“Bir kənddən bir şəhərə” | |
Təhsil Nazirliyinin elan etdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsinin qalibi olan “Bir kənddən bir şəhərə” layihəsi uğurla həyata keçirilir.
Layihənin yekunlaşan ilk ayında 5 müxtəlif görüş təşkil olunub. İlk olaraq 4 təlim həyata keçirilib. Təlimlərdə “Şagird-müəllim münasibətlərinin formalaşması”, “Məktəbimdə görmək istəyirəm”, “10 il sonra özümü görürəm” adlı görüşlər keçirilib. Müəllim və şagirdlər üçün nəzərdə tutulan görüşlər peşəkar təlimçilər tərəfindən həyata keçirilir. Göygöl rayon Pənahlı, Dozular və Hacıməlik kənd 1 nömrəli tam orta məktəblərində keçirilən görüşlərdə rayonun müxtəlif məktəblərindən 20 müəllim cəlb edilib. Layihənin növbəti 2 ayında isə görüşlər Gəncə şəhər ümumtəhsil məktəblərində keçiriləcək. Görüşlər Gəncə şəhər M.Müşfiq adına 14, M.Hadi adına 10 və A.Nekrasov adına 19 nömrəli tam orta məktəblərdə keçiriləcək.
Qeyd edək ki, layihənin keçirilməsində məqsəd qabaqcıl məktəblərin iş təcrübəsini öyrənmək və tətbiq etmək, məktəblərin və müəllimlərin təcrübə mübadiləsini təşkil etmək, qabaqcıl iş təcrübəsinə malik müəllimlərin ustad dərslərini təşkil etmək, layihəyə cəlb edilmiş məktəblərin istedadlı şagirdlərini aşkara çıxarmaq və onların istedadları çərçivəsində fəaliyyətlərini nizamlamaq, məktəblərdə sağlam rəqabət mühitinin formalaşmasına nail olmaq, pedaqoji kollektivlərdə birgə əməkdaşlığa marağı gücləndirməkdir.
Raminə MƏMMƏDOVA, Göygöl Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi |
|
12.10.2019 | 13:35 | |
|
|
|