“Öyrənməyi, düşünməyi şagirdlərimizə dərindən öyrətməliyik” | |
Rəşad Qədirov 1988-ci ildə Şəki rayonunun Sarıca kəndində anadan olub. 2006-2010-cu illərdə Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialının Fizika-riyaziyyat fakültəsində təhsil alıb. 2017-ci ildə Müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edərək Gəncə şəhər N.Rəfibəyli adına 43 nömrəli tam orta məktəbdə riyaziyyat müəllimi olaraq pedaqoji fəaliyyətə başlayıb. 2017-2019-cu illərdə Gəncə şəhəri üzrə təhsil meneceri vəzifəsində çalışıb. Təhsildə inkişaf və innovasiyalar üzrə II qrant müsabiqəsində “Fənn müsabiqələrinə hazırlıq qrupunun yaradılması” layihəsi ilə qalib olub. Gənc müəllim 2019-cu tədris ilindən etibarən Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin Gəncə şəhərindəki filialına kordinator təyin edilib.
- Rəşad müəllim, qalib olduğunuz qrant layihə çərçivəsində hansı işlər görülüb və bu işlər şagirdlərin fənn müsabiqələrindəki nəticələrinə necə təsir edib? - Məlumdur ki, fənn müsabiqələrinin keçirilməsində əsas məqsəd istedadlı uşaqların aşkar olunması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, aşağı sinif şagirdlərinin müxtəlif fənlərə olan marağının artırılması, onlarla məqsədyönlü işlərin aparılması və beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərinə namizəd şagirdlərin müəyyən edilməsindən ibarətdir. Buna uyğun olaraq Gəncə şəhər ümumtəhsil məktəblərində “Fənn müsabiqələrinə hazırlıq qrupunun yaradılması” layihəsi böyük maraqla qarşılanıb. Layihə çərçivəsində iştirak edən şagirdlər həmin tədris ilində yüksək nəticələr göstəriblər. Belə ki, şagirdlər fənn müsabiqələrinin respublika mərhələsində 2 qızıl, 1 gümüş və 3 bürünc medal əldə ediblər. Mənim fikrimcə bu uğur layihənin ən böyük uğurudur.
- Riyaziyyat fənninin üstünlüyü sizə görə nədən ibarətdir? - Riyaziyyat hər kəsə düzgün və dəqiq fikirləşməyi öyrədir. Az və əsas danışmaq kimi bir xüsusiyyət formalaşdırır. Hər hansı bir şəxs saatlarla danışıb, insanlar üçün o qədər də vacib olmayan məlumatlar verə bilər, ancaq riyaziyyatçı hər zaman əsas məlumatları qısa müddətə çatdırmağı bacarır. Bundan başqa, riyaziyyatçı araşdırma etməyi sevən biridir. Yəni, qarşılaşdığı hər hansı bir sualı və ya naməlum olan bir mövzunu tam dəqiqliyi ilə öyrənmədən o mövzunun üzərindən keçməz. Öyrənməyi, düşünməyi, sorğulamağı və araşdırmağı biz şagirdlərimizə dərindən öyrətməliyik. Onlar bilməlidirlər ki, heç də bütün mövzular hazır formada öyrənməyimiz üçün bizə təqdim edilməməlidir. Biz araşdırıb, öyrənib təkmilləşməliyik. Çünki riyaziyyat elə bir fəndir ki, o təxmin etməyi sevmir, dəqiqliklə həyata keçirilməyi sevir.
- Məlumdur ki, respublikamızın müxtəlif şəhər və rayonlarında lisey siniflər fəaliyyətə başlayıb. Siz də Gəncə şəhərində fəaliyyət göstərən lisey siniflərinə kurator təyin edilmisiniz. Bu sahədə hansı işlər görülür və şagirdlərin yeni siniflərə marağı necədir? - Yeni yaradılan lisey siniflərinə şagird qəbulu iki mərhələdə aparılıb. İlkin mərhələdə fənn müsabiqəsi qalibləri birbaşa lisey siniflərdə oxumaq şansı qazanıblar. İkinci mərhələdə isə 6, 7, 8 və 9-cu siniflərin şagirdləri imtahanlarda iştirak edərək göstərdikləri nəticəyə uyğun lisey siniflərində təhsil almaq hüququ əldə ediblər. Bölgələrdə istedadlı uşaq və gənclərin potensial imkanlarının aşkarlanması, inkişaf etdirilməsi və onların səmərəli təhsil almaları üçün lazımi şəraitin yaradılması məqsədilə təşkil olunan lisey siniflərində tədris yüksək səviyyədə həyata keçirilir. Burada çalışan müəllimlər Müəllimlərin işə qəbulu və ya Diaqnostik Qiymətləndirmə balı, həmçinin tədrisdəki bacarığı nəzərə alınaraq seçiliblər. Artıq tədrisin ikinci həftəsindəyik, şagirdlərimiz dərsə böyük maraq göstərirlər. Ümid edirik ki, bu tədris ilində Respublika fənn müsabiqələrində Gəncə məktəbliləri yüksək nəticələr əldə edəcəklər.
- Müəllim üçün ən böyük stimul nədir? - Birmənalı olaraq ən böyük stimul şagirdlərin nailiyyətidir. Məktəbdən və istənilən təhsil müəssisəsindən gözlənilən onun uğurlu nəticəsidir. Biz müəllimlər ilk öncə xalqımız və dövlətimiz üçün yüksək dünyagörüşlü, bilikli , bacarıqlı şəxsiyyətlər yetişdirməliyik. Əgər bir sinifdə 20 şagird təhsil alırsa, onların hamısı ali təhsilli olacaq deyə bir şərt yoxdur. Ancaq onların hər biri vətənini sevən şəxsiyyət kimi yetişməlidirlər.
- Gənclərə, tələbələrə, gələcəkdə müəllim olmaq istəyən hər kəsə nə demək istərdiniz? - Mən ümumtəhsil məktəbini bitirdiyim vaxt qarşıma bir məqsəd qoydum ki, müəllim olmalıyam. Çünki öyrətməyi çox sevirdim. Öz müəllimlərimdən gördüyüm diqqət və dəstəyi mən də şagirdlərimə göstərmək istəyirdim. Çox sevinirəm ki, artıq məqsədimə nail olmuşam.
Raminə MƏMMƏDOVA, Gəncə Şəhər Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi |
|
13.10.2019 | 12:43 | |
|
|
|