Müasir texnologiyalarla təchiz edilmiş “UNEC Extern”

Bu ali təhsil ocağı indiyədək minlərlə müxtəlif profilli iqtisadçı hazırlayaraq sənaye, kənd təsərrüfatı, ticarət, statistika, maliyyə, menecment, vergi sistemi və digər sahələrin yüksək ixtisaslı kadrlarla təmin edilməsində mühüm rol oynamışdır.

 

Söhbət ölkəmizin  aparıcı təhsil müəssisələrindən  sayılan və Qafqazın ən böyük ali iqtisad təhsili ocaqlarından birinə çevrilən Azərbaycan Dövlət İqtisad Universitetindən (UNEC) gedir. Son illər  gördüyü işlərlə, təhsil sahəsində əldə etdiyi uğurlarla, tətbiq etdiyi yeniliklərlə, innovativ layihələri ilə  özünə artıq müsbət imic formalaşdırmış, uzunillik tarixi ənənələri olan UNEC-ə bu dəfəki gəlişimizin məqsədi ali təhsil müəssisəsində yaradılan “UNEC Extern”nin fəaliyyəti ilə yaxından tanış olmaq idi.

 

Böyük məmnuniyyətlə  mərkəzlə yaxından tanışlığımıza şərait yaradan ali təhsil müəssisəsinin rektoru, professor  Ədalət Muradovla birlikdə “UNEC Extern”də olduq.

 

“Kütləvi ali təhsilin distant olması daha məqsədəuyğundur”

 

Rektor Ədalət Muradov qeyd edir ki,  təhsil elitar və cəmiyyətdə intellektilə seçilmişlərin seçimi olmalıdır: “Ali təhsilin kütləviliyini də qəbul edərək düşünürük ki, kütləvi ali təhsil XXI əsrdə əsasən distant olsa, daha məqsədəuyğundur”. Rektorun sözlərinə görə, rəqəmsallaşma ali təhsilimizdə zəif yerlərimizi güclü tərəflərimizə çevirmək üçün real imkanlar yarada bilər: “Məhz bunu nəzərə alaraq, il ərzində 20 min tələbəyə distant təhsil verə biləcək müasir texnologiyalarla təchiz edilmiş “UNEC Extern” yaratmışıq. Təklif edirik ki, ölkəmiz bu prosesə ən qısa vaxt ərzində qoşulsun və ilk olaraq bu distant təhsil forması təkrar ali təhsilə, əcnəbilərə, yenidənhazırlığa və əlillərin təhsilinə tətbiq edilə bilər”.

 

Azərbaycan ali təhsili üçün mütərəqqi bir dəyişikliyin həyata keçirilməsini təklif etdiklərini və distant təhsillə bağlı müəyyən qaydalar da hazırladıqlarını deyən professor Ədalət Muradov bu təhsil formasının artıq xeyli müddətdir ki,  dünyanın inkişaf etmiş ölkələrində tətbiq edildiyini söyləyir: “Onu da yaxşı bilirik ki, distant təhsil üçün universitetlərdə müvafiq infrastrukturun olması vacibdir. UNEC-də bunun üçün hər bir şərait yaradılıb”.

 

Distant təhsil nədir və onun nə kimi xüsusiyyətləri var?

 

Qeyd edək ki, müasir  dövrdə informasiya-kommunikasiya  texnologiyalarının inkişafı hər sahəyə, eləcə də təhsil  sisteminə  öz təsirini göstərir. Bunun nəticəsidir ki, ölkəmizdə də distant,  yəni uzaq məsafədən keçirilən təlim-tədris prosesinin aktuallığı məsələsi gündəmə gəlməkdədir. Məlumat üçün bildirək ki, Azərbaycanda distant təhsil qanunvericilikdə öz əksini tapıb. Sadəcə, onun təşkilinin   mexanizmi yaradıldıqdan sonra ali təhsil müəssisələrində distant təhsilalma forması tətbiq oluna bilər. 

 

Hazırda dünyanın inkişaf etmiş bir çox ölkələrində təhsilin məsafəli forması - distant təhsil mövcuddur.

 

Distant təhsil - müəyyən məsafədən keçirilən təhsil sistemidir. Bu təhsil forması  ilk dəfə İngiltərədə yaranıb. Daha sonralar ABŞ, Almaniya və digər ölkələrdə geniş yayılıb. Bir çox üstünlüklərinə görə ali təhsilin distant forması əyani formasından belə daha cəlbedicidir. Təhsil ekspertləri distant təhsilin daha çox əyani təhsilin alternativi olduğunu bildirirlər. İnternetə çıxışı olan hər yerdə bu təhsil formasını almaq mümkündür. Dərslər onlayn keçirilir.

 

Distant təhsil  tədris prosesinin elektron, telekommunikasiya, proqram-texniki vasitələr əsasında təşkil olunduğu formasıdır. Distant təhsil öyrədən və öyrənən arasında əlaqəni telekommunikasiya və kompüter şəbəkələri vasitəsilə operativ, müntəzəm dialoq, qarşılıqlı əlaqə əsasında, uzaq məsafədən həyata keçirir. Adıçəkilən təhsilin xarakterik xüsusiyyətlərinə çeviklik, modulluluq, iqtisadi səmərəlilik, təhsilin keyfiyyətinə xüsusi nəzarət, müasir texnologiyalardan istifadə və s. aiddir. Distant təhsildə informasiyalar təhsil alanlara elektron materiallar, elektron dərslik, videodərslər və s. formalarda təqdim edilir. Distant təhsil forması hamı üçün istər maddi baxımdan,  istərsə də daha rahat və sərbəst şəkildə təhsil almaq baxımından olduqca münasibdir. Bu, illər ötdükcə daha çox inkişaf edəcək müasir təhsil formasıdır.

 

Təhsilin distant forması insanlara hansı imkanları yaradır?

 

Distant təhsil müəyyən obyektiv  səbəblər üzündən ali təhsil almaq imkanı olmayan və ya yeni ixtisas almaq arzusunu həyata keçirə bilməyənlər  üçün  real təhsil imkanları təqdim edir.

 

Distant təhsilin üstünlüklərindən biri də övladları bu təhsil formasını seçmək imkanı əldə edən  ailələrin əlavə xərclərdən (kirayə haqqı, nəqliyyat xərcləri və sair.) azad olmasıdır. Bu da təbii ki, maddi durumu aşağı olan ailələrin övladlarının daha az xərc çəkməklə ali təhsil almasına imkan verir. Distant təhsil almaq üçün ödənilən məbləğ də təhsilin digər formaları ilə (əyani, qiyabi) müqayisədə olduqca aşağı olur.

 

Distant təhsil forması həmçinin  əlilliyi, sağlamlıq durumu zəif olan gənclərimiz, vətəndaşlarımız üçün  də əvəzolunmazdır.

 

Göründüyü kimi, təhsilin distant forması daha geniş, daha keyfiyyətli olması,  müəllimlərdən daha məsuliyyətli, hazırlıqlı olmağı tələb edən,  eyni zamanda  az xərclə daha çox şəxsə təhsil vermək imkanı yaradan yeni istiqamətdir. Necə deyərlər, daha az maddi vəsait xərcləməklə yüksək təhsil almaq.

 

Distant təhsil zamanı tələbələr vaxtın çox hissəsini müstəqil şəkildə məşğul ola və müəllimlər də eyni zamanda daha çox tələbəyə dərs tədris edə bilərlər.

 

Distant təhsil mobildir və deməli, tələbənin daim aktual məsələlərə çıxışı olur. Bunun üçün sadəcə internet lazımdır.

 

“UNEC Extern” tələbələrə onlayn dərsə istənilən yerdən qoşulmaq imkanları verir

 

Dünyanın aparıcı universitetlərinin təcrübəsi əsasında hazırlanan “UNEC Extern”in 2018-ci il noyabrın 1-də açılışı olub. Mərkəz 2 mərtəbədən ibarətdir. Ən müasir texniki avadanlıqlarla təchiz olunan “UNEC Extern”də 6 tədris studiyası (auditoriya), 12 inzibati və 1 müzakirə otağı var.

 

Binanın   1-ci mərtəbəsində fəaliyyət göstərən “Call centre”də əməkdaşlar tərəfindən   distant təhsillə bağlı daxil olan zənglərin  cavablandırılması, telefonla müraciət edənlərin lazımi şöbələrlə əlaqələndirilməsi, zəng edənlərə baza məlumatlarının çatdırılması kimi funksiyaların yerinə yetirilməsi nəzərdə tutulur.  Digər bölüm - “Reception”da mərkəzə gələnlərin qarşılanması, ilkin məlumatların verilməsi, müəllimlərin auditoriyaya hazırlanması,   onların dərs cədvəlinə uyğun olaraq studiyalara yönləndirilməsi və digər işlər görüləcəkdir.

 

Qeyd edək ki, burada auditoriyaları studiyalar əvəz edir ki, onların da sayı   6-dır. Studiyaların tərtibatı və təchizatı bir çox ABŞ və Avropa universitetlərinin analoji mərkəzlərindən daha üstün təşkil edilib.

 

Rektorla həmin studiyalarda olarkən burada tədris prosesinin necə aparılacağının  əyani şahidi olduq. Professor Ədalət Muradov bildirdi ki, mərkəzin dizaynı distant təhsil fəlsəfəsinə uyğun qurulub. Onlayn  tədrisin aparılacağı studiyalarda elektron kürsü, xüsusi sensor lövhə, monitor, HD kamera və səs avadanlıqları quraşdırılıb. Müəllim və tələbələrin rahatlığı, eləcə də  keyfiyyətli  tədris prosesinin aparılması  ilə bağlı ən incə detallar belə nəzərə alınıb.  Belə ki,  müəllim artıq binaya daxil olduğu zaman qeyd edildiyi kimi, “Reception”da üzərinə   mikrofon taxılır, dərs cədvəlinə əsasən müvafiq studiyaya yönləndirilir. Müəllim studiyada monitorda tələbələrini görür və eyni anda tələbələr də harada olmalarından asılı olmayaraq müəllimi görürlər və  tədris prosesi başlayır. Ən müasir texniki avadanlıqlarla təmin olunan studiyalarda   tədris prosesində sual-cavabların,  canlı debatların, müəllimlərin təqdimatlarının yüksək səviyyədə aparılması üçün hərtərəfli imkanlar yaradılıb.

 

Müasir texnoloji avadanlıqlarla tam təchiz edilən”UNEC Extern”nin üstünlükləri sırasına onlayn dərsə istənilən yerdən qoşulmaq, tələbələrin mövzunu daha dərindən mənimsəmək üçün müəllimə sual vermək, müzakirələrdə iştirak etmək, dərslərin video bazasına istənilən vaxt və istənilən yerdən yenidən baxmaq imkanları daxildir. Mərkəzdə elə bir şərait yaradılıb ki, müəllim və tələbə ayrı-ayrı məkanlarda olmasını belə hiss etmir. Studiyalardakı bütün tədris prosesi xüsusi kameralar vasitəsilə çəkilir ki, bu da sonradan tələbələrə istədikləri dərsə yenidən baxmağa imkan verir. Belə ki, dərslər yazılır, xüsusi proqramla formatlaşdırılır və keçir arxivə. Qeyd olunduğu kimi, tələbələr istənilən vaxt hər hansı bir dərsi yenidən dinləmək və ya izləmək imkanı qazanırlar. Tələbələrin arzusu olarsa, şənbə və bazar günlərində də müəyyən dərs saatları salmaq olar.

 

Eyni tərtibata malik studiyaları yalnız rənglərinə görə ayırmaq mümkündür: qırmızı, bənövşəyi, sarı, mavi, yaşıl, narıncı. Bu isə estetik baxımdan göz oxşayır.

 

Mərkəzdə bir studiyadan eyni anda 1000 tələbəyə yüksək ixtisaslı müəllimlər tərəfindən təhsil vermək potensialı mövcuddur. Hazırkı infrastruktur bu göstəricini artırmağa qadirdir. Binada 3 və ya 4 növbəli təhsil vermək imkanları da yaradılıb.

 

Rektor bu təhsil formasının qiyabinin deyil, əyani təhsilin alternativi olduğunu, burada yeganə fərqin müəllimlə tələbənin eyni deyil, müxtəlif məkanlarda olmasını diqqətə çatdırdı. Bildirildi ki, qalan bütün proseslər əyani təhsildə olduğu kimi canlı ünsiyyət əsasında qurulur.

 

Mərkəzin yaratdığı imkanlar sayəsində dünya səviyyəli professorların  tədris prosesinə cəlb oluna biləcəyindən danışan Ədalət Muradov bunun üçün bütün zəruri texniki imkanların yaradıldığını dedi. Burada dərs deyəcək müəllimlər təbii ki, xüsusi hazırlığa,  yüksək biliyə malik olmalı,  İKT bacarıqlarından peşəkarlıqla istifadə etməyi bacarmalıdır. Rektorun sözlərinə görə, “UNEC Extern”də yaxşıların yaxşısı hesab edilən müəllimlərin dərs deməsi ən başlıca şərtlərdən biridir.

 

İstifadə olunan proqram təminatında da  tələbələrin rahatlığı tam nəzərə alınıb. Tələbələr istənilən qurğulardan (Android, İOS, MAC OS, Windows) dərs prosesinə qoşulub və təqdim olunan bütün xidmətlərdən istifadə edə bilərlər.Tələbələrin qeydiyyatı, davamiyyəti, qiymətləndirilməsi və attestasiyası elektron universitet modeli olan “Eduman” proqramı tərəfindən aparılması nəzərdə tutulub. Distant təhsilə həm ölkə ərazisindən, həm də xaricdən tələbələr qoşula bilərlər.

 

14 nəfərlik inzibati heyəti olan “UNEC Extern” Mərkəzinin 2-ci mərtəbəsində ofislər yerləşir ki, burada da  istər distant təhsilin idarəedilməsi, tələbələrə yüksək keyfiyyətli təhsil xidməti göstərilməsinin təmin edilməsi,  istərsə də distant təhsilin aparılmasında bütün texniki məsələlərin diqqətdə saxlanılması,  dərslərin videoyazılarının arxivləşdirilməsi, şəbəkənin fasiləsiz işləməsinin təmin edilməsi və digər işlərin həyata keçirilməsi nəzərdə tutulub.

 

Mərkəzin digər xidmətləri...

 

“UNEC Extern” həm də bir sıra şirkətlər, qurumların müraciətləri əsasında  orada çalışan əməkdaşlar üçün   onlayn təlimlərin,  sertifikat proqramlarının həyata keçirilməsində yaxından iştirak edir ki, bu da mərkəzin uğurla göstərdiyi əlavə xidmətləridir.

 

Belə ki, mərkəzdə  distant formada “Tyutor hazırlığı” üzrə sertifikat proqramı keçirilib. Bundan əlavə, İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təşkilatcılığı, Vergilər Nazirliyinin və UNEC-in dəstəyi ilə sahibkarlar,  “Paşa Holdinq”in əməkdaşları üçün distant formada təlimlər keçirilib.

 

Cari ilin sentyabrın 28-də isə UNEC-də Heydər Əliyev Fondu tərəfindən təşkil olunmuş distant Çin dili kursları üzrə dərslərə başlanılıb. Çin dili kursları ilə tanışlıq məqsədilə UNEC-də olan Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “UNEC Extern”də onlayn dərsləri izləyib. Onlayn olaraq keçirilən dərsdə Pekin Xarici Dillər Universitetinin Azərbaycan dili kafedrasında təhsil alan çinli tələbələrlə birbaşa bağlantı yaradılıb.

 

Çin dilini öyrənməyə yeni başlayan azərbaycanlılar üçün nəzərdə tutulan dərslər 1,5 saat olmaqla həftədə 3 dəfə keçiriləcək. Distant təhsil üzrə təlimlər ödənişlidir. Sosial cəhətdən dəstəyə ehtiyacı olan şəxslərin təhsil haqları isə Heydər Əliyev Fondu tərəfindən qarşılanır. Dinləmək, danışmaq, oxumaq və yazmaq dərslərindən ibarət olan elementar səviyyəni bitirən iştirakçılar Çin dilinin ümumi qrammatik quruluşuna bələd, sadə fikir mübadiləsi aparmaq bacarığında olacaq. Üç ay davam edəcək proqram üzrə təlimlər işdən ayrılmadan distant formada keçiriləcək. Layihənin tərəfdaşları Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dillər Universitetinin nəzdindəki Konfutsi İnstitutu və Pekin Xarici Dillər Universitetidir. Proqramı müvəffəqiyyətlə bitirən iştirakçılara sertifikatlar veriləcək. Çin dilini öyrənən tələbələr Çində təqaüd proqramları ilə təhsil almaq şansı da əldə edirlər.

 

UNEC-in rektoru, professor Ədalət Muradov Heydər Əliyev Fondunun  vitse-prezidenti Leyla Əliyevaya “UNEC Extern” Mərkəzi barədə ətraflı məlumat verib. Qeyd olunub ki, elektron proqram təminatında tələbələrin tam rahatlığı nəzərə alınıb, onlar istənilən məkandan internet vasitəsilə dərsləri dinləyə bilərlər. Leyla Əliyeva “UNEC Extern”nin distant təhsil vermək imkanlarını yüksək qiymətləndirib.

 

Heydər Əliyev Fondunun  vitse-prezidenti UNEC-in 24/7 kitabxanası ilə də tanış olub. Müasir proqram təminatı ilə təchiz edilmiş kitabxananın ölkəmizdə 7 gün, 24 saat fəaliyyət göstərən ilk universitet kitabxanası olduğu bildirilib. Burada məşhur kitabxanaların elektron resurslarına daxil olmaq, həmçinin Milli Kitabxananın 60 min kitab, 140 min qəzet və jurnal, 15 min dissertasiyadan ibarət elektron bazasından da istifadə etmək imkanının yaradıldığı qeyd edilib.

 

Samirə KƏRİMOVA



04.10.2019 | 14:20