“Google” tərəfindən dünyanın ən güclü kompüteri yaradılıb | |
ABŞ-ın “Google” şirkəti hesablamaların sürətli aparılmasına görə, ən güclü superkompüter hesab edilən “IBM” korporasiyasına məxsus “Summit” superkompüterini üstələyən dünyanın ən güclü kvant kompüterini yaradıb.
www.lenta.ru saytının məlumatında bildirilir ki, “IBM” qurğusu bir hesablamanın yerinə yetirilməsi üçün 10 min il tələb etdiyi halda “Google” kompüteri bunu 200 saniyə ərzində edib. Lakin “Google” kvant kompüteri hazırda yalnız bir texniki hesablama apara bilir. Şirkət nümayəndələrinin sözlərinə görə, qurğu praktiki tapşırıqların icrasına bir neçə ildən sonra hazır olacaq.
“Google” nümayəndələri kompüteri tam miqyaslı kvant hesablama prosesi yolunda mühüm dövr adlandırıblar. Onların proqnozuna görə, kvant kompüterlərinin gücünün artırılması “Mur” qanununda yer alan ədədi silsilə göstəricilərini dəfələrlə üstələyəcək.
Qeyd edək ki, kvant kompüter iş prinsipi adi kompüterlərdən fərqlənən və kvant mexanikası əsasında işləyən hesablayıcı qurğudur. Kvant kompüter ənənəvi bitlərin əvəzinə kubitlərdən istifadə edir.
Kvant kompüterin praktiki tətbiqi hələ ki, sübut edilməyib. Hesab edilir ki, kvant kompüter tranzistorların daim azalması şəraitində texnologiyaların inkişafı üçün fiziki maneələri aradan qaldıra bilər.
Samirə KƏRİMOVA |
|
28.09.2019 | 09:35 | |
|
|
|