“Özünü inkişaf etdirmə müəllim peşəsini seçənlərin əsas hədəflərindən biri olmalıdır”

Ramin Dəmirov 2012-ci ildə Lənkəran Dövlət Universitetinin tarix fakültəsini bitirib. Müəllimlik fəaliyyətinə 2012-ci ildə İmişli rayon Rəsullu kənd tam orta məktəbində başlayıb. Müəllimlərin diaqnostik qiymətləndirilməsində 51 bal toplayıb. Gənc müəllim söhbətə bu peşəyə olan sevgisi ilə körpü saldı.

 

- Ramin müəllim, belə bir ənənəvi sualımız var. Niyə müəllim olmağa qərar verdiniz?

 

- Lap uşaq yaşlarımdan idmançı olmaq istəyirdim. Uzun illər bu istəklə yaşamışam. 9-cu sinifdə oxuyanda ali təhsili müəyyən, peşə seçimini etmək lazım gəldi. Tarix fənninə isə həmişə böyük marağım var idi. Bu peşəni seçməkdə tarix müəllimi olan əmim Vəkil Dəmirovun çox böyük təsiri oldu. Peşə seçimimdə ən uğurlu və ən düzgün yol göstərdi mənə.  İndi isə bu peşəyə sahib olduğum üçün çox xoşbəxtəm.

 

Qeyd edim ki, tarixin müxtəlif zamanlarında olmuş hadisələri öyrənib təhlil etmək, müstəqil qərarlar çıxarmaq və eyni zamanda oxuduğum tarixi əsərlərdən zövq almağıma görə bu fənni sevirəm. Uşaqlıq illərindən bu fənnə olan böyük sevgimdən tarixçi olmaq istəmişəm. Başqa fənlərə marağım olsa da, o fənləri tarix qədər öyrənə bilməmişəm.

 

Müəllim işi çox zəhmət tələb edən, fəxr edilən bir işdir. Artıq hiss edirəm ki, uşaqlarla işləmək məndə bu işə böyük həvəs və sevgi yaradıb.

 

- Şagirdləriniz bu fənni sevirlərmi? Əgər şagirdləriniz “nəyə görə tarixi öyrənməliyik?” soruşsalar, cavabınız nə olardı?

 

- Bəli, bu fənni sevən şagirdlərim var. Sualın ikinci hissəsi ilə bağlı deyərdim ki, keçmişi bilmədən bu günü və gələcəyi qurmaq olmaz. Tarixi öyrənməklə onlar başqlarının səhvlərindən nəticə çıxarmağı biləcək. Şagirdlərə elə cavabım bu olardı. Əlavə olaraq onu da deyim ki, hər bir müəllim öz fənnini şagirdlərə sevdirməlidir. Elə fəaliyyətimin ilk günlərindən bu fikri əsas tutmuşam. Şagirdlərin demək olar ki, elə hamısı ölkəmizin, vətənimizin tarixini öyrənməyə daha çox maraq göstərirlər. Gələcəyin tarixçiləri, məncə, indiki nəsildən yetişməlidir.

 

- Lazım olan nəticəni əldə etmək üçün şagirdlərdə hansı keyfiyyətləri inkişaf etdirmək lazımdır?

 

- Fikrimcə, şagirdlərdə obrazlı düşünmə, möhkəm yaddaş, ixtiraçılıq və qeyri-standart qərarların qəbul edilməsi kimi keyfiyyətləri inkişaf etdirmək lazımdır. Bundan başqa, onlara psixologiya, iqtisadiyyat, siyasi və s. elmləri də öyrətmək məqsədəuyğundur.

 

- Bu gün əldə etdiyiniz nəticəyə hansı yolu keçərək gəldiniz?

 

- Bu nəticəyə daha çox mütailə etmək və daha çox çalışmaqla gəldim. Elə bir gün olmaz ki, həmin gün mütailə etməyim. İnternet üzərindən məlumatlara baxsam da, əsas üstünlüyü kitablara verirəm. Fənni yaxşı öyrətməyin ən əsas amilini mütaliədə görürəm.

 

- Tarixin tədrisində ən çox xoşladığınız və şagirdlər tərəfindən çətin mənimsənilən mövzular varmı?

 

- Mənim ən çox xoşladığım bölmə Azərbaycan Səfəvilər dövləti bölməsidir. Şagirdlərin isə ümumi tarix fənnindən Çin və Yaponiya ilə yanaşı, dünya xalqlarının mədəniyyəti mövzularını öyrənməkdə müəyyən çətinlikləri olur.

 

- Siz tarix dərsliyi yazsaydınız, hansı mövzuları daha çox əhatə edərdiniz?

 

- Həm Azərbaycan tarixində, həm də ümumi tarixdə türk xalqları ilə bağlı mövzuların daha geniş yazılmasına diqqəti çox ayırardım.

 

- Şagirdləriniz suallarınıza və ya tapşırıqlarınıza standartdan kənar cavab verəndə buna münasibətiniz necə olur?

 

- Bu kimi halları, əlavə olaraq şagirdlər öz əsaslı fikirləri ilə mövqelərini bildirəndə onları  alqışlayıram. Belə hallarda şagirdlərimi yüksək qiymətləndirirəm. Bunun üçün onlara dərslikdən başqa, əlavə məlumatları və ədəbiyyatları oxumaq lazımdır. Bəzi tarixi məlumatları daha dərindən öyrənmək üçün isə özüm şagirdlərə əlavə ədəbiyyatlar verirəm. Bu da onlarda fənnə marağı artırır.

 

- Valideynlərin övladlarının təhsilinə münasibətləri necə olmalıdır? Bunu müəllim baxışı ilə necə dəyərləndirərdiniz?

 

- Burda belə bir məktəb-şagird-valideyn mexanizmi işləməlidir. Bu əlaqədə əməkdaşlıq və anlaşma mütləqdir. Həmişə şagirdlərdən daha çox oxumağı, öyrənməyi tələb etmək lazımdır. Valideynlər övladlarının gündəlik tapşırıqları yerinə yetirmələrini nəzarətdə saxlamalıdırlar. Müvəffəqiyyət - böyük bir zəhmətin bəhrəsidir. Hər şeyə bir anda nail olmaq mümkün deyil. Valideynlər övladlarının uğurlarını onların təhsilində görməlidirlər.

 

- Sizin çox yaxşı bir pedaqoji kollektiviniz var. Müəllimlərlə ünsiyyətiniz necədir, onlarla təcrübə mübadiləsi edirsinizmi?

 

- Təbii ki, pedaqoji şura ilə yanaşı, məktəbimizdə fənn metodbirləşmələri var. Elə mən özüm fənmetodbirləşmə rəhbəriyəm. Tez-tez Azərbaycan dili və ədəbiyyatı, coğrafiya müəllimləri ilə birgə maraqlı layihələr hazırlayırıq. Elə bu günlərdə məktəbimizin yuxarı sinif şagirdlərindən təşkil olunmuş coğrafiyaçılar və tarixçilər komandaları arasında bilik yarışı keçirildi.

 

- Ramin müəllim, bu peşənin inkişafı və gələcək perspektivlər haqqında nə deyərdiniz?

 

- Gələcəyin ixtisasları və peşələri ilə bağlı həm çap, həm də online mətbuatda tez-tez müxtəlif məlumatlar dərc olunur. Güman edirəm ki, informasiya cəmiyyətində müasir uşaqlarla işləmək üçün yeni formalar, yeni üsullar icad olunacaq. Amma heç bir zaman müəllimləri robot-müəllimlər əvəz etməyəcək. Mükəmməl insanı yetişdirmək üçün həmişə cəmiyyətin müəllimə ehtiyacı olacaq.

 

- Bu peşəni seçmək istəyənlərə nə tövsiyə edərdiniz?

 

- Bu peşəni ağıllı, enerjili, uşaqlara və tədris edəcəyi fənnə dərin məhəbbəti olanların seçməsini tövsiyə edərdim. Fikrimcə, özünü inkişaf etdirmək arzusunun olması da bu peşədə ən vacib məsələlərdən biridir. Özünü inkişaf etdirmə bu peşəni seçənlərin hədəflərindən biri  olmalıdır.

 

Vilayət ƏLİYEV,

İmişli Rayon Təhsil Şöbəsinin  ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi



27.04.2018 | 15:26