Xalq artisti Cahangir Novruzovla görüş keçirilib
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) tanınmış aktyor və rejissor Azərbaycan Respublikasının Xalq artisti, Türkiyənin Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Novruzovla görüş keçirilib. 
 
 
ADMİU-nun rektoru, professor Ceyran Mahmudova qeyd edib ki, vaxtilə bu universitetdə təhsil almış görkəmli sənətkarlardan biri də C.Novruzov olub. “Azərbaycan realist aktyor məktəbinin banisi Cahangir Zeynalovun, səhnəmizin qüdrətli aktrisası, hamının sevimlisi Nəsibə Zeynalovanın yadigarı olan Cahangir müəllimin həm rejissor, həm aktyor, həm də pedaqoq kimi zəngin fəaliyyət yolu var. Görkəmli sənətkarımız uzun illərdir, qardaş ölkə Türkiyədə yaşayır, orada yaradıcı və pedaqoji fəaliyyətini davam etdirir”- deyən rector əlavə edib ki, bu günlərdə Cahangir müəllimə "Xalq artisti" adının nişanı və vəsiqəsi təqdim edilib: “Biz də Bakıda olmasından istifadə edərək, Cahangir müəllimlə görüşmək təşəbbüsü ilə çıxış etdik. Düşünürəm ki, görkəmli sənətkarla görüş, onunla ünsiyyət tələbələrimiz üçün çox səmərəli olacaq”. 
 
 
C.Novruzov təbrikə və bu görüşün təşkilinə görə ADMİU-nun rəhbərliyinə və kollektivinə təşəkkürünü bildirib. Qeyd edib ki, bu universitet həmişə onun üçün doğma olub. 
 
 
Aktyor sənətə gəlişi, çəkildiyi filmlər, rol aldığı tamaşalar və yaratdığı obrazlar haqqında, Türkiyədəki fəaliyyəti, milli kino və teatr sənətinin hazırkı durumu və inkişaf perspektivləri barədə danışıb, tələbələrin suallarını cavablandırıb. 
 
 
2 saatdan artıq davam edən səmimi görüşün sonunda ADMİU-nun kollektivi C.Novruzovla xatirə fotosu çəkdirib və sevimli aktyoru alqışlarla yola salıb. 
 


26.09.2019 | 18:48