“Gəlin birgə oxuyaq!”

Bir-birindən maraqlı layihələrin, müxtəlif  tədbirlərin  keçirilmə məkanına çevrilən Heydər Əliyev Mərkəzinin parkında  bu dəfə kitabsevərlər bir araya gəldi. Aprelin 26-da Heydər Əliyev Mərkəzi, Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı və “Hədəf Nəşrləri”nin tərəfdaşlığı ilə “Gəlin birgə oxuyaq!” şüarı altında reallaşdırılan “Oxu Günü”nü sözün həqiqi mənasında, bir kitab bayramı adlandırmaq olardı.

 

Parkda paytaxtın 40-dan artıq ümumtəhsil müəssisəsinin hazırladığı  guşələr, şagirdlərin maraqlı təqdimatları onların həmin günə necə mükəmməl hazırlaşmalarından soraq verirdi.

 

Bu günün özəl qonaqları isə Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, təhsil nazirinin müavini Firudin Qurbanov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva, AMEA-nın, Mədəniyyət Nazirliyinin nümayəndələri,  respublikanın tanınmış elm adamları, təhsil ekspertləri idilər.

 

Qonaqlar  şagirdlərin Azərbaycan, eləcə də xarici ölkələrin tanınmış yazıçı və şairlərinin əsərləri əsasında hazırladıqları səhnəciklərə,  bir-birindən maraqlı çıxışlarına tamaşa edirdilər. 

 

Təqdimatlarda böyüməkdə olan nəslin hərtərəfli dünyagörüşünün formalaşmasında, bədii təxəyyülünün inkişafında, mütaliə mədəniyyətinin, oxu vərdişlərinin artırılmasında bir daha kitabın rolu qeyd olundu.

 

Şagirdlərin Azərbaycan və dünya klassikləri haqqında fərqli, özünəməxsus şəkildə məlumat vermələri, onların yazdıqları əsərlərdən monoloqlar söyləmələri,  təşkil olunan intellektual yarışlarda   fəallıq göstərmələri, musiqili kompozisiyaları  tədbir iştirakçıları tərəfindən rəğbətlə qarşılanırdı. 

 

“Oxu  Günü”ndə  həmçinin  30-dək nəşriyyat və kitabxananın  kitab sərgi-yarmarkası təqdim etməsi,  tədbir çərçivəsində “Kitab qoy-kitab götür” aksiyası  da  kitabsevərlərin ürəyincə idi. Hər kəs özünə lazım olan, ehtiyac duyduğu kitabı güzəştli qiymətlərlə əldə edə bilirdi. 

 

Mütaliə özündə kitaba sevgi, alışqanlıq, oxucuda  maraq oyatmaq, oxuduğunu qavramaq və dərk etmək kimi anlayışları birləşdirir.  Mütaliə həm də  intellektual inkişafın mühüm göstəricisi hesab edilir ki, bu da uşaq və  yeniyetmələri   gələcəkdə mədəni ünsiyyətə, doğru peşə seçiminə, faydalı işlə məşğul olmağa istiqamətləndirir.

 

Tədbirin məqsədi yeniyetmə və gənclər arasında mütaliəyə marağın artırılması, oxu vərdişinin inkişafına nail olmaq idisə, buradakı müşahidələrimizə əsasən  əminliklə deyə bilərik ki, təşkilatçılar növbəti dəfə buna nail oldular. 

 

Bir daha bayramımız mübarək, əziz kitabsevərlər!

 

Samirə KƏRİMOVA



27.04.2018 | 12:03