ADU-da akademik Heydər Hüseynova həsr olunmuş tədbir keçirilib | |
Azərbaycan Dillər Universitetində (ADU) “Qafqazşünaslıq” kafedrası, “Fəlsəfə və ictimai elmlər” kafedrası və “Azərbaycanşünaslıq” elmi-tədqiqat laboratoriyasının birgə təşkilatçılığı ilə “Görkəmli Azərbaycan filosofu, akademik Heydər Hüseynovun anadan olmasının 110 illiyi” mövzusunda “dəyirmi masa” keçirilib.
“Qafqazşünaslıq” kafedrasının müdiri, professor Əsgər Zeynalov “Heydər Hüseynovun həyat və fəaliyyəti” mövzusunda məruzə edib. O bildirib ki, Azərbaycan tərcümə məktəbinin əsasını qoyan H.Hüseynov 100-dən çox elmi məqalənin müəllifi olub və Nizami Gəncəvi, Abbasqulu ağa Bakıxanov, Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi, Füzuli və digər dahi şəxsiyyətlər haqqında ciddi tədqiqat işləri aparıb, Azərbaycan dilində ilk fəlsəfə dərslikləri hesab olunan “Dialektika və metafizika”, “Dialektik və tarixi materializm haqqında” kitablarını yazıb.
“Fəlsəfə və ictimai elmlər” kafedrasının baş müəllimi Kəmalə Yusifova “Heydər Hüseynov məktəbinin yetirmələri” adlı məruzəsində H.Hüseynovun tarix və fəlsəfə elminin inkişafına böyük töhfələrdən bəhs edib, eyni zamanda onun elmi fəaliyyətinin Azərbaycanda fəlsəfənin inkişafına güclü təkan verdiyini deyib.
“Azərbaycanşünaslıq” elmi-tədqiqat laboratoriyasının aparıcı elmi işçisi Solmaz Rüstəmova-Tohidi bildirib ki, Heydər Hüseynov Azərbaycan sovet elminin parlaq nümayəndəsi olub. O, Mirzə Fətəli Axundov irsinin tədqiqatçısı olan H.Hüseynovun filosof və tarixçilərin formalaşmasında mühüm əhəmiyyəti olan məqalələr və elmi təqdiqatların müəllifi olduğunu söyləyib.
|
|
26.04.2018 | 12:58 | |
|
|
|