Öyrədici seminarlar keçirilir | |
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində öyrədici seminarlar keçirilir.
Seminarların əsas məqsədi müəllimlərə dərsliklərin konsepsiyasını izah etmək, dərsliklərlə iş və tədris zamanı qarşıya çıxan problemlərin həlli yollarını müəyyənləşdirməkdən ibarətdir.
Təlimə Dəstək Mərkəzi tərəfindən təşkil olunan seminarlar çərçivəsində müəllimlər ilə məktəbəhazırlıq üzrə yeni istifadəyə verilmiş tədris resurslarının müəllifləri arasında görüşlər də təşkil olunur.
Bakının 12 inzibati rayonu üzrə keçirilən seminarlarda dərslik müəllifləri fənn kurikulumunun inkişaf sahələri və alt standartları barədə müəllimləri məlumatlandırır, pedaqoji heyətə tövsiyələr verirlər. Həmçinin müəlliflər məktəbəhazırlıq üzrə yeni istifadəyə verilmiş tədris resursları və metodik vəsaitlərin məzmun və strukturu ilə tanışlıq, oxu savadlılığı, dərslikdə verilən mətnlər arasında əlaqənin düzgün qurulması və digər məsələlər haqqında da ətraflı məlumat verir, müəllimləri maraqlandıran sualları cavablandırırlar.
Qeyd edək ki, 2019-2020-ci dərs ilində Təhsil Nazirliyinin “Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə” əmrində və “Müasir dövrdə ümumi təhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” əmri ilə təsdiq olunmuş Fəaliyyət Planında müəyyən edilmiş hədəflərin yerinə yetirilməsi istiqamətində keçirilən öyrədici seminarların və məktəbəhazırlıq üzrə yeni istifadəyə verilmiş dərslik müəllifləri ilə görüşlərin cari ilin sonunadək davam etdirilməsi planlaşdırılır.
|
|
14.10.2019 | 10:24 | |
|
|
|