NDU-ya ödənişli əsaslarlarla qəbul olunan tələbələrdən 16 nəfəri təhsil xərclərindən azad edilib | |
Naxçıvan Dövlət Universitetinə (NDU) müvafiq ixtisaslara qəbul olunmuş tələbələrdən 16 nəfəri ödənişli əsaslarla qəbul olsalar da, artıq dövlət sifarişi əsasında təhsil alacaqlar. Bu 2019/2020-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə keçirilmiş müsabiqədən sonra xeyli sayda dövlət sifarişi yerlər qaldığına görə həmin yerlərə əlavə keçirilən müsabiqə nəticəsində mümkün olub. Dövlət İmtahan Mərkəzinin müəyyənləşdirdiyi siyahı əsasında universitetin Tibbi profilaktika ixtisasının 9, Elektroenergetika mühəndisliyi 4, Dəmiryol nəqliyyatı, İnformasiya texnologiyaları, İqtisadiyyat ixtisaslarının hərəsindən 1 nəfər olmaqla ümumilikdə 16 tələbəyə aid edilib.
Bu məqsədlə universitetdə tədbir keçirilib. Təhsil haqqından azad edilən tələbələrin də iştirak etdiyi tədbirdə ali təhsil ocağının rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov çıxış edərək təhsilimizə, elmimizə, tələbə-gəncliyə göstərilən dövlət qayğısından danışıb. Bildirilib ki, həmçinin dövlət sifarişi əsasında 600-dən az bal toplayaraq qəbul olunmuş tələbələrə bu tədris ilinin birinci semestri üçün adi, 600 və 600-dən yuxarı bal toplayaraq qəbul olunmuş tələbələrə isə əlaçı təqaüdü verilməsi nəzərdə tutulub. Vurğulanıb ki, bu ilin oktyabr ayının sonuna qədər isə ödədikləri təhsil haqlarının geri qaytarılması universitet tərəfindən təmin ediləcək. Rektor tələbələri dərslərində daha fəal olub, göstərilən etimadı doğrultmağa, vətəninə, xalqına əsl vətəndaş, seçdikləri ixtisaslar üzrə dövlətimizə əsl ixtisaslı kadr kimi formalaşmağa səsləyib.
Müəllimlər adından universitetin Tibb fakültəsinin dekanı, biologiya üzrə fəlsəfə doktoru, dosent Elsevər Əsədov, tələbələr göstərilən dövlət dəstəyinə görə öz minnətdarlıqlarını bildiriblər.
|
|
29.09.2019 | 13:45 | |
|
|
|