“Bu sərgi bizə universitetimizi geniş arenada təbliğ etmək imkanı yaradır” | |
Ukraynanın Xarkov Radioelektronika Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Murad Ömərov sərgi haqqında təəssüratlarını bizimlə bölüşüb. Sərginin yüksək səviyyədə təşkil olunduğunu deyən qonaq bu kimi sərgilərin universitetlərin yaxından tanınmasında xüsusi əhəmiyyəti olduğunu deyib: “Universitetimiz Ukraynada böyük nüfuza malik ali təhsil müəssisələrindəndir. 90 yaşlı universitetimizdə hazırda əsasən İT mütəxəssisləri hazırlayırıq. Universitetdə mövcud olan fakültələrin 70%-i İT, digər 30%-i isə elektronika sahələrini əhatə edir. Hələ Sovetlər Birliyi dövründə elektronika üzrə xüsusi kadrlar hazırlayan universitetimiz bu sahədə beynəlxalq arenada öz sözünü demiş təhsil ocaqlarındandır. Universitetimiz həm də Ukraynada İT və kiber təhlükəsizliyi üzrə baza universiteti kimi tanınır. Diqqətə çatdırmaq istəyirəm ki, Ukrayna İT mütəxəssislərinin hazırlanması istiqamətində dünyada xüsusi reytinqə malikdir. Dünyanın ən yaxşı İT mütəxəssisləri də məhz Ukraynada təhsil alan gənclərdir. Bu məsələdə Ukrayna dünya ölkələri arasında ilk beşliyə daxildir. Azərbaycan gənclərinin də universitetimizə maraq göstərmələrini arzulayıram. Düşünürəm ki, İT sahəsi bu gün dünyada ən vacib sahələrdəndir”.
“Universitetimizdə azərbaycanlı tələbələr də oxuyur”
Macarıstan Dövlət Universitetinin təmsil edən Mixayıl Qruber sərgidəki mühitdən danışıb. O, bildirib ki, bu kimi sərgilər dünyanın təhsil mənzərəsini nümayiş etdirir. Sərgilərin həm də universitetlərarası əməkdaşlığın formalaşmasına töhvə verdiyini deyən qonaq universitetləri haqqında da geniş məlumat verib: “Azərbaycanlı tələbələr Macarıstandakı universitetlərə böyük maraq göstərirlər. Hazırda ölkəmizdə və bizim universitetdə Azərbaycanlı tələbələrə rast gəlmək olur. Bu sərgi bizə universitetimizi geniş arenada təbliğ etmək imkanı yaradır”.
“Sərgi yüksək səviyyədə təşkil olunub”
Sərgidə iştirak edən İsveçin Azərbaycandakı səfirliyinin ticarət və mədəniyyət məsələləri üzrə məsul şəxsi Firuz Rüstəmov da fikirlərini bizimlə bölüşüb. O, sərgidə iştirak etməkdə məqsədlərinin İsveç universitetlərini Azərbaycan gənclərinə yaxından tanınmaq, İsveç hökumətinin bu universitetlərə tətbiq etdiyi təqaüd proqramları haqqında geniş məlumat verməkdir. “Bu il artıq 3-cü ildir ki, İsveç İnstitutunun təqaüd proqramları çərçivəsində azərbaycanlı tələbələr İsveçdə təhsil almaqda davam edir. İndiyə qədər 34 azərbaycanlı tələbə bu təqaüd proqramlarından istifadə edib. Biz istəyirik ki, bu tələbələrin sayı daha da artıq olsun”. İsveç səfirliyi olaraq Azərbaycanda keçirilən Beynəlxalq Təhsil Sərgisində birinci dəfə iştirak etdiklərini də deyən səfirlik nümayəndəsi sərginin yüksək səviyyədə təşkil olduğunu da sözlərinə əlavə edib.
“Azərbaycanda keçirilən bütün sərgilərdə iştirak etməyə çalışırıq”
İstanbul Aydın Universitetinin nümayəndəsi Melikə Taşçı da təmsil etdiyi ali təhsil müəssisəsi haqqında danışıb: “Universitet olaraq Azərbaycanda keçirilən bütün sərgilərdə iştirak etməyə çalışırıq. Artıq 4-cü dəfədir ki, bu kimi sərgilərdə iştirak etmişik. Sərgidə iştirak etməkdə məqsədimiz azərbaycanlı gənclərə universitetimizdə təhsil almaları üçün yol göstərmək, onlara qapı açmaqdır. Azərbaycanlı tələbələr Türkiyə universitetlərinə böyük maraq göstərir. Bu, bizim çox xoşumuza gəlir. Universitetimizin Azərbaycandakı ali təhsil ocaqları ilə sıx əlaqələri var”. Təmsil etdikləri universitetdə Azərbaycandan çoxlu sayda tələbə oxuduğunu da deyən Melikə Taşçı həmin tələbələrin çalışqanlığı ilə digər tələbələrdən seçildiyini də bildirib.
“UFAZ-ın ən böyük üstünlüklərindən biri unikal laborotoriyaya malik olmasıdır”
UFAZ-ın nümayəndəsi Şəbnəm Məmmədli isə təhsil ocağının artıq 3-cü dəfədir ki, sərgidə iştirak etdiyini deyib. Bu sərgilərdən sonra universitetə gənclərin marağının daha da artdığını deyən Ş.Məmmədli universitetin yeni yaranmasına baxmayaraq artıq kifayət qədər nüfuz qazandığını diqqətə çatdırıb: “UFAZ-ın ən böyük üstünlüklərindən biri unikal laborotoriyaya malik olmasıdır. Bu laboratoriya Strasburq Universitetinin standartlarına uyğundur. Burada tələbələr çox asanlıqla öz nəzəri biliklərini təcrübi biliklərə keçirə bilirlər”. UFAZ-ın nümayəndəsi onu da qeyd edib ki, sərginin ən əhəmiyyətli cəhətlərindən biri də burada çoxlu əlaqələrin yaranmasıdır.
Niyazi RƏHİMOV |
|
11.10.2019 | 13:54 | |
|
|
|