Bakı şəhər məktəblərinin uğurları və hədəfləri konfrans müstəvisində | |
Bakı şəhəri təhsil işçilərinin “Bakı təhsili: uğurlar və hədəflər” mövzusunda keçirilən konfransının iştirakçıları öncə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər.
Bakı məktəblilərindən ibarət birləşmiş xor kollektivinin ifasında dövlət himninin səsləndirilməsi ilə başlayan konfransda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Tədbirdə BŞTİ-nin müdiri Rəşad Tağıyev çıxış edərək, ölkəmizdə təhsilin inkişafına böyük diqqət göstərildiyini, Prezident İlham Əliyev tərəfindən Azərbaycan təhsilində sistemli islahatlar aparıldığını, Ümummilli Liderin təhsil siyasətinin uğurla davam etdirildiyini bildirib.
BŞTİ müdiri əldə edilmiş nailiyyətlərin məhz dövlət qayğısının nəticəsi olduğunu tədbir iştirakçılarının nəzərinə çatdırıb.
R.Tağıyev ötən tədris ilinin keyfiyyətin artırılması istiqamətində görülən məqsədyönlü işlər və parlaq uğurlarla yadda qaldığını söyləyib, həmçinin perspektiv məsələlərdən bəhs edib. 2019-2020-ci tədris ilində daha yüksək nailiyyətlər qazanılacağına əminliyini də ifadə edib.
Konfransda çıxış edən Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva Azərbaycan ümumi təhsilinin flaqmanı olan paytaxtın ümumi təhsil müəssisələrində keyfiyyətli tədris, şagirdlərin təhsilə marağının artırılması, onların bilik səviyyəsinin yüksəldilməsi, istedadlı şagirdlərin aşkara çıxarılması məqsədilə ötən tədris ilində görülən işləri və reallaşdırılan layihələri yüksək qiymətləndirdiyini bildirib.
Nazir müavini təhsil sahəsindəki uğurlardan və mövcud problemlərin həlli istiqamətində atılacaq addımlardan danışıb. M.Vəliyeva respublika üzrə bilik yarışlarında, beynəlxalq olimpiadalarda və ali məktəblərə qəbul imtahanlarında uğur qazanan şagirdlərin sayının ilbəil artdığını bildirib.
Nazir müavini tədris prosesinin təşkili, məktəblilərin dərs yükü, təcrübə mübadiləsi, şagird və valideynlərlə işin düzgün qurulması, monitorinqin səmərəli aparılması, məktəbdaxili qiymətləndirmə və digər vacib məsələləri nəzərə çatdırıb.
M.Vəliyeva eyni zamanda məktəb idarəetməsi, məktəblərin reytinqi, müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması, təmayülləşmə və ümumilikdə, tədrisin keyfiyyətinin yüksəldilməsi kimi məsələlərin növbəti tədris ilində əsas prioritet istiqamətlərdən olacağını vurğulayıb.
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə çıxışı zamanı bildirib ki, təhsil sahəsində həyata keçirilən məqsədyönlü islahatlar, dövlət tərəfindən təhsil işçilərinə göstərilən qayğı razılıqla qarşılanır və müsbət nəticələrlə müşayiət olunur. Əldə olunan uğurlar cari tədris ilində də inkişaf dinamikasının qorunub saxlayacağını deməyə əsas verir. . Tədbir bədii kompozisiya ilə yekunlaşıb. |
|
15.10.2019 | 12:46 | |
|
|
|