Alimlər şagirdlərə dərs deyir | |
Ölkələrin qüdrətli olması üçün onların iqtisadiyyatı, hərbi gücü, sosial durumu, mədəniyyəti ən inkişaf etmiş səviyyədə olmalıdır. Göstərilənlərə nail olmaq üçün birinci növbədə həmin ölkələrin təhsil sisteminin yüksək səviyyədə olması əsas şərtdir. Bəs, təhsilin yüksək səviyyəyə qaldırılması üçün hansı keyfiyyətlər prioritet təşkil etməlidir? İqtisadiyyatın inkişafı təhsilin inkişafı ilə düz mütənasibdir. Ola bilməz ki, ölkələrin iqtisadiyyatı inkişaf etsin, lakin təhsili zəif olsun! Müdrik bir kəlamda deyildiyi kimi, “Millətlər necə oxuyursa, elə də yaşayırlar”. Təhsilin yüksək səviyyədə olması isə, ilk növbədə, tədris prosesində milli dəyərləri saxlamaqla yanaşı, qabaqcıl ölkələrin təhsil sistemindən bəhrələnmək və müasir təlim innovasiyalarından səmərəli istifadə edilməsi zəruridir. Fikrimizcə, keyfiyyətli təhsil üçün aşağıdakı amillərin nəzərə alınması vacibdir:
1. Təhsilin məzmununun daim yenilışməsi və təkmilləşdirilməsi. 2. Müasir təlim texnologiyalarından təlim prosesində səmərəli istifadə edilməsi. 3. Təlimin keyfiyyətini müəyyən edən, kurikulum tələblərinə cavab verən qiymətləndirmə sisteminin yaradılması. 4. Müəllimlərin peşəkarlıq səviyyəsinin müntəzəm artırılması. 5. Milli dəyərləri nəzərə almaqla inkişaf etmiş ölkələrin təhsil sistemindən bəhrələnmək. 6. Pedaqoji fakültədə təhsil alan tələbələrin pedaqoji təcrübələrinin peşəkar müəllimlər tərəfindən aparılması.
XXI əsrdə bütün sahələrdə olduğu kimi, təhsil sistemində də qloballaşma gedir. Bu qloballaşmanın mahiyyətini yaddaş məktəbindən təfəkkür məktəbinə keçid təşkil edir. Təfəkkürün dəyişməsi özünü indiqo (kosmik təfəkkürlü) gənclərin yetişməsində daha qabarıq şəkildə göstərməyə başlamışdır. Təhsildə aparılan islahatlar ölkələri yeni təhsil mühitinin yaradılmasına, müəllimlərin peşəkarlıq səviyyəsinin müasir tələblərə uyğunlaşmasına və uşaqlara yanaşmada müəllimlərin fəaliyyətində müsbət mənada dəyişikliklər yaradılmasına zərurət yaranmışdır.
Təcrübə göstərir ki, şagirdlərin marağı daha çox canlı ünsiyyət və dialoq üzərində qurulan dərslərə yönəlir. Bu marağın təmin olunmasında interaktiv (daha fəal) metod və İKT-nin təlim prosesində səmərəli tətbiq edilməsinin xüsusi rolu vardır.
Peşəkar müəllim hansı keyfiyyətlərə malik olmalıdır?
Bu gün ölkələrdə təhsil müəssisələri nə qədər geniş infrastruktur və maddi-texniki bazaya malik, müasir İKT avadanlıqları ilə təmin olsa da, təhsilə sərf olunan maliyyə vəsaitləri kifayət qədər olsa belə, peşəkar müəllimlər olmadan təhsilin inkişafını beynəlxalq standartlara cavab verəcək səviyyədə qurmaq çətin olur. Bəs, peşəkar müəllim hansı keyfiyyətlərə malik olmalıdır? Hər şeydən əvvəl, müəllim öz peşəsinin vurğunu olmalıdır. Öz peşəsini mükəmməl bilməyən müəllim şagirdlərinə tədris etdiyi fənni sevdirə bilməz. Bunun üçün müəllim şagirdlərin dərketmə (Blum taksonomiyası, Qardner nəzəriyyəsi) səviyyələrini bilən, özünə inam, özünü qiymətləndirməni bacaran (Qultman şkalası) uşaqların ehtiyaclarını təsnifləşdirmə (A.Maslonun ehtiyaclar nəzəriyyəsi) nəzəriyyələri ilə tanış olmalıdır. Bu nəzəriyyələri öyrənmədən müəllim yalnız üzdə görünən (şagidlərin davranışını, onların dərsdəki cavablarını, fəallığını, dərsə marağını, diqqətli olub-olmamağını və s.) məsələləri müşahidə edə bilir. Şagirdlərin təfəkküründə gedən, lakin gözlə görünməyən (dərk etməsini, nə haqda düşünməsini, informasiyanı qəbul edib emal etməsini, qəbul olunmuş informasiya haqqında hansı nəticəyə gəlməsini və s.) prosesləri lazımi səviyyədə dərk edə bilmir.
Bəs, müəllimlərin peşəkarlıq səviyyəsini necə yüksəltmək olar? Düşünürəm ki, bunun üçün ilk növbədə ali məktəblərin pedaqoji fakültələrində pedaqoji təcrübələrini keyfiyyətli keçirilməsindən başlamaq lazımdır.
Seminar dərslərdə tələbələr biliyini özləri qiymətləndirirlər
Naxçıvan Müəllimlər İnstitutunda təhsilin keyfiyyətini yaxşılaşdırmaq məqsədilə və qismən də adıçəkilən nəzəriyyələrə əsaslanan müəyyən işlər aparılır. Belə ki, seminar dərslərində tələbə mövzunu izah etdikdən sonra biliyini özləri qiymətləndirirlər (Nəzərə alsaq ki, “Sabahın Müəllimləri” şagirdlərin biliyini obyektiv qiymətləndirməyi bacarmalıdırlar). Burada nələr nəzərə alınır: mövzu tam əhatə olunurmu? İzahda sistemlilik-ardıcıllıq prinsipləri gözlənilirmi? Cümlələrin quruluşu - Azərbaycan dilinin qrammatik qayda və qanunlarına uyğunluğu necə idi? Nitqin təmizliyi, aydınlığı, səlistliyi, rəvanlığı, nəfəs almanın normallığı, dinamikliyi, sadəliyi, səsin tempi, ürəyə yatımlığı, dərsi izah edərkən özünü gərginləşdirməməsi (rahat hiss etmə), ən vacibi isə dərsi şagirdlərin başa düşəcəyi dildə izah edilməsi və s. şərtlərinin nəzərə alınması. Əgər danışıqda müəyyən nöqsanlar müşahidə olunarsa, bu nöqsanları yaradan səbəb nə idi? Göstərilən məqamlar nəzərə alınaraq və yekunda hər bir tələbə özü-öz danışığına qiymət verir. Sual belə qoyulur. Şagirdin sənin kimi cavab versə idi, sən ona hansı qiyməti verərdin? Əksər hallarda tələbələrin özlərinə verdiyi qiymətlərlə müəllimin nəzərdə tutduğu qiymətlər üst-üstə düşür. Bu formada aparılan qiymətləndirmədə semestrin sonunda tələbələrə müəllimlər arasında qiymətləndirmədə ciddi problemlər yaranmır. Bu qayda ilə aparılan dərslərdə əksər tələbələr seminar dərslərinə daha yaxşı və məsuliyyətlə hazırlaşırlar.
Tələbələrlə kollokviumlar aparılır
Başqa bir önəmli məqam isə tələbələrlə kollokviumların aparılmasıdır: Çoxillik təcrübəmə əsaslanaraq kollokviumları belə təşkil edirəm: İmtahan sualları bir qayda olaraq semestrin əvvəlində hər bir tələbəyə şəxsən təqdim edilir. İmtahan sualları təqribən üç hissəyə bölünür. Kollokviumlar ayda bir dəfədən az olmayaraq seminar dərslərində üç mərhələdə keçirilir. Birinci mərhələdə imtahan suallarının 1/3 hissəsi (15 dəqiqə), ikinci mərhələdə 2/3 hissəsi (30 dəqiqə) və üçüncü mərhələdə isə (45 dəqiqə) imtahan suallarının hamısı kollokviuma salınır. Sualların həcmindən asılı olaraq mərhələlərə ayrılan vaxt bölgüsü dəyişdirilə bilər. Kollokviumlar fənn müəlliminin ciddi nəzarəti ilə aparılır. Belə ki, mobil telefonlar, mühazirə dəftərləri, dərs vəsaitləri və dərsliklər tam yığışdırılır. Birinci mərhələdəki suallar ikinci mərhələdə, birinci və ikinci mərhələdəki suallar isə üçüncü mərhələdə təkrar salına bilər. Bu formada aparılan kollokviumların üstün cəhəti orasındadır ki, əgər tələbə bu və ya digər səbəbdən kollokviumların birinci və ya ikinci mərhələsində iştirak edə bilməyibdirsə, ona imkan yaradılır ki, üçüncü mərhələdə (yekun mərhələsi) iştirak etməklə burda aldığı qiyməti əvvəlki, mərhələdəki birinci və ya ikinci mərhələyə aid edilsin. Kollokviumların bu qayda ilə təşkili, tələbələrin imtahanlara artıq üçüncü mərhələdə hazır olmalarına əlverişli şərait yaranır. Nəticədə tələbələr imtahanlarda xoşa gəlməyən problemlərlə qarşılaşmır və yaxşı nəticələr əldə edirlər.
“Sabahın müəllimi”
Bu deyilənlərlə yanaşı, institutda “Sabahın müəllimi” layihəsi neçə illərdir ki, həyata keçirilir və effektv nəticələr əldə olunur. Müəllimlik peşəsinin sirlərini “dörd divar” arasında mühazirə oxumaqla öyrətmək mümkün deyildir. Bu layihənin mahiyyəti ondan ibarətdir ki, müəllimlik sənətinə xüsusi maraq və həvəs göstərən istedadlı tələbələri bu layihəyə cəlb etməklə gələcək müəllimlərin peşə hazırlığını xeyli yaxşılaşdırmaq olur. Müəllimlik sənətinə xüsusi maraq göstərən istedadlı tələbələr Naxçıvan şəhər 12 nömrəli məktəbdə ustad müəllimlərin dərslərini dinləyir (tədris planında nəzərdə tutulan təcrübə saatlarından əlavə) və özünü kifayət qədər hazırlıqlı hiss etdikdən sonra, sinif müəllimi, institutun nəzəri dərsləri aparan müəllim və tələbə yoldaşlarının bir hissəsi (4, 5 tələbə növbə ilə) onların dərslərini dinləyərək müşahidə aparır. Burada əsasən aşağıdakı məqamlara diqqət yetirilməsi məsləhət görülür: şagirdlərin dərsdə fəallığı necə təmin olunmuşdur? İKT-dən və müxtəlif elektron resurslardan səmərəli istifadə olundumu? Müəllim dərsin məqsədini düzgün çatdıra bildimi? Metod, vasitələr və iş forması düzgün seçilmişdirmi? Dərsin başqa fənlərlə əlaqəsi (inteqrasiya) göstərildimi? Şagirdlərin bir-biri ilə və müəllimlə ünsiyyət yaratması necə idi? Şagirdlərin biliyinin qiymətləndirilməsi düzgün aparıldımı? Vaxt bölgüsünə düzgün əməl olundumu? Sonda dərs müzakirə edilir. Müzakirədə ilk sözü dərsi aparan tələbəyə (sabahın müəlliminə) verilir. Tələbə dərsin gedişində ancaq buraxdığı nöqsanlar və onların səbəblərini izah edir. Sonra tələbə yoldaşları dərsdə müşahidə etdikləri müsbət və mənfi cəhətlərini göstərirlər. Daha sonra fənn müəllimi və ən nəhayət, nəzəriyyə müəllimi dərs haqqında öz düşüncələrini bildirərək müzakirəni yekunlaşdırır. Müzakirə zamanı fikirlərin təkrarına yol verməmək tələbələrin diqqətinə çatdırılır. Müzakirənin gedişi protokolda öz əksini tapır. Ən yaxşı dərs aparan tələbə və orta məktəb müəllimi, nəzəriyyə dərsini deyən müəllimin təqdimatı ilə institutun rektorluğu tərəfindən mükafatlandırılır.
Bu qaydada aparılan dərslər, demək olar ki, tədris ili müddətində həftədə bir dəfədən az olmamaq şərtilə (tədris planında nəzərdə tutulan dərslərə mane olmamaqla) keçirilir. Əgər tələbə ikinci növbə oxuyursa - ali məktəbdəki dərsinə mane olmamaq şərti ilə birinci növbədə (bir akademik saat dərsin keçirilməsi, təqribən bir o qədər də müzakirəsi) keçirilir.
Naxçıvan MR Ali Məclisinin Sədri Vasif Talıbovun müvafiq sərəncamına əsasən alimlər tərəfindən ümumi təhsil məktəblərində müntəzəm olaraq “açıq dərs”lərin aparılması nəzərdə tutulur. Ümumi təhsil məktəb müəllimlərinin kurikulumla bağlı müəyyən çətinlikləri və sualları olarsa, onu yerindəcə həll etmək mümkün olur. Nəticədə ali məktəblə ümumi təhsil məktəblərin əlaqəsini möhkəmləndirmək üçün əlverişli şərait yaranır. Bu deyilənlər, şübhəsiz ki, təhsilin keyfiyyətinə öz müsbət təsirini göstərəcəkdir.
Qabaqcıl təcrübədən bəhrələnmək
Peşəkar müəllimlər hər bir şagirdə fərdi yanaşmaqla, onların potensial imkanlarını nəzərə almaqla tədris prosesini təşkil edir. Belə ki, zəiflər, orta səviyyəlilər və istedadlılara yanaşma tərzi hər birinin gücünə müvafiq olur.
Təhsilin keyfiyyətinin yüksəldilməsinin əsas meyarı peşəkarlıqdırsa, peşəkarlığın əsas meyarı isə qabaqcıl təcrübədən bəhrələnməkdir. Bu təcrübə istər daxili, istərsə də xarici ölkələrin qabaqcıl təcrübəsi olsun.
Tofiq MƏMMƏDOV, Naxçıvan Müəllimlər İnstitutunun dosenti,pedaqoji elmlər üzrə fəlsəfə doktoru, Gülxanım ORUCOVA, Naxçıvan Şəhər Təhsil Şöbəsinin baş məsləhətçisi |
|
22.09.2019 | 10:35 | |
|
|
|