Portalda STEAM təhsili üzrə yeniliklər, layihə üzrə görülən işlər və nəzərdə tutulan tədbirlər barədə məlumatlar yerləşdirilir.

 

STEAM təhsilinin tədrisi məqsədi ilə 34 məktəbdən 104 müəllim peşəkar heyət tərəfindən keçirilən təlimlərdə iştirak ediblər.

 

Növbəti ildən regionların da bu layihədə iştirakının təmin edilməsi və şagirdlərin sayının 20 minə çatdırılması nəzərdə tutulur.

 

Sonda mediatur iştirakçılarını maraqlandıran digər suallar cavablandırılıb. 

 



16.10.2019 | 13:05