AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun 90 illik yubileyi keçirilib

Oktyabrın 2-də AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun yaradılmasının 90 illik yubileyinə həsr olunmuş yığıncaq keçirilib.

 

Əvvəlcə tədbir iştirakçıları I Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin və akademik Yusif Məmmədəliyevin məzarlarını ziyarət edib, məzarları üzərinə əklil və gül dəstələri qoyublar.

 

Yığıncağı giriş sözü ilə açan AMEA-nın prezidenti Akif Əlizadə Neft-Kimya Prosesləri İnstitutunun 90 ildə şərəfli yol keçdiyini, ölkəmizdə neft kimyası və kimya elminin inkişafında mühüm rola malik olduğunu bildirib.  Akif Əlizadə qeyd edib ki, bu illər ərzində institutun alimlərinin elmi işləri Azərbaycan neftinin tədqiqinə, yüksək keyfiyyətli yanacaq və yağların alınması məqsədi ilə effektiv emalın elmi əsaslarının işlənilməsinə və digər məsələlərə həsr olunub.

 

Sonra akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru Vaqif Abbasov "Elmin zirvələrinə aparan 90 illik yol" adlı məruzə ilə çıxış edib.

 

Tədbirdə iştirak edən Təhsil naziri Ceyhun Bayramov yubiley münasibətilə institutun rəhbərlik və kollektivini, burada təhsil alan magistrant və doktorantları, məzunları təbrik edərək onlara elmi-pedaqoji fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıb. Ceyhun Bayramov qeyd edib ki, institut ölkəmizdə neft sənayesinin inkişafında mühüm rol oynayıb və əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş neft strategiyasının davam etdirilməsində bu institutun alimlərinin böyük xidmətləri olub. Nazir institutun elm-təhsilin inteqrasiyası baxımından əhəmiyyətli fəaliyyətini qeyd edib.

 

Ceyhun Bayramov  neft-kimya sənayesi sahəsinin aktuallığı, inkişaf perspektivləri və bu sahədə qeyd edilən trendlər barədə də danışıb. Nazirin sözlərinə görə, Azərbaycan təhsilinin və elminin qarşısında duran ən mühüm vəzifələrdən biri müasir inkişaf səviyyəsinə adekvat olan yüksək ixtisaslı, peşəkar, rəqabətqabiliyyətli kadrların, o cümlədən elmi kadrların hazırlanmasından ibarətdir.

 

Təhsil Nazirliyi tərəfindən istedadlı uşaqlarla bağlı ardıcıl və sistemli tədbirlər həyata keçirildiyini vurğulayan Təhsil naziri əlavə edib ki, bu sahədə institut alimlərinin çox xidmətləri olub və  işlər davam etdirilir. Ceyhun Bayramov ölkəmizin təhsil sistemində aparılan işlərdən danışarkən ali təhsillin əlçatanlığının təmin olunması sahəsində müsbət tendensiyanı da qeyd edib.

 

Daha sonra Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, AMEA-nın vitse-prezidenti  Dilqəm Tağıyev, akademik N.D.Zelinski adına Noosfera Mühafizə Mərkəzinin və Muzeyinin direktoru Andrey Nikolayeviç Zelinski, İğdır Universitetinin rektoru Mehmet Hakkı Alma, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı çıxış edərək institutun yaranma tarixindən, fəaliyyət istiqamətlərindən, həyata keçirilən layihə və tədqiqatlardan, uğurlu nəticələrdən danışıb, qurumun neft emalı və neft kimyası sahəsinə böyük töhfə verdiyini bildiriblər.

 

Çıxış edənlər elmi müəssisənin kollektivini 90 illik yubiley münasibətilə təbrik edib, gələcək tədqiqatlarda onlara uğurlar arzulayıblar.

 



02.10.2019 | 16:13