Zaqafqaziya Müəllimlər Seminariyasının Azərbaycan şöbəsi

Azərbaycan təhsil tarixi hər birimizin fəxr etdiyi nailiyyətlərlə zəngindir. Azərbaycan müəllimləri bütün tarix boyu təhsildə daim varisliklə novatorluğu, ənənə ilə islahatın vəhdətini öz fəaliyyətlərində əks etdirmişlər. Bu gün qədəm qoyduğumuz informasiya cəmiyyəti və biliklərə əsaslanan yeni tipli iqtisadiyyatın formalaşması, qloballaşma çağırışları bütün dünya təhsil sistemi qarşısında yeni vəzifələr qoyur. “Təhsil əsri” adı qazanmış XXI əsr Azərbaycan təhsilinin də yeniləşməsini və müasirləşməsini tələb edir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bu ilin sentyabr ayında Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının (ZMS) Azərbaycan şöbəsinin təşkilinin 140 ili tamam oldu. Fəaliyyət göstərdiyi təxminən 40 il ərzində 250-dən artıq xalq müəllimi hazırlayan bu tədris ocağı şərəfli bir yol keçmişdir. Azərbaycan xalq pedaqogikasının qiymətli incilərindən qidalanan, mütərəqqi rus və dünya pedaqogikasının görkəmli nümayəndələrinin pedaqoji ideyalarından, qabaqcıl məktəb təcrübəsindən faydalanan ilk xalq müəllimləri! Elm və maarif məşəlini Zaqafqaziyanın uzaq-uzaq kəndlərinə aparan, dünyəvi təhsildən kənarda qalmış gənclərin gözünü təhsil nuru ilə işıqlandıran, elm, maarif, mədəniyyət və incəsənət carçıları!  Azərbaycanda elm, mədəniyyət, ictimai-pedaqoji fikrin inkişafında müstəsna rolu olan tədris müəsissələrinin yubileylərinin keçirilməsi, keçmiş mədəni irsə, milli-mənəvi dəyərlərə ehtiram ifadəsi olmaqla, bugünkü təhsil sistemimizin modernləşdirilməsi prosesində onun müsbət ənənələrindən istifadə önəmli əhəmiyyət kəsb edir.

 

Söhbət Rusiyada 60-cı illərin (XIX əsr) ictimai-pedaqoji hərəkatının aparıcı nümayəndələrindən biri olan rus pedaqoqu K.D.Uşinskinin layihəsi əsasında 130 il bundan əvvəl ucqar bir vilayətdə-Gürcüstanın əyalət şəhəri Qoridə açılmış Zaqafqaziya Müəllimlər Seminariyasının (ZMS) Azərbaycan şöbəsinin fəaliyyətə başlamasından gedir. Hansı ki, şöbənin mövcud olduğu 40 il ərzində Azərbaycana 250-dən artıq elm, mədəniyyət xadimləri, əsl xalq müəllimləri bəxş etmişdir. XIX əsrin 70-ci illərinə qədər Rusiyanın özündə, o cümlədən Azərbaycanda, bütöv Cənubi Qafqazda müəllim kadrlarına böyük ehtiyac hiss edilirdi. Bu tələbatın ödənilməsi üçün isə elə bir xüsusi tədris müəssisəsi yox idi. Dövlət məktəblərində çalışan elmi-fənn müəllimləri əsasən Rusiyadan dəvət olunanlar və qismən Tiflis gimnaziyasının məzunları idi. Müəllim kadrların hazırlığı ilə məşğul olan ilk müəssisə yalnız 1866-cı ildə meydana gəldi. Bu, Tiflis şəhərində əsası qoyulan Aleksandrovski müəllimlər məktəbi idi.

 

XIX əsrin 70-ci illərindən başlayaraq, bütün Rusiyada olduğu kimi, Cənubi Qafqazda da kənd məktəbləri üçün müəllim kadrları hazırlayan xüsusi məktəblər - müəllim seminariyaları meydana gəldi. Cənubi Qafqaz və Qafqazda ilk müəllimlər seminariyası 1871-ci ildə Kubanda, 1876-cı ildə isə Qori şəhərində açıldı. Sonuncu bütün Cənubi Qafqaz üzrə təşkil edildiyindən Zaqafqaziya Müəllimlər Seminariyası adlanırdı.

 

Müəllimlər seminariyaları inqilaba qədər ibtidai məktəblər üçün müəllim hazırlayan ən tipik pedaqoji məktəblər idi. Bu məktəblər 1870-ci ilə nəşr edilmiş “Müəllimlər seminariyası haqqında” əsasnaməyə uyğun idi.

 

Hökumət bu məktəblərə siyasi əhəmiyyət verirdi. Belə ki, digər dinə, milliyyət və tayfalara mənsub olanlar deyil, yalnız pravoslav dininə mənsub olanlar ibtidai məktəbdə məşğul ola bilərdilər.

 

Lakin 70-ci illərdən başlayaraq, yerli əhalinin rus dilində ümumtəhsil məktəblərinə ehtiyacının artması hökuməti bu məktəblər üçün müəllim hazırlamaq məsələsilə daha ciddi məşğul olmağa məcbur etdi. 70-ci illərin ortalarında meydana gələn kənd ümumtəhsil məktəbləri də bu məsələyə xeyli təkan verdi. QTD-nin popeçiteli Y.M.Neverov 1875-ci ilə aid hesabatında yazırdı ki, son vaxtlar Cənubi Qafqaz müsəlmanlarının düzgün təşkil olunmuş ümumtəhsil məktəblərinə cəhd etməsi, təbii olaraq müəllim hazırlığı barədə onları düşünməyə vadar edir. Əgər gələcək müsəlman məktəblərindən ötrü müəllim hazırlamaq üçün xüsusi pedaqoji müəssisə təsis etmək hələ tezdirsə, Kazan hərbi gimnaziyasında təhsil alan Kazan müsəlmanının Salahlıda (Qazax rayonu) təşkil etdiyi məktəbə əhalinin rəğbətini hiss etməmək olmaz və bütün bunlar göstərir ki, müsəlmanlardan müəllimlər hazırlığı gələcəkdə yerli əhaliyə böyük təsir edər və onları özlərində düzgün təşkil edilmiş məktəb açmağa həvəsləndirər; ona görə də, hal-hazırda bu sahədə bu və ya digər addım atmaq tələbini çətin ki, inkar etmək mümkün olsun.

 

QTD-nin popeçiteli ilk dəfə, heç olmazsa, Şimali Qafqazda kabardinlər üçün müəllimlər hazırlamaq tədbiri kimi, Cənubi Qafqazda da bəzi tədbirlər görməyi lazım bilirdi. O, bu məqsəd üçün Tiflisdə mövcud olan hər iki müsəlman (şiə və sünni) məktəbində oxuyan bir və ya iki şagirdin ZMS-də pedaqoji işlə tanış olmasına şərait yaratmağı və sonra onların köməyilə Tiflis müsəlman məktəbləri nəzdində xüsusi bir şöbə - kənd müəllimləri hazırlayan şöbə açmağı faydalı hesab edirdi.

 

Əlbəttə, Y.M.Neverov yerlilərdən müəllim kadrları hazırlamaq fıkrini irəli sürməklə, şübhəsiz ki, xalq maarifinin yayılmasını deyil, özünün dediyi kimi, “Məktəb vasitəsilə ölkədəki müxtəlif xalqları birləşdirmək” məqsədini güdürdü. Lakin onun məqsədindən asılı olmayaraq, xalq məktəbləri üçün azərbaycanlılardan müəllim kadrları hazırlamağın zəruriliyini Qafqaz sərdarının nəzərinə çatdırması gələcəkdə ZMS nəzdində açılacaq Azərbaycan şöbəsi üçün müəyyən hazırlıq oldu.

 

1876-cı il sentyabrın 12-də əsası qoyulan ZMS əvvəlcə üç şöbədən: rus, gürcü və erməni şöbələrindən ibarət idi. Seminariyaya qəbul olunan ilk 50 nəfərin içərisində bir nəfər belə azərbaycanlı yox idi. Bu cəhətə təəssüf edən QTD-nin popeçiteli 1876-cı ilə aid hesabatında yazırdı ki, “Mən şəxsən bu cəhəti Şeyxülislamın nəzərinə çatdırdım və o, yerli müsəlmanlardan heç olmazsa bir nəfərin seminariyada oxuması üçün vəsait axtarmağı vəd etdi”. Onlarca kənd camaatı könüllü surətdə vəsait toplayaraq, məktəb açılmasını tələb edirdi. Belə tələb və qərarların sayı ildən-ilə artırdı. Bu tələbin həyata keçirilməsi isə həm də müəllim kadrlarının çatışmamazlığına görə ödənilməmiş qalırdı. Azərbaycan kəndlərində təşkil edilən və açılması nəzərdə tutulan məktəblərin  müəllim kadrlarına, xüsusilə də azərbaycanlı müəllimlərə olan ehtiyacı azərbaycanlılar üçün ayrıca seminariya və ya şöbənin təşkilini həyati zərurət kimi qarşıya qoydu.

 

Bu zərurət hökuməti müəllimlər seminariyaları haqqında olan ümumi qanundan kənara çıxmağa, seminariyaların bəzisində nəinki təkcə “pravoslavların”, həm də xristian olmayan digər millətlərin nümayəndələrinin də oxumasına icazə verməyə məcbur etdi. Bütün bunlar onunla nəticələndi ki, 1879-cu ilin sentyabrın 23-də Qori şəhərindəki ZMS nəzdində ayrıca bir şöbə - Azərbaycan şöbəsi açıldı. Azərbaycanlılardan müəllim kadrları hazırlamaq kimi tarixi missiya həmin şöbənin öhdəsinə düşdü.

 

Seminariyanın tədris planına aşağıdakı fənlər daxil idi: ilahiyyat, pedaqogikanın başlıca məsələləri, rus dili, hesab, həndəsə, ümumi və rus tarixi, coğrafiya, təbiətşünaslıq, hüsnxət və rəsm, gimnastika, nəğmə, pedaqoji təcrübə.

 

Tədris planlarına müsəlmanlardan olan şagirdlər üçün pravoslav ilahiyyatı əvəzinə, müsəlman şəriəti, həmçinin ana dili daxil edildi. Digər şöbələr kimi, burada da tədris rus dilində idi, direktor və ştat üzrə mürəbbiyələr, bir qayda olaraq, pravoslav ruslardan ibarət idi.

 

Müəllimlər seminariyasında ehtiyacı olan tələbələrə təqaüd verilirdi. Doğrudur, hökumətdən təqaüd alanlar ən azı 4 il kənd məktəbində qulluq etməli idi. Lakin, bununla belə, təqaüd verilməsi nəticəsində kasıblar da təhsil ala bilirdi. Seminariyalarda pedaqoji-metodiki işlərə daha çox diqqət yetirilirdi.

 

Azərbaycan şöbəsinin ilk inspektoru vəzifəsinə A.O.Çernyayevski, Azərbaycan dili və sünni təriqəti üzrə şəriət müəllimi vəzifəsinə molla Hüseyn bəy Qayıbov, şiə təriqəti üzrə şəriət müəllimi vəzifəsinə molla Əbdülsalam Axundzadə (01.IX.1880), hazırlıq sinfınin müəllimi vəzifəsinə isə K.O.Urusov təyin edilmişdir (13.XI.1880). Şöbənin nəzdində təşkil edilən ibtidai məktəbdə Azərbaycan dili müəllimi vəzifəsinə sonralar həmin şöbənin ilk məzunlarından olan S.Vəlibəyov təyin olunmuşdur.

 

Azərbaycan şöbəsinin 1880-ci il mayın 13-də təsdiq edilmiş əsasnaməsinə görə, bu şöbənin məqsədi Cənubi Qafqaz ölkəsinin Azərbaycan kəndlərindəki ibtidai məktəblər üçün bilikli və təcrübəli müəllimlər hazırlamaqdan ibarət idi.

 

Şöbəyə ilk dəfə 40, ibtidai məktəbə isə 20 nəfərin qəbul olunması müəyyən edilmişdi. Bunların hamısı dövlət hesabına saxlanılmalı və Azərbaycan dilini bilən ayrıca tərbiyəçi-inspektorun himayəsi altında ümumi yataqxanada yaşamalı idi. Qəbul imtahanlarında müvəffəq qiymət almayanlar üçün hazırlıq sinfi nəzdində aşağı şöbə təşkil edilirdi. İlk dəfə seminariyaya 32 nəfər qəbul olundu. Bunlardan 24-ü A.O.Çernyayevski tərəfindən yerlərdə seçilərək dəvət olunmuş, qalanları isə öz arzusu ilə gəlmişdi. 19-u şöbənin əsas, 13-ü isə hazırlıq siniflərinə qəbul olundu. Seminariyaya ilk qəbul olunanlar içərisində S.Vəlibəyov, F.Köçərli, R.Əfəndiyev və b. var idi. İlk dəfə qəbul olunanlardan üçü Naxçıvan qəza məktəbindən, 13 nəfəri isə Şuşa şəhər məktəblərindən idi.

 

İlk dəfə təşkil edilməsinə baxmayaraq, Azərbaycan şöbəsinin tələbələri qəbul imtahanlarında elə ilk ildən fərqlənirdilər. Rəsmi sənədlərin birində oxuyuruq: “Çernyayevskinin tələbə toplamaq məqsədilə rəsmən ezam edilərək yerlərdə tələbə seçməsi və qismən imtahan etməsi nəticəsində azərbaycanlıların seminariyaya daxil olmaq üçün hazırlaşan xristianlardan ümumiyyətlə yaxşı imtahan vermələri aşkar olundu”. Qəbul olunmaq istəyənlərin sayı get-gedə artırdı. L.Modzalevski yazırdı ki, bu şöbənin birinci qəbuluna əsasən, şəhər və qəza məktəblərini bitirənlərdən 60-a qədər gənc azərbaycanlı gəlmişdi. Bunlar rus dilinə o qədər bələd idilər ki, onlardan bir neçəsi, hətta birbaşa seminariyanın ikinci sinfinə daxil ola bildi. Bu şöbənin ilk açılışı zamanı gözləniləndən daha çox tələbənin gəlməsi və müvəffəqiyyətlə qəbul imtahanı verməsi gələcəkdə müsəlmanların seminariyaya cəlb edilməsi üçün süni tədbirlərin aradan qaldırılmasına əsas verdi.

 

Azərbaycanda xalq maarifı, məktəb, ədəbiyyat, mədəniyyət və incəsənətin bir çox görkəmli nümayəndələri, o cümlədən F.Köçərli, R.Əfəndiyev, S.Vəlibəyov, C.Məmmədquluzadə, N.Nərimanov, M.Mahmudbəyov, F.Ağazadə, Ü.Hacıbəyov, M.Maqomayev, S.S.Axundov, P.Qasımov, T.Bayraməlibəyov, N.Terequlov, M.Mustafayev, Ə.Hüseynov, B.Bədəlbəyov, A.Əliyev, Ə.Mustafayev, M.İlyasov, Y.Qasımov, Ə.Seyidov, T.Quliyev və bir çox başqaları məhz həmin seminariyada təhsil almışlar.

 

1882-ci ildə bu şöbənin ilk buraxılışı oldu. Azərbaycan məktəb tarixində pedaqoji təhsil almış azərbaycanlı müəllimlərin ilk dəstəsi pedaqoji cəbhədə fəaliyyət göstərməyə başladı. Bu şöbənin məzunlarının hələlik sayca az olmasına baxmayaraq, onlar Zaqafqaziyanın bir çox Azərbaycan kəndlərində dünyəvi məktəblər açılmasında mühüm rol oynadılar. İrəvan müəllimlər seminariyasını bitirən azərbaycanlı müəllimlər də bu işə xeyli kömək etdi. Keçən əsrin 80-cı illərindən başlayaraq, istər dövlət, istərsə də zemstvo və kənd ictimaiyyəti vəsaitilə açılan kənd məktəblərinin sayı ildən-ilə çoxalmağa, azərbaycanlı balalarının rus dili ilə bərabər, ana dilində təlim və tərbiyə alması işini xeyli yaxşılaşdırmağa kömək etdi.

 

Bircə bu faktı demək kifayətdir ki, XIX əsrin son 20 ili ərzində Azərbaycanın yalnız Bakı və Gəncə quberniyalarında 172 ibtidai məktəb fəaliyyət göstərirdi ki, burada da 11400 şagird (o cümlədən 2473 qız) təhsil alırdı. Bu məktəblərin böyük əksəriyyəti kənd yerlərində idi.

 

Ümumiyyətlə, 1920-ci ilə qədər Azərbaycanda və Zaqafqaziyanın azərbaycanlılar yaşayan kəndlərində mövcud olan ibtidai məktəblərin böyük əksəriyyəti ZMS Azərbaycan şöbəsinin məzunları tərəfindən təsis edilmişdir.

 

Kənd məktəblərinin bir sıra müdirlərinin hesabat xarakterli yazılarında və məlumatlarında bu məktəblərin, ümumiyyətlə, əhəmiyyətinə aid bir çox cəhətlər vardır. Məsələn, Qutqaşen (Qəbələ) kənd məktəbinin müdiri Vahid bəy Musabəyov 1895-ci ildə yazırdı: “Məktəbin təsis edildiyi 1882-ci ildən bəri kəndlilər arasında 100 nəfərdən çox savadlı adam var idi ki, bu, ancaq məktəbin nəticəsidir”.

 

Salahlı, Göyçay, Ağdaş, Bərdə, Ağdam, Qutqaşen, Qubadlı, Cəbrayıl məktəblərində təlim-tərbiyə işi daha yaxşı idi. Bu məktəblər öz işləri ilə təkcə Azərbaycanda və Zaqafqaziyada deyil, bütöv Qafqazdakı kənd məktəbləri içərisində fərqlənirdilər.

 

ZMS Azərbaycan şöbəsi məzunları işlədikləri məktəblərdə təkcə bilik verməklə kifayətlənmir, şagirdləri həyata hazırlamağa, onlara kənd təsərrüfatına aid bilik və bacarıq verməyə də səy göstərirdilər. Bu cəhətdən kənd məktəblərinin bəzisində bağçılıq, ipəkçilik, arıçılıq və sənətkarlıq şöbələrinin təşkili xüsusilə diqqəti cəlb edir.

 

Kənd məktəbləri kənddə mədəni-maarif işi ilə bərabər, səhiyyə işinin inkişafına da müsbət təsir edirdi.

 

Xalq məktəblərinin həm kəmiyyət, həm də keyfıyyətcə inkişafında xalq müəllimlərinin böyük rolu və unudulmaz xidmətləri olmuşdur.

 

ZMS Azərbaycan şöbəsinin təşkili ana dilində sövti üsullu ilk dərsliyin meydana gəlməsinə əlverişli zəmin yaratdı. 1882-ci ildə ilk dəfə nəşr edilən A.O.Çernyayevskinin “Vətən dili” (I hissə), S.Vəlibəyovla birlikdə hazırlanan və 1888-ci ildə işıq üzü görən həmin dərsliyin II hissəsinin meydana gəlməsi feodalizm dövründən qalmış doqmatik və sxolastika ilə bağlı olan və əsrlərdən bəri davam edən höccələmo (əbcəd-çərəkə) üsuluna ilk və böyük zərbə idi. Həmin Seminariyanın məzunu sonralar məşhur ədəbiyyatşünas alim, pedaqoq və maarifçi kimi tanınmış F.Köçərlinin sözlərilə desək, bütöv islam aləmində, türk-tatar dilli xalqlar içərisində sövti üsullu dərs demək və dərslik tərtib etmək təşəbbüsü birinci dəfə Azərbaycanda ortaya çıxmış, Azərbaycandan başlamış, Azərbaycan məktəblərində tətbiq olunmuşdur. Bu, Azərbaycan məktəb tarixində mühüm pedaqoji hadisə idi.

 

K.D.Uşinskinin eyniadlı dərsliyinə uyğun olmaqla bərabər, “Vətən dili” özünün quruluşu, tərtibi prinsipləri, dilinin sadəliyi, şagirdlərin yaş və bilik səviyyəsinə uyğunluğu etibarı ilə orijinal idi.

 

Sonralar dəfələrlə çap edilən “Vətən dili” uzun müddət Azərbaycan məktəblərində ana dili dərsliyi kimi istifadə olunmuş, yalnız bu dərsliyin meydana gəlməsi ilə Azərbaycan dilinin tədrisi müəyyən mənada düzgün metodiki istiqamət almış, inqilabdan əvvəlki Azərbaycan ziyalılarının bütöv bir nəsli həmin kitabdan faydalanmışdır.

 

Bu dərslik Azərbaycan dilinin gələcək inkişafına, ana dilində yeni-yeni dərsliklər tərtib edilməsinə qüvvətli təkan verdi, “azərbaycanlılarda da pedaqoji iş elmi zəmində aparılmağa başlandı” (F.Köçərli). A.O.Çernyayevskinin işi sonralar onun şagirdlərindən R.Əfəndiyev, M.Mahmudbəyov,  N.Nərimanov və başqaları tərəfındən ləyaqətlə davam etdirildi.

 

R.Əfəndiyevin “Uşaq baxçası” və “Bəsirət-ül-ətfal”, N.Nərimanovun “Türk Azərbaycan dilinin müxtəsər sərf-nəhvi”, Ü.Hacıbəyovun “Hesab məsələləri” və “Lüğət”i, M.Mahmudbəyovun “Türk əlifbası və ilk qiraət”i, başqa müəllimlərlə birlikdə “İkinci il”, “Üçüncü il”, “İmlamız”dan başlamış, Ə.Y.Seyidovla H.K.Sanılının “Əlifba”sı da daxil olmaqla, ana dilində yazılan dərslik və dərs vəsaitləri “Vətən dili”nin ləyaqətli davamçıları olmuşdur.

 

Keçən əsrin axırlarından başlayaraq, əlifba, imla, dərslik, dilin xüsusiyyətləri, orfoqrafıya və s. kimi mühüm məsələlər mətbuat səhifələrində geniş müzakirələrə səbəb olurdu. İctimai şüur, dövrün tələbi məktəbin qarşısında ciddi məsələlər qoyurdu. Dünya mədəniyyətilə yaxından tanış olan qabaqcıl ziyalılar çox yaxşı dərk edirdilər ki, beş-on ziyalı ilə iş görmək olmaz. Qarşıda duran böyük ictiami-siyasi vəzifələrin öhdəsindən gəlmək üçün həm də, geniş xalq kütləsini savadlandırmaq lazım idi. Onlar müəllimlik etməklə bərabər, geniş əhali kütləsinin, zəhmətkeş xalqın mənəvi tərəqqisinə çalışır, mətbuat səhifələrində xalq maarifınin məktəb təhsilinin bu və ya digər sahələrinə aid faydalı fıkirlər söyləyir, nadanlığa, cəhalətə, zülm və əsarət dünyasına qarşı ciddi və kəskin mübarizə aparır, əhalini bu mübarizəyə hazırlayırdılar.

 

N.Nərimanovun “Nadir şah”ı başda olmaqla bədii əsərləri, “Cümə söhbəti” və “Həftə fəryadı”ndan tutmuş, “Hümmət”dəki inqilabi-mübariz ruhlu məqalələri, Ü.Hacıbəyovun “Koroğlu”su başda olmaqla, opera əsərləri, “Filankəs” təxəllüslü “Ordan-burdan” başlıqlı silsilə məqalələri, F.Köçərlinin 2 cildlik “Azərbaycan ədəbiyyatı tarixi materialları”, R.Əfəndiyevin “Qan ocağı”, S.S.Axundovun “Qorxulu nağıllar”ı, C.Məmmədquluzadənin “Ölülər”i başda olmaqla köhnə dünyanı lərzəyə gətirən “Molla Nəsrəddin”i Azərbaycan xalqının mənəvi həyatında yeni bir inqilab yaratdı.

 

Ümumiyyətlə, ZMS Azərbaycan şöbəsini bitirən təxminən 250-dən artıq müəllim öz fəaliyyətini sırf pedaqoji işlə məhdudlaşdırmamış, inqilabdan əvvəlki Azərbaycanda elm və təhsil, maarif və mədəniyyət, ədəbiyyat və incəsənətin bir çox sahələrinin inkişafetdiriciləri olmuşdur. Onların bir çoxu şəxsiyyət kimi yetişmiş və öz xalqının zülm və istibdaddan xilas olması uğrunda unudulmaz xidmətlər göstərmişdir. Ana dilində qəzet və jurnal nəşr etmək, xalq üçün kitabxana-qiraətxana açmaq, xeyriyyə cəmiyyəti təşkil etmək, ana dilində yeni proqram, dərslik və tədris vəsaiti hazırlamaq, milli opera sənətinin əsasını qoymaq, qadın azadlığı və təhsili uğrunda çalışmaq, teatr tamaşaları hazırlamaq, ədəbi-bədii əsərlər yazmaq və nəhayət, geniş əhali kütləsinin gözünü açmaq, onu inqilaba hazırlamaq, bütün bu problemlərin hər birinin qoyuluşunda və həllində ZMS Azərbaycan şöbəsi məzunlarının ayrıca xidməti olmuşdur.

 

Azərbaycanın inqilabaqədərki məktəb və pedaqoji fıkir tarixində, Azərbaycan və rus pedaqoji əlaqələrinin meydana gəlməsi, mütərəqqi rus məktəb təcrübəsinin və pedaqoji ideyalarının Azərbaycanda yayılması, dünyanın Y.A.Komenski, İ.H.Pestalossi, K.D.Uşinski kimi klassik pedaqoqlarının pedaqoji fəaliyyətləri və fikirləri ilə azərbaycanlı oxucuların tanış olması, Azərbaycan-gürcü pedaqoji əlaqələrinin, xalqlar dostluğu ideyasının yaranması və inkişaf etdirilməsi həmin şöbənin məzunlarının unudulmaz xidmətlərindəndir.

 

Nəhayət, Azərbaycanda pedaqogika elminin yayılması və inkişaf etdirilməsi, yeni məktəblərin, xalq maarifinin, ali pedaqoji institutun müəllim kadrlarının hazırlığının bütöv bir dövrü məhz ZMS məzunlarının fəaliyyəti ilə bağlı olmuşdur.

 

Seminariya məzunlarının tarixi xidmətlərini qədirbilən xalqımız heç bir zaman unutmamış və unutmayacaqdır.

 

Hüseyn ƏHMƏDOV,

pedaqogika üzrə elmlər doktoru, professor



05.10.2019 | 09:22