BSU-da tələbə və magistrantların respublika konfransı keçirilib | |
Aprelin 26-da Bakı Slavyan Universitetində (BSU) Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində” mövzusunda tələbə və magistrantların respublika elmi-praktik konfransı keçirilib. Konfransı BSU-nun rektoru, professor Nurlana Əliyeva açaraq Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə, tariximizdəki yerinə və roluna qısa nəzər salıb. O, 23 ay mövcud olmuş AXC-nin Azərbaycanı beynəlxalq aləmdə tanıtmaq istiqamətindəki gərgin fəaliyyətindən, cümhuriyyət liderlərinin fədakarlığından, millət qarşısındakı xidmətlərindən danışıb. N.Əliyeva bugünkü Azərbaycan Respublikasının məhz AXC ənənələrini, Cümhuriiyyət qurucularının arzu və istəklərini həyata keçirdiyini bildirib. Professor 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi haqqında Prezident Sərəncamını xüsusi tarixi hadisə kimi dəyərləndirib. Rektor qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk demokratik respublika olub. O, AXC-nin yaranmasını Azərbaycanın yaşadığı parlaq mədəni yüksəlişin məntiqi yekunu olduğunu deyib. N.Əliyeva Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd edilməsini həm də Bakının işğaldan azad edilməsinin 100 illiyinin qeyd edilməsi kimi dəyərləndirib.
O, gəncləri vətənpərvərliyə, müstəqilliyimizin və suverenliyimizin keşiyində durmağa səsləyib.
Sonra çıxış edən elmi işlər üzrə prorektor, professor Rafiq Novruzov konfransın işi barədə ətraflı məlumat verərək tədbirə 19 universitetdən 160 tələbə və magistrantın qatıldığını deyib. O, Ukraynanın Poltava İqtisadiyyat və Ticarət Universitetinin nümayəndəsinin də konfransda iştirak etdiyini bildirib. R.Novruzov əlavə olaraq qeyd edib ki, elmi-praktik konfrans təkcə beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsində deyil, universitetin bütün fakültələrində nəzərdə tutulub.
Sonda çıxış edən BSU-nun beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin dekanı, dosent Şirinbəy Əliyev konfrans iştrakçılarına Cümhuriyyətin Azərbaycan tarixindəki yeri və digər önəmli məsələr barədə danışıb.
Qeyd edək ki, konfrans öz işini 6 bölmə üzrə davam etdirəcək. Konfrans iştirakçılarına bölmə iclaslarının sonunda universitet tərəfindən sertifikatlar veriləcək. |
|
26.04.2018 | 16:07 | |
|
|
|