Məktəblər arasında respublika çempionatına hazırlıq seminarları | |
2019-2020-ci tədris ilində keçiriləcək məktəblər arasında respublika çempionatına hazırlıqla bağlı müəyyən edilmiş zonalar üzrə seminarlar təşkil edilib.
Tərəfdaş təşkilatların nümayəndələri tərəfindən Gəncə və Qubada keçirilən seminarlarda müvafiq zonalar üzrə respublikanın 28 rayon (şəhər) təhsil şöbələrinin fiziki tərbiyə metodistləri, rayon (şəhər) gənclər və idman idarələrinin, uşaq-gənclər idman-şahmat məktəblərinin rəhbərləri və ümumi təhsil müəssisələrinin fiziki tərbiyə müəllimləri iştirak ediblər.
Seminarlarda iştirakçılara çempionatın mərhələlər üzrə yüksək səviyyədə təşkili, müvafiq sənədləşmə işlərinin aparlması ilə əlaqədar tövsiyələr verilib, idman növləri üzrə keçiriləcək yarışların qaydalarını əks etdirən vəsaitlər paylanılıb.
Qeyd edək ki, məktəblər arasında respublika çempionatı 2018-2019-cu tədris ilindən Təhsil, Gənclər və İdman nazirlikləri, Milli Olimpiya Komitəsi, Azərbaycan Məktəb İdmanları Federasiyasının birgə əmrinə əsasən təşkil olunur.
Çempionatın keçirilməsində məqsəd bütün yaş qrupları üzrə ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sağlam həyat tərzinə istiqamətləndirilməsi, onların asudə vaxtının səmərəli təşkili, idmana olan marağının artırılmasıdır. Ümumtəhsil məktəblərinin idman sahəsində sinifdənxaric və məktəbdənkənar fəaliyyətlərinin qiymətləndirilməsi, eyni zamanda birgə əmri imzalayan hər bir qurumun potensial və koordinasiya imkanlarından istifadə etməklə çempionatın keçirilməsi nəticəsində idmanda kütləviliyin təmin olunması da çempionatın məqsədləri sırasına daxildir.
|
|
27.09.2019 | 15:47 | |
|
|
|