Tələbələrə aylıq təqaüdlər veriləcək

Naxçıvan Dövlət Universitetində”Azərcell Telekom”MMC tərəfindən tələbələrə aylıq təqaüdlərin verilməsi ilə əlaqədar tədbir keçirilib. Universitetin Tədris və tərbiyə işləri üzrə prorektoru, dosent Rafiq Rəhimov ali təhsil müəssisəsində mütəmadi keçirilən bu tədbirlərin tələbələrin sosial vəziyyətinin yaxşılaşdırılmasına müsbət təsir göstərdiyini vurğulayıb.

 

İnsan kapitalının idarə edilməsi, istedadların cəlb edilməsi və professional inkişaf şöbəsinin kiçik mütəxəssisi Gülüstan Cəfərova təqaüd proqramı haqqında ətraflı məlumat verərək  bildirib ki, proqramı həyata keçirməkdə əsas məqsəd təhsildə müvəffəqiyyət əldə edən yüksək potensiallı tələbələrə xüsusi qayğı göstərmək, onların gələcəkdə peşəkar kimi formalaşmasına dəstək verməkdən ibarətdir. Vurğulanıb ki, proqramın bütün seçim mərhələlərini uğurla keçən tələbələr cari təhsil müddətinin sonuna qədər şirkət tərəfindən 200 AZN məbləğində aylıq təqaüd alacaq. Eyni zamanda gənclər proqram çərçivəsində İKT sahəsindəki biliklərini artırmaq, şirkətin korporativ tədbirlərində və sosial fəaliyyətində iştirak etmək, müxtəlif təlimlərə qoşulmaq və şirkətdə təcrübə keçmək imkanı əldə edə biləcəklər.

 

Şirkətin nümayəndələri qeyd ediblər ki, 2008-ci ildən indiyədək Azərbaycanın müxtəlif universitetlərində təhsil alan 156-dan artıq tələbə şirkətin fəxri təqaüdçüsü adına layiq görülüb. Tələbə təqaüdü proqramı 3 istiqamətdə həyata keçirilir. Müsabiqəyə müraciət etmək üçün tələbələr şirkətin rəsmi internet səhifəsinə (www.azercell.jobs) daxil olub qeydiyyatdan keçməlidir. Diqqətə çatdırılıb ki, ərizələr yalnız onlayn formada qəbul edilir. Təqaüd proqramının sonunda isə tələbələr sertifikat ilə təmin olunurlar. Ötən il SABAH  qruplarından 9, Bakıdan 9, Naçıvandan 3 tələbə müsabiqənin qalibi olub.

 

Sonda tələbələrin sualları cavablandırılıb.



01.10.2019 | 15:36