XIII Beynəlxalq Təhsil Sərgisi başlayır

XIII Beynəlxalq Təhsil Sərgisi ilə bağlı mətbuat konfransı keçirilib.

 

Konfransda iştirak edən Təhsil nazirinin müşaviri Elnur Məmmədov ildən-ilə sərginin əhatə dairəsinin genişlənməsi, iştirak etmək istəyənlərin sayının artmasının müsbət hal olduğunu söyləyib.

 

Onun qeydinə görə, Təhsil Nazirliyi  bu il sərgidə, həm təhsilin məzmunu, həm də müasir texnologiyaları əhatə edən stendlərlə geniş pavilyonda  təmsil olunacaq, beləliklə, burada təhsilin bütün pillələri tam əhatə ediləcək.

 

Qeyd edilib ki, sərgidə  iştirakçılara "Rəqəmsal bacarıqlar", “Peşə Təhsili üzrə Dövlət Agentliyi”, “Univerium” yataqxanası, “Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi”, “Escape room”, “Məktəbdənkənar fəaliyyət”, “Təhsil Texnologiyalar Mərkəzi”, “Gənc Müəllimlər Assosiasiyası”, “Bir Tələbə-Könüllü proqramı”, SABAH qrupları ilə bağlı stendlər  və “Təhsil TV”  Media Mərkəzi təqdim olunacaq.

 

Təhsil nazirinin müşaviri builki sərginin fərqləndirici xüsusiyyətinin onun texnoloji istiqamətli olmasını xüsusi qeyd edərək Təhsil Nazirliyinin "Rəqəmsal Təhsil"-stendində həmçinin virtual reallıq əsasında təhsil-təlim texnologiyalarının nümayiş etdiriləcəyini bildirib.        

 

"Caspian Event Organisers” şirkətinin icraçı direktoru Bəhruz Hidayətzadə  bildirib ki, bu tədbir  Təhsil Nazirliyi, eləcə də  Azərbaycanda İxracatın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstəklənir.

 

Sərginin təşkilatçısı qismində “Caspian Event Organisers” şirkəti çıxış edir. Baş sponsor isə  “Kapital Bank”dır.  Sərgi ölkədə və regionda təhsil sahəsinə həsr olunan, aparıcı yerli və xarici ali təhsil müəssisələrini, təhsil mərkəzlərini, dil kurslarını, eləcə də xaricdə təhsil üzrə məsləhətçi şirkətləri bir araya gətirən irimiqyaslı beynəlxalq tədbirdir.

        

Sərgi   10-12 oktyabr  tarixlərində Bakı Ekspo Mərkəzində  keçiriləcək. Burada  istər yerli,  istərsə də  xarici universitetlərin təqdimatlarının, müxtəlif seminarların, bir sıra tədbirlərin  keçirilməsi  nəzərdə tutulub.

 

Sərgidə bir sıra ölkələr xaricdə təhsil üzrə imkan və şərtlərini təqdim edir. Üç gün davam edəcək sərginin gündəliyinə işgüzar görüşlər, panel müzakirələr, media təqdimatlar, intellektual oyunlar və  ayrı-ayrı mövzulara dair mühazirələr daxildir.

        

Sərgi çərçivəsində stenddə “Gənc Avropa səfirləri” şəbəkəsi və Şərq Tərəfdaşlığında Avropa Məktəbi də təmsil olunur. Həmçinin burada xaricdə pulsuz təhsil və beynəlxalq təhsil mübadil proqramları, o cümlədən “Erasmus+” proqramı da təqdim edilir.

        

İcraçı direktorun sözlərinə görə,  yerli layihəçilər tərəfindən də  təhsil sahəsində yeni texnologiyaların təqdim edilməsi sevindirici haldır.

 

Dünyanın 22 ölkəsindən 150-dək iştirakçının qatılacağı bu sərginin keçirilməsində dəstək  üçün Təhsil Nazirliyinə, baş sponsor "Kapital Bank"a minnətdarlıq edilib.

 

Qeyd edək ki, sərgidə ali təhsil müəssisələrinin böyük əksəriyyəti iştirak edəcək. 

                

"Kapital Bank"ın Marketinq Departamentinin direktoru Günel Fərzəliyeva sərginin baş sponsoru olmaqdan məmnun olduqlarını söyləyib. Son illər təmsil etdiyi qurumla Təhsil Nazirliyi arasında qurulan işgüzar əməkdaşlıq əlaqələrindən söz açan bank təmsilçisi respublika fənn olimpiadalarının təşkilinə, eləcə də təhsillə, tələbələrlə  bağlı digər reallaşdırılan layihələr barədə məlumat  verib.

 

                Samirə KƏRİMOVA



09.10.2019 | 15:32