Məktəblərdə GÇH rəhbərlərinin fəaliyyəti gücləndirilir | |
İmişli Rayon Təhsil Şöbəsində ümumi təhsil məktəblərində GÇH rəhbərlərinin fəaliyyətinin gücləndirilməsinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə RTŞ-nin müdiri Ələmdar Quliyev, rayonun Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, polkovnik-leytenant Qulu Əsədov iştirak ediblər.
Ə.Quliyev çıxışında hərbi rəhbərlərin peşəkarlıqlarının artırılmasının bundan sonra da diqqət mərkəzində saxlanılacağını bildirib. O, vurğulayıb ki, hərbi rəhbərlər ilk növbədə özləri şagirdlərə nümunə olmalıdırlar. Çünki məktəblilərin hərbi xidmət və ordumuz barədə ilkin təəssüratları məktəbin hərbi rəhbərlərinin təsiri nəticəsində formalaşır. Buna görə də hərbi rəhbərlərin özləri də davranışlarına və peşəkarlıqlarının artırılmasına ciddi yanaşmalıdırlar.
Q.Əsədov bildirib ki, rayonda binası yenidən tikilən Qızılkənd və Aranlı kənd 2 nömrəli tam orta məktəblərin hərbi kabinetləri yeni əyani vəsaitlərlə təmin olunub. Bu sahədə yaradılmış şərait və həyata keçirilən tədbirlər hərbi rəhbərlərin işlərinə daha məsuliyyətlə yanaşmaları üçün stimul yaradıb. O, məktəblərdə gənclərin çağırışaqədərki hazırlığı fənninin tədrisi səviyyəsinin yüksəldilməsi istiqamətində görülən işlərdən danışıb. Daha sonra qeyd edib ki, gənclərin çağırışaqədərki hazırlığı fənni həm gənclərin fiziki və hərbi-vətənpərvərlik tərbiyəsində, həm də ordu sıralarına hazırlanmasında mühüm əhəmiyyət daşıyır. Fənn müəllimləri öz işlərini tələb olunan səviyyədə qurmalı və şagirdlərin gənc əsgər kimi yetişdirilməsinə xüsusi diqqət yetirməlidirlər.
Q.Əsədov “Vətənin müdafiəsinə hazıram!” adlı silsilə tədbirlərin 2019-2020-ci dərs ilində də keçirilməsinin və bu tədbirlərdə müharibə veteranlarının, müəllimlərin iştiraklarını təşkil etməyin, şagirdlərin vətənpərvərlik ruhunda çıxışlarının ümumi işə böyük fayda verə biləcəyindən də danışıb. Bildirilib ki, məktəblilərin müntəzəm olaraq hərbi hissələrə aparılması davam etdirilməli, onlar praktiki hərbi xidmətlə tanış olunmalıdırlar.
Yeni dərs ilində GÇH rəhbərlərinin qarşısında duran vəzifələrin yerinə yetirilməsi və onların bilik və bacarıq səviyyələri müzakirə edilib. Hərbi rəhbərlərin peşəkarlıqlarının artırılmasının bundan sonra da diqqət mərkəzində saxlanılacağı bildirilib.
Sonda hərbi rəhbərləri maraqlandıran suallar cavablandırılıb.
Vilayət ƏLİYEV, İmişli Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi |
|
28.09.2019 | 12:37 | |
|
|
|