Peşə təhsilinin nüfuzunu artırmaq hədəflənib | |
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Sənaye – peşə təhsili: birgə əməkdaşlıq, birgə inkişaf” mövzusunda keçirilən konfransda Təhsil naziri Ceyhun Bayramov bildirib ki, bu gün qarşıda duran əsas çağırışlardan biri peşə təhsilinə marağın və onun nüfuzunun artırılmasıdır. Onun sözlərinə görə, dövlət başçısı İlham Əliyevin Fərmanına əsasən, “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi” təsdiq edilib. Yol xəritəsində işəgötürənlərin peşə təhsili və təlimi sisteminə inteqrasiyası əsas strateji hədəflərdən biri kimi müəyyənləşdirilib.
Təhsil naziri diqqətə çatdırıb ki, təhsilalanların peşə seçiminə və əmək fəaliyyətinə hazırlanması, məşğulluğunun təmin edilməsi məqsədilə ölkəmizdə ilk dəfə olaraq peşə təmayüllü siniflərin yaradılmasına başlanılıb, növbəti tədris ilində isə bu siniflərin sayının və əhatə dairəsinin artırılması nəzərdə tutulub.
Azərbaycan və Koreya hökumətləri arasında razılaşmaya uyğun olaraq Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində bütün növ zəruri avadanlıqlar, təlim və tədris vəsaitləri ilə təchiz olunmaqla nümunəvi təhsil müəssisəsi yaradılıb. Mərkəzdə təhsilalanların bilik və bacarıqlarının inkişaf etdirilməsi üçün əlverişli şərait yaradılıb, iqtisadiyyatın inkişafı üçün belə müəssisələrin yaradılması böyük əhəmiyyət daşıyır. Əmək bazarının dəyişən tələblərinə uyğun rəqabətqabiliyyətli kadr hazırlığı üçün belə mərkəzlərin fəaliyyəti önəmlidir.
Təhsil naziri qeyd edib ki, Peşə Təhsil Mərkəzində gələn ildən yüksək texniki peşə təhsilinə qəbul və sənayenin tələbləri əsasında qısamüddətli kursların təşkili ilə tələbələrin sayı 1000 nəfərə çatdırılacaq.
Tədbirdə məlumat verildi ki, Təhsil Nazirliyi tərəfindən 7 pilot peşə təhsili müəssisəsinin tikintisi və yenidən qurulması ilə bağlı işlərə start verilib. Bu, Bakı, Sumqayıt, Saatlı, Bərdə, Mingəçevir, Cəlilabad və Lənkəran rayonlarını əhatə edir.
“Azərbaycan peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”ndə ilkin mərhələdə 2020-ci ilədək müxtəlif istiqamətli 10 pilot peşə təhsil müəssisəsinin qurulması hədəf indikator olaraq müəyyən edilib.
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Qəbələ Peşə Təhsil Mərkəzi artıq istifadəyə verilib.
Təhsil naziri Ceyhun Bayramov bildirib ki, Təhsil Nazirliyi Strateji Yol Xəritəsinə əsasən, pilot peşə təhsili müəssisələrinin müasir standartlara cavab verməsi və tələbata uyğun fəaliyyət göstərə bilməsi üçün onların əsaslı təmiri və ya yeni peşə təhsili müəssisələrinin tikintisi sahəsində 2020-ci ilə qədər qarşıya qoyulan hədəflərə çatmaq üçün səylə çalışır.
Nazirin sözlərinə görə, peşə təmayülü üzrə təhsil alan şagirdlər təhsili başa vurduqda tam orta təhsil haqqında sənədlə yanaşı, öyrəndikləri peşə üzrə təhsil sənədi də əldə edəcəklər ki, bu da onların əmək fəaliyyətinə başlamasına imkan verəcək.
İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov öz növbəsində peşə təhsili və sənaye arasında əlaqələrin daha da dərinləşdirilməsi istiqamətində güclərin səfərbər edilməsinin vacibliyini qeyd edib.
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimli də çıxışında iqtisadiyyatın gücləndirilməsi istiqamətində peşəkar kadrların əvəzsiz rol oynadığını və birgə əməkdaşlığın daha səmərəli nəticələrin əldə edilməsinə şərait yaradacağını diqqətə çatdırıb.
Konfransda Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Pərviz Yusifov “Peşə təhsilinin sənayenin inkişafında rolu”, layihə mütəxəssisi Myonqon Şin isə “Koreyanın texnoloji inkişafının Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində tətbiqi” mövzusunda təqdimatlarla çıxış ediblər.
Tədbirin sonunda konfrans iştirakçıları Koreya təhsil standartları əsasında inşa edilən Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin maddi-texniki bazası və tədris prosesi ilə tanış olublar. |
|
15.10.2019 | 11:49 | |
|
|
|