Məqsəd uğurlara istiqamətlənərsə... | |
Təhsil sahəsinin inkişaf etdirilməsi, ölkəmiz üçün savadlı kadrların və layiqli vətəndaşların yetişdirilməsi təhsilimizin qarşısında duran əsas vəzifələrdəndir. Ölkə Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təhsilə diqqət və qayğısı ildən-ilə artaraq bu sahənin inkişafını sürətləndirib. Bu qayğının nəticəsi olaraq hər il məktəb infrastrukturu yenilənir, yeni məktəb binaları tikilərək müəllim və şagirdlərin istifadəsinə verilir.
Bütün bölgələrdə oldugu kimi, yeni tədris ilində Masallıda da üç yeni məktəb binası istifadəyə verilib. Göyəçöl kəndində 264 yerlik tam orta, Şixlar kəndində 56, Bala Təklə kəndində isə 96 yerlik modul tipli məktəblər müasir standartlara cavab verməklə şagird və müəllimlər üçün geniş imkanlar açır. Dövlət başçısı tərəfindən təhsilə göstərilən bu diqqət və qayğı müəllimləri sevindirir, eyni zamanda onların məsuliyyətini daha da artırır. Masallı rayon təhsil işçiləri də bu diqqətdən ruhlanaraq məktəblilərə daha yüksək keyfiyyətli təhsil verməyə çalışırlar. Yeni dərs ilinə yeni hədəflərlə başlayan Masallı təhsil işçiləri üçün 2018/2019-cu tədris ili bir sıra uğurlarla yadda qalıb.
Belə ki, 2018-2019-cu tədris ili üçün ümumtəhsil məktəb müəllimlərinin iştirakı ilə Pedaqoji mühazirələr keçirilərək Masallı RTŞ-nin təşkilat komitəsi tərəfindən dinlənilib. Nəticə olaraq, Bədəlan kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi Məhbubə Şahbazova Tərifnamə, şəhər 3 nömrəli tam orta məktəbin coğrafiya müəllimi Füzuli Nuriyev III, Mololon kənd tam orta məktəbinin direktoru Ağamməd Şəmədov isə I yerlərə layiq görülüblər.
Təhsil sistemində mühüm önəm daşıyan məsələlərdən biri də istedadlı şagirdlərin aşkar edilməsi, onlara diqqət və qayğının artırılmasıdır. Bu məqsədlə RTŞ-də istedadlı şagirdlərin məlumat bankı yaradılıb.
2018-2019-cu tədris ilində Respublika Fənn Olimpiadalarının final mərhələsində S.Xəlilov adına Qızılağac kənd 1 nömrəli tam orta məktəbin X sinif şagirdi Toğrul Səfərli coğrafiya fənni üzrə I, Sığdaş kənd tam orta məktəbinin XI sinif şagirdi Şəhla Sadıxova isə Azərbaycan dili və ədəbiyyat fənni üzrə III yerlərə layiq görülüblər. Həmçinin, Şəhla Sadıxova XI sinif buraxılış imtahanlarında yüksək nəticə göstərdiyinə görə qızıl medalla da təltif olunub.
30 mart 2019-cu il tarixdə Lənkəran Dövlət Universitetinin təşkilatçılığı ilə fizika, riyaziyyat, kimya, biologiya və informatka fənləri üzrə keçirilən fənn olimpiadalarında Bambaşı kənd tam orta məktəbinin XI sinif şagirdi Fərid Rufullayev II, Şərəfə kənd tam orta məktəbinin XI sinif şagirdi Surə Seyfullayeva II, Qızılağac kənd 1 nömrəli tam orta məktəbin X sinif şagirdi Toğrul Səfərli yüksək bilik nümayiş etdirərək I yerlərə layiq görülüblər.
Respublika Uşaq Yaradıcılıq Festivalının 8-10 iyun tarixlərində keçirilən final mərhələsində Dəmirçi kənd ümumi orta məktəbin IX sinif şagirdlərindən ibarət komandası dram müsabiqəsi üzrə ikinci olub.
Azərbaycan Dillər Universitetinin dəstəyi ilə fevralın 7-də keçirilən Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş inşa yazı müsabiqəsində Ərkivan qəsəbə C.Cabbarlı adına 1 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Jalə Məmmədli II yeri tutub.
“Ədəbiyyat biliciləri” respublika müsabiqəsinin rayon turu ümumtəhsil məktəblərini tam əhatə edib, müsabiqədə ən istedadlı şagirdlərin iştirakı təmin olunub. Müsabiqənin respublika mərhələsinə 3 şagird vəsiqə qazanıb.
Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsinin rayon mərhələsi uğurla keçirilib, rayon mərhələsinin qalibi Yolağac kənd tam orta məktəbinin XI sinif şagirdi İlkanə Sovziyeva olub. O, müsabiqənin respublika mərhələsində II yerə layiq görülüb, diplomla mükafatlandırılıb.
2018-2019-cu tədris ilinin XI siniflər üzrə buraxılış imtahanlarında şəhər 4 nömrəli Digah tam orta məktəbinin şagirdi Şəhriyar Səmədov 300 mümkün balı toplayaraq Respublikada 2 şagirddən biri olub.
AFFA-nın təşkil etdiyi VII sinif şagirdləri arasında “Coca-Cola” məktəbli kubokunun respublika final mərhələsində şəhər 4 nömrəli Digah tam orta məktəbinin komandası I yerə layiq görülərək Respublika çempionu adını qazanıb.
24-26 aprel 2019-cu il tarixdə Təzə Alvadı kənd 2 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Nərmin Babayeva Bakı şəhərində “Sərhədçi” İdman Kompleksində keçirilən ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş idmanın cudo növü üzrə azyaşlılar arasında respublika birinciliyində II yerdə qərarlaşıb.
Respublika XI Rus dili olimpiadasında Şatıroba kənd tam orta məktəbinin VIII sinif şagirdi Səbinə Cəfərova I, Yeddioymaq 1 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Dilbər Quliyeva II, şəhər 4 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Firuzə Nazarlı isə III yerlərə layiq görülüblər.
Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsində Ümumi təhsil kateqoriyası üzrə Banbaşı kənd tam orta məktəbi, fərdi kateqoriyalar üzrə Çayqıraq kənd ümumi orta məktəbin informatika müəllimi Rabil Abdinov, Mollahəsənli kənd tam orta məktəbinin ingilis dili müəllimi Cavad Cəfərəv, şəhər 1 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Araz Şahverdiyev və Bədəlan kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi Məhbubə Şahbazova qalib olublar.
Mahmudavar kənd tam orta məktəbinin şagirdi Aytac Qafarova IX siniflər üzrə buraxılış imtahanlarının II mərhələsində 90 suala cavab verərək 100%-lik nəticə göstərib.
Masallı təhsili IX-XI sinif buraxılış imtahan nəticələrinə görə reytinq cədvəlində 8 pillə irəliləyib.
2018/2019-cu tədris ilində rayon təhsil şöbələrinin hesabatlarının nəticələrinə görə Təhsil Nazirliyinin müvafiq əmrlərində təsbit edilmiş hədəflərin yerinə yetirilməsi bir sıra şəhər və rayonlarda, eləcə də Masallıda daha qənaətbəxş olub.
Masallı təhsil işçiləri bu tədris ilində də təhsilin inkişafı üçün səylərini əsirgəməyəcəklər.
Şakir CƏFƏROV |
|
11.10.2019 | 19:23 | |
|
|
|