Beynəlxalq Təhsil sərgisinə 22 ölkədən 150-dən artıq təhsil strukturu qatılıb

Bakı Ekspo mərkəzində 13-cü  Azərbaycan  Beynəlxalq Təhsil “EduExpo” sərgisinin açılışı olub.

 

Azərbaycan Respublikasının Təhsil naziri Ceyhun Bayramov bildirib ki, builki sərgidə 22 ölkəni təmsil edən 150-dən artıq təhsil strukturu iştirak edir. Nazirin sözlərinə görə, prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın imzalanmasından ötən dövr ərzində təhsilin müxtəlif pillərini əhatə edən istiqamətlər üzrə bir sıra mühüm dövlət sənədləri qəbul olunub, layihələr həyata keçirilib. Əldə edilmiş nailiyyətlər təhsil müəssisələri, təhsil işçiləri, müəllimlərin səyləri və bütövlükdə cəmiyyətin verdiyi töhvə nəticəsində mümkün olub.

 

Bildirilib ki, Türkiyə və Azərbaycan arasında dostluq, qardaşlıq münasibətləri təhsil sahəsində də öz əksini tapmalı, təhsil mütəxəssisləri arasında sıx əməkdaşlıq qurulmalıdır.

 

Ceyhun Bayramov qeyd edib ki, nazirliyin son illərdə təhsilin inkişafı sahəsində həyata keçirdiyi islahatlar və əldə olunan nailiyyətlər sərgidə ayrı-ayrı pavilyonlarda əhatəli şəkildə öz əksini tapıb.

 

Təhsil naziri sərginin gələcək hədəflərə nail olunması baxımından qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsinə, təhsilin və məşğulluğun inkişafı sahəsində yeni layihələrin həyata keçirilməsinə öz dəyərli töhfəsini verəcəyini deyib. O, sərginin təşkilində əməyi keçən hər kəsə təşəkkür edib və uğurlar arzulayıb.

   

Türkiyənin Milli Təhsil naziri Ziya Selçuk iki ölkə arasında təhsil sahəsində qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində görülən işlər haqqında ətraflı məlumat verib. Bildirib ki, hazırda iki ölkə arasında təhsil sahəsində çoxsahəli və inkişaf etmiş əlaqələr mövcuddur.

 

Ziya Selçuk Azərbaycanda göstərilən qonaqpərvərliyə görə təşəkkür edib və bu səfərin təhsil sahəsindəki əlaqələrin daha da möhkəmlənməsinə təkan verəcəyinə inamını ifadə edib.

 

Avropa Komissiyasında “NEAR” Baş direktorluğunun bölmə rəhbəri Vassilis Maraqos builki sərgidə Avropa İttifaqının birləşmiş stendinin debüt etdiyini qeyd edib. O bildirib ki, Avropa İttifaqının stendində Avstriya, Çex Respublikası, Fransa, İsveç, Latviya, Litva, Macarıstan, Niderland, Polşa və Rumıniya kimi ölkələrin səfirlik və universitetləri təmsil olunur.

 

Sərginin ikinci günü yerli və xarici ali təhsil müəssisələrinin, habelə Azərbaycanın aparıcı şirkət nümayəndələrinin iştirakı ilə “B2B” formatlı görüşlər keçiriləcək.

 

Sərgi üç gün davam edəcək. 



10.10.2019 | 13:20