“Öyrətmək yenidən öyrənməkdir”

Təhsil  sistemində  islahatların  məqsədi  ondan ibarətdir ki, Azərbaycanın təhsil sistemi dünya təhsil sisteminin  standartları ilə uyğunlaşsın.

Heydər ƏLİYEV,

ümummilli lider

 

Təhsildə müsbət dəyişikliklərin aparılması üçün mühüm vasitə rolunun yerinə yetirilməsi, təhsilin keyfiyyəti üçün əsas göstərici olan “şagirdin təlim nəticələri” haqqında etibarlı məlumat verilməsi, qiymətləndirmə vasitəsilə şagirdin bilik və bacarıqları haqqında kifayət qədər məlumat əldə edildikdən sonra fənn kurikulumlarında və dərsliklərdə müvafiq dəyişikliklərin aparılması, təhsildə olan bəzi neqativ hallara qarşı mübarizə vasitəsi funksiyası, qiymətləndirmədə yeni yanaşmaların yaddaşa əsaslanan qiymətləndirmənin əksinə olaraq, məntiqi təfəkkür vərdişlərinin inkişafına xidmət etməsi müasir dövrdə qiymətləndirmə fəaliyyətinə qoyulan tələblərdir .

 

Son illərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan məqsədyönlü islahatlar ölkəmizdə təhsili müasir inkişaf səviyyəsinə çatdırmaqla yanaşı, həm də gələcək üçün etibarlı zəmin yaratmışdır. Müvafiq məsələlərin köklü həlli üçün böyük imkan yaradan “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda müəyyənləşdirilmiş  əhəmiyyətli layihələr xüsusilə qeyd olunmalıdır. Təhsil Nazirliyi tərəfindən davamlı olaraq keçirilən Təhsildə inkişaf və innovasiyalar üzrə qrant layihələr  qabaqcıl ideyaları ilə cəmiyyətimizin inkişafına böyük töhfələr verir. Ölkəmizdə təhsilin inkişafı cəmiyyətimiz üçün keyfiyyətli və əhəmiyyətli təhsil imkanları yaradır.

 

Qiymətləndirmə sistemindəki islahatlar təhsildə müsbət dəyişikliklərin aparılması üçün mühüm vasitədir. Yeni qiymətləndirmə sisteminin yaradılması prosesinin müəllim hazırlığı sahəsində aparılan islahatlarla sıx əlaqəli şəkildə həyata keçirilməsi ciddi vəzifələrdən hesab olunur. Şagirdin tədris ili boyunca geri qalmasına imkan verməməli, əksinə, hər bir şagirdin nailiyyəti diqqət mərkəzində olmalıdır. Bu baxımdan, şagird nailiyyətinin qiymətləndirilməsi davamlı, dinamik və rəsmi olmayan prosesdir. Bu prosesdə müəllimlərin şagirdlər üzərində müşahidəsi vacibdir. Yeni qiymətləndirmə ilə tanış olmayan müəllim və şagird bir sıra çətinliklərlə üzləşir. Onlar sualları səviyyələrə görə ayırmaq və suala əsasən balları çıxarmaq, sualların sayına görə bal sistemi ilə qiymətləndirmə apardıqda çətinlik çəkərək vaxt itkisinə yol verirlər. Savadlı şagirdlər testlərin öhdəsindən gəlsələr də, zəif oxuyan şagirdlər test zamanı testin açıq və ya qapalı olması ilə maraqlanırlar. Açıq tipli test onlar üçün çıxılması mümkün olmayan dağa çevrilir. Buna görə də bu çətinliklərin aradan qaldırılması üçün müəllimlərə öyrədici kurs təşkil etmək yerinə düşər. Söylənilən bu  problemləri nəzərə alaraq dövlətimizin bizim üçün yaratdığı bu  gözəl şansdan istifadə edərək Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 3  qrant müsabiqəsi çərçivəsində ümumi təhsil müəssisəsi kateqoriyası üzrə “Öyrətmək yenidən öyrənməkdir” layihəsini icra etmək üçün İsmayıllı rayon Topçu kənd tam orta məktəbinin rəhbərliyi və müəllim kollektivi qarşısına məqsəd qoymuşdur.

 

Artıq üçüncü ildir ki, İsmayıllı rayon Topçu kənd tam orta məktəbi Təhsildə inkişaf və innovasiyalar qrant müsabiqəsi çərçivəsində həm fərdi, həm də ümumtəhsil müəssisəsi kateqoriyası üzrə qalib olur. Belə ki, 2017-ci ildə məktəbimizin ibtidai sinif müəllimi Gülər Babayevanın Təhsildə inkişaf və innovasiyalar qrant-1 müsabiqəsinin fərdi kateqoriyası üzrə “Məktəbli valideyn”, 2018-ci ildə isə məktəbimizin ingilis dili müəllimi Tünzalə Mustafayevanın fərdi kateqoriya üzrə “Sabahını  bu gün yarat” adlı layihələri qalib olmuşdur. Sevindirici haldır ki, 2019-cu ildə ümumtəhsil müəssisəsi kateqoriyası üzrə isə “Öyrətmək yenidən öyrənməkdir”adlı layihəsi qalib elan olunmuşdur. Layihəmizin adından da məlum olduğu kimi, əsas məqsədi digər kənd məktəblərinin müəllimləri ilə birgə əl-ələ verib yeni qiymətləndirməyə əsasən öyrədici kurs təşkil etməkdir. Məqsədimizə çatmaq üçün “Öyrətmək yenidən öyrənməkdir” layihəsinin aşağıdakı vəzifələri var:

 

1. Müəllimlərin test tərtibi

2. Şagirdlər üzərində sınaq keçmək

3. Pedaqoji şurada nəticələri müzakirə etmək

4. Yeni qiymətləndirmə haqqında kurs təşkil etmək

5. Müəllimlərin yeni qiymətləndirməyə əsasən test tərtibi

6. Şagirdlər üzərində sınaq keçirmək

7. Şagirdlərlə bu sınağın nəticəsini müzakirə etmək

8. Pedaqoji şurada nəticələri tutuşdurmaq.

 

Layihə Topçu kənd tam orta məktəbində reallaşdırılacaq. Rəhbəri olduğum “Öyrətmək yenidən öyrənməkdir” layihəsinin iştirakçıları məktəbin müəllim kollektivi, şagirdləri və digər kənd məktəbinin müəllimləri nəzərdə tutulub. Layihə 15 sentyabr 2019-cu il -15 dekabr 2019-cu il  müddətində reallaşacaq. Layihədən gözlənilən nəticələr:

 

Layihənin sonunda iştirak edən müəllimlər yeni qiymətləndirmə üsulunu dərindən mənimsəyərək onlarda sərbəst test tərtib etmək bacarıqları formalaşacaq. Eyni zamanda, şagirdlərimizdə yeni üsulla tərtib olunmuş testləri işləmək bacarığı və vaxta qənaət etmək vərdişi formalaşacaq. Layihənin icra müddətində həm iştirakçılar, həm də ekspert tərəfindən irəli sürülən təkliflər və maraqlı ideyalar layihə iştirakçılarına yaradılan ən əlverişli hal olacaq. Uğurlu iş üçün təbii ki, əl-ələ verib məqsədə çatmaq istiqamətində addımlayacağıq. Layihənin ən maraqlı tərəfi budur ki, nəticələri müəllimlərlə yanaşı, şagirdlərlə də müzakirə edəcəyik. Layihənin icrası müddətində tərtib olunan test vasitələri sonda kitab şəklində nəşr olunaraq iştirakçılara paylanacaq.

 

Hər bir müəllim şagirdinin bilik səviyyəsini düzgün qiymətləndirməyi bacarmalıdır. Müəllimindən düzgünlüyü görən  şagird özünəinamla yanaşı, müəlliminə də hörmət və etibarı artacaq. Odur ki, işimizi düzgün qursaq, ölkəmizə yüksək düşüncəli, elmi potensialı və milli-mənəvi dəyərləri ilə seçilən şagirdlər tərbiyə etmiş olacağıq.

 

Xavər ALLAHVERDİYEVA,

İsmayıllı  rayon Topçu kənd tam orta məktəbinin direktoru



20.09.2019 | 16:35