Ərtoğrol Cavidin 100 illik yubileyi qeyd olunub | |
AMEA Naxçıvan Bölməsində “Azərbaycanın qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid” mövzusunda elmi konfrans keçirilib. Tədbir Naxçıvan Bölməsi, Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatı, Naxçıvan Dövlət Universiteti, Naxçıvan Universiteti və Naxçıvan Müəllimlər İnstitutunun birgə təşkilatçılığı ilə baş tutub.
Bölmənin sədri, akademik İsmayıl Hacıyev Hüseyn Cavid nəslinin layiqli davamçısı Ərtoğrol Cavidin həyat yolundan, onun zəngin və parlaq yaradıcılıq fəaliyyətindən danışıb. Ərtoğrol Cavidin rəssam, bəstəkar, musiqişünas, tədqiqatçı, dramaturq, tərcüməçi, şairlik fəaliyyətindən söz açan alim bildirilib ki, Azərbaycan Dövlət Pedaqoji İnstitutunu fərqlənmə diplomu ilə bitirən Ərtoğrol, həmçinin Azərbaycan Dövlət Konservatoriyasında oxuyub, görkəmli bəstəkar Üzeyir Hacıbəyovun tələbəsi olub. Vurğulanıb ki, Ərtoğrol Cavid 200-dən çox unudulmaqda olan el nəğmələrini, folkloru, xalq musiqisi və rəqslərini toplayıb nota köçürüb.
Tədbirdə ümummilli lider Heydər Əliyevin Cavidlər ailəsinə göstərdiyi qayğıdan da ətraflı bəhs edilib. Akademik ölkə rəhbərliyi tərəfindən Cavidlər irsinə göstərilən diqqət və qayğının bütövlükdə Azərbaycan ədəbiyyatına verilən dəyər olduğunu bildirib. Vurğulayıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclis sədri Vasif Talıbovun 18 aprel 2019-cu il tarixli “Ərtoğrol Cavidin 100 illik yubileyinin keçirilməsi haqqında” imzaladığı sərəncam da Cavidlər ailəsinə göstərilən dövlət qayğısının davamı və bariz nümunəsidir.
Konfransda, həmçinin Bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev “Ərtoğrol Cavidin həyatı və yaradıcılığı”, Naxçıvan Dövlət Universitetinin professoru, filologiya üzrə elmlər doktoru Hüseyn Həşimli “Ərtoğrol Cavidin bədii yaradıcılığı”, Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının sədri Yaşar Xəlilov “Ərtoğrol Cavidin bəstəkarlıq fəaliyyəti”, “Naxçıvan” Universitetinin “Pedaqoji” fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru Nurlana Əliyeva “Ərtoğrol Cavid: yarımçıq qalmış ömrün notları”, Naxçıvan Müəllimlər İnstitutunun dosenti, filologiya üzrə fəlsəfə doktoru “100 ilin zirvəsindən görünən Ərtoğrol Cavid” mövzusunda məruzələrlə çıxış ediblər. |
|
25.09.2019 | 11:34 | |
|
|
|