Musiqi Kolleci akademik Zərifə Əliyevanın 95 illiyini qeyd edib

Azərbaycan Milli Konservatoriyasının nəzdində Musiqi Kolleci aprelin 25-də Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın anadan olmasının 95 illiyinə həsr olunmuş musiqili  tədbir keçirib. Nəsimi Rayon İcra Hakimiyyətinin dəstəyi ilə hazırlanmış tədbirdə  icra hakimiyyətinin başçısı Asif   Əsgərov, Milli Konservatoriyanın rektoru,  professor Siyavuş Kərimi, tanınmış incəsənət xadimləri, kollecin müəllim və tələbələri, valideynlər iştirak ediblər.

 

Tədbiri ciriş sözü ilə açan Musiqi Kollecinin direktoru, Əməkdar incəsənət xadimi, professor Nazim Kazımov akademik Zərifə xanım Əliyevanın xalqımız qarşısındakı  xidmətlərinndən, tibb eliminin inkişafına verdiyi töhfələrdən danışıb, xatirəsinin həmişə kolleclərində ehtiramla yad edildiyini bildirib. N. Kazımov  təşəbbüslərini hər dəfə  müdafiə edib, reallaşmasına  yaxından dəstək verdiklərinə görə Nəsimi Rayon İcra Hakimiyyətinə, icra başçısı Asif Əsgərova minnətdarlıq edib.

 

A.Əsgərov çıxışında  kollecin Azərbaycanın musiqi mədəniyyətinin, ifaçılıq sənətinin inkişafındakı böyük rolundan söz aşıb,  peşəkar ifaçılarin yetişdirilməsi istiqamətindəki fəaliyyətini yüksək dəyərləndirib. İcra başçısı   böyük alim və ictimai xadim, gözəl insan , akademik Zərifə Əliyevanın, ulu öndər Heydər Əliyevin anadan olmalarının 95 illiyi ilə əlaqədar rayonda silsilə tədbirlər təşkil olunduğnu, xatirələrinə  hörmət və ehtiram sərgiləndiyini bildirib, kollecin müəllim və tələbə kollektivinin  hazırladığı tədbirlərin bu baxımdan fərqləndiyini diqqətə çatdırıb.

 

Tədbirdə kollecin müxtəlif müsabiqələrdə qalib olmuş tələbələrinə mükafatlar təqdim edilib.

 

Sonra teatrın səhnəsi  kollecin istedadlı tələbələrinin ixtiyarına verilib. Onlar hazırladıqları zəngin repertuarlı konsert proqramını təqdim ediblər.

 

Yusif ƏLİYEV



27.04.2018 | 09:54