BANM SOCAR-ın III Beynəlxalq Forumunu konfrans ilə yekunlaşdırır | |
Bakı Ali Neft Məktəbinin (BANM) və “Confidence Capital” (Böyük Britaniya) şirkətinin təşkilatçılığı ilə keçirilən və ümummili lider Heydər Əliyevin 95 illiyinə həsr olunan SOCAR-ın “Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft emalı, Neft-kimya” adlı III Beynəlxalq Forumu artıq üçüncü gündür ki davam edir. Forumun 4 günlük proqramına əsasən bu gün “Xəzərin və Mərkəzi Asiyanın neft emalı və neft-kimyası – layihələrin həyata keçirilməsi və texniki həllər” adlı konfrans keçirilir.
Konfransı açan BANM-ın rektoru Elmar Qasımov çıxış edəcək məruzəçilərə və iştirakçılara uğurlar arzu edib, Bakı Ali Neft Məktəbinin SOCAR-ın III Beynəlxalq Forumuna və onun çərçivəsində keçirilən Beynəlxalq Konfransa ev sahibliyi etməsindən böyük sevinc hissi keçirdiyini bildirib.
Dörd sessiyadan ibarət olan konfransın ilk sessiyası “Azərbaycanın köhnə neft-kimya müəssisələrinin modernizasiyası ilə bağlı nəticələrin təhlili və yeni müəssisələrin işə salınması” haqqında məruzələrə həsr olunub. Bu sessiyada 3 məruzəçi - SOCAR Karbamid zavodunun direktoru Xəyal Cəfərov, “Azərikimya” İstehsalat Birliyinin İnvestisiya və inkişaf üzrə icraçı direktorunun müavini Orxan Cəfərov və “SOCAR Methanol” MMC-nin baş direktoru Elnur Mustafayev çıxış ediblər.
Konfransın dördüncü sessiyası isə dörd əcnəbi qonağın “Neft emalı zavodlarında yeni informasiya texnologiyalarının tətbiq olunması: İdarə olunmasının effektivliyinin artırılması” mövzusunu əhatə edəcək məruzələrindən ibarət olacaq.
SOCAR-ın III Beynəlxalq Forumu çərçivəsində keçirilən “Xəzərin və Mərkəzi Asiyanın neft emalı və neft-kimyası – layihələrin həyata keçirilməsi və texniki həllər” adlı konfransda müxtəlif ölkələrdən 250-dən çox menecer və ekspert iştirak edir.
Qeyd edək ki, SOCAR-ın III Beynəlxalq Forumunun rəsmi hissəsinə bu gün bağlanış mərasimi ilə yekun vurulacaq. Forumun sonuncu günü - aprelin 26-da isə iştirakçılar üçün Heydər Əliyev adına Neft Emalı Zavodu və Sumqayıt neft-kimya kompleksinə texniki səfər təşkil olunacaq. |
|
25.04.2018 | 16:15 | |
|
|
|