2019-cu ilin Nobel mükafatı laureatlarının adları elan olunacaq | |
Ənənəyə uyğun olaraq, Nobel Mükafatları Komitəsi tərəfindən hər il elmin ayrı-ayrı sahələri üzrə mühüm kəşflərə imza atmış görkəmli alimlərə Nobel mükafatı təqdim olunur. Komitənin rəsmi www.nobelprize.org saytının məlumatına əsasən, 2019-cu ilin Nobel mükafatı laureatları oktyabrın ilk günlərində İsveçdə keçiriləcək "Nobel həftəliyi" günlərində elan ediləcək. Hazırda mükafatın komitələri 2019-cu ildə Nobel mükafatı laureatlarının seçilməsi və Alfred Nobelin xatirəsinə iqtisadi elmlər sahəsində Sveyqes Riksbank adına mükafatın seçilməsi üzrə ciddi və müstəqil iş aparırlar.
Məlumatda mükafat sahiblərinin adlarının açıqlanacağı günlərin anonsu verilib. İlk olaraq oktyabrın 7-də İsveçin Karolinsk İnstitutunda fiziologiya və tibb üzrə Nobel mükafatı sahibinin adı açıqlanacaq. İsveç Kral Akademiyası tərəfindən oktyabrın 8-də fizika, İsveç Elmlər Akademiyası tərəfindən oktyabrın 9-da isə kimya üzrə namizədlərin adları elan olunacaq. Oktyabrın 10-da İsveç Akademiyası ədəbiyyat üzrə ilin laureatı adını açıqlayacaq. 2019-cu il üzrə Nobel sülh mükafatının sahibi oktyabrın 11-də məlum olacaq.
Alfred Nobelin xatirəsinə iqtisad elmləri üzrə İsveç Bankının mükafatına (Sveriges Riksbank Prize) layiq görüləcək alimin adı oktyabrın 14-də elan olunacaq.
Hazırda mükafatın fondu 1,12 milyon ABŞ dolları (9 milyon İsveç kronu) təşkil edir.
Oruc MUSTAFAYEV |
|
21.09.2019 | 10:28 | |
|
|
|