Ana dilində ilk milli məktəb | |
İbtidai təhsil o vaxt yaxşı nəticə verər ki, o təhsil ana dilində verilir. Tanınmış maarifçi Məhəmməd ağa Şahtaxtlı
XX əsrin əvvəllərində baş vermiş 1905-ci il inqilabı Azərbaycan ictimai-siyası həyatında böyük bir canlanma əmələ gətirmişdi. Bu canlanma ölkənin bütün sahələrində olduğu kimi, maarif sahəsində də hiss olunurdu. H.Zərdabi, M.T.Sidqi, M.Mahmudbəyov, F.Köçərli, R.Əfəndiyev, S.M.Qənizadə Ü.Hacıbəyli, F.Ağazadə, S.S.Axundov, A.Şaiq və digərlərinin timsalında böyük maarifçilik hərəkatı meydana gəldi. Mövcud rus-tatar məktəblərində oxuyanların 31%-i azərbaycanlı idi. Bu məktəblərdə isə təlim-tərbiyənin məqsədi birbaşa olmasa da, dolayısı ilə gənc nəsli şovinizm ruhunda tərbiyələndirməyə xidmət edirdi. M.Ə.Rəsulzadə bu dövrü xarakterizə edərək yazırdı: “Çarizm Azərbaycanda ruslaşdırma siyasətini iki istiqamətdə həyata keçirməyə başladı: birinci, üləmaları, mollaları və əfəndiləri idarələrdə məmur vəzifəsinə təyin edərək öz xidməti qulluqçularına çevirirdi; ikincisi isə azərbaycanlı uşaqları rus məktəblərində oxudub, onlardan rus təbiətli “uçitellər” hazırlayırdı. Beləliklə, doğma klassiklərimiz əvəzinə, Güney Azərbaycandakı “mirzələr” Firdovsini, Sədini, Şimali Azərbaycandakı “uçitellər” isə Puşkini, Lermontovu, Tolstoyu və başqalarını təbliğ etməyə başlayırdılar. Nə farslaşmış “mirzələr”, nə də ruslaşmış “uçitellər” xalqın istək və arzularını başa düşürdülər. Lakin tədricən “uçitellər” anladılar ki, xalqımızın övladlarına Tolstoy, Puşkin, Lermontovla yanaşı, Füzulini, Sabiri, Şirvanini, Cavidi, Ə.Cavadı öyrətmək lazımdır”. Xalqın savadsızlığının aradan qaldırılması, ana dilində məktəblərin açılması, proqram və dərsliklərin yaradılması, müəllim kadrlarının hazırlanması dövrün maarifçilərini düşündürən başlıca məsələlər idi. Lakın zamanın diktə etdiyi bu məsələlər öz həllini Azərbaycanda Xalq Cümhuriyyəti qurulduqdan sonra tapdı.
ADR hökumətinin Gəncə şəhərində verdiyi 28 avqust 1918-ci il tarixli ilk dekreti məhz məktəblərin milliləşdirilməsi haqqında idi. Birinci dəfə olaraq ana dili bərabərhüquqlu dil kimi elan edildi və azərbaycanlılar öz ana dilində oxumağın nəinki mümkün, hətta zəruri olduğunu başa düşdülər. Arxiv materialları göstərir ki, bu tədbirlər çox çətin və mürəkkəb şəraitdə həyata keçirilirdi. Uşaqları anadilli, yeni məzmunlu proqram və dərsliklərlə fəaliyyət göstərən məktəblərə cəlb etmək çox çətin idi. Dekretin mahiyyətinin valideynlər tərəfindən dərk edilməsi üçün mütərəqqi fikirli müəllimlər mütəmadi olaraq valideynlərlə görüşür və həmkarlarını da buna səsləyirdilər. Bu müəllimlər sırasında biz bir tərəfdən çox tanınmış, uşaqlara həqiqi elmi biliklər verməyə səy edən və Azərbaycan dilini zənginləşdirməyə çalışan A.Səhhəti, digər tərəfdən ilk milli məktəbin - “Nümunə məktəbi”nin yaradıcısı A.Şaiqi görürük.
Məktəb tariximizə “Şaiq Nümunə məktəbi” adı ilə daxil olmuş bu təhsil ocağı çox çətinliklə qurulurdu. Bu, üç başlıca amillə bağlı idi: birinci, mürtəce fikirli müəllimlər ana dilində yeni siniflərin açılması əleyhinə çıxaraq azərbaycanlıları rus məktəblərinə cəlb etməyə çalışırdılar. İkinci, çoxları öz doğma dilini bilmirdi. Maarif Nazirliyi məktəbə şagirdlərin qəbuluna ciddi yanaşır, bu prosesdə dil bilməni vacib şərtlərdən biri hesab edirdi. Şagirdlər müsahibədən keçdikdən sonra milli məktəbə qəbul olunurdular. Dili bilməyənlər üçün əlavə kurslar təşkil edilirdi, dili mənimsəməyənlər isə rus bölməsinə göndərilirdi. Üçüncü isə ana dilində tədris plan və proqramının, dərsliklərin olmaması, müəllim kadrlarının çatışmaması, sinif otaqlarının azlıq təşkil etməsi, maddi-texniki təminatın aşağı səviyyədə olması idi. Cəmo Cəbrayılbəyli, Ağaəli Qasımzadə, Qafur Əfəndizadə, Realnı Məktəbinin məzunu Sadıq Quluzadə, Qurbanəli Həsənzadə və Abdulla Abasidze kimi dövrün bacarıqlı müəllimləri A.Şaiqin rəhbərliyi ilə bu problemləri aradan qaldırmağa başladılar. Qısa bir zamanda hazırlıq və digər siniflərin tədris planları məktəbin pedaqoji şurasında müzakirə olunaraq təsdiq edildi. Artıq 1918-1919-cu dərs ilində məktəb yeni tədris planları ilə fəaliyyətə başladı. Məktəbin təqdim etdiyimiz tədris planlarının müasir tələblər baxımından təhlili göstərir ki, bu planlar bugünkü tələblərə cavab verməsə də, bir sıra mütərəqqi fikirləri özündə əks etdirir. Belə ki, tədris planlarında fənlər arasında əlaqələrin zəruriliyi və onların məzmununun təlim və tərbiyənin məqsədləri ilə üzvi surətdə bağlılığı nəzərə alınmışdır. Planda öyrədilən fənlərin siyahısı, tərkibi, keçirilmə ardıcıllığı, siniflər üzrə hər fənnə verilən saatların miqdarı didaktik nöqteyi-nəzərdən əsaslandırılaraq şərhlərlə verilmişdir. Tədris planlarının “Qeyd” hissəsində ana dili və hesab fənnindən əlavə dərs saatına ehtiyac olduqda rəsm və əl əməyinə verilən saatlardan istifadə edilməsinə icazə verilirdi. Daha sonra hüsnxəttin türk əlifbasının yazı qaydalarını qavramaqda mühüm rol oynadığı ilə əsaslandırılmış, xarici dil (alman, fransız, rus) fənlərinə ayrılmış dərs saatlarının çoxluğuna isə izahat verilərək göstərilir ki, mövcud şəraitə görə məktəbi bitirib öz təhsillərini gimnaziya və başqa ali məktəblərdə davam etdirənlərin bu dilləri bilməsi vacibdir. Dərsliklərlə bağlı məktəb rəhbərliyi 26-27.01.20-ci il və 17.02.20-ci il tarixli məktublarla Xalq Maarif Nazirliyinin orta məktəblər şöbəsinə müraciət edərək nağd pulla hazırlıq və birinci, ikinci, üçüncü siniflər üçün “Müntəxəbat”, “Ədəbiyyat dərsləri”, “Türk çələngi”, tarix, təbiət, cəbr, coğrafiya dərsliklərinin alınmasına imkan yaradılmasını xahiş etmişdi. Məktublara müsbət cavab alındıqdan sonra dərsliklərin alınması uyğun olaraq fənn müəllimlərinə - A.Talıbzadəyə, A.Aslanova, A.Zeynalova, S.Aşurbəyova, M.Mirzəyevə tapşırılır. Şagirdlər bu dərsliklərlə pulsuz təmin edilirdi. Eyni zamanda, məktəbdə Abdulla Şaiqin “Türk ədəbiyyatı” və “Milli qiraət” kimi dərsliklərindən də istifadə edilirdi.
1918 -ci il iyun ayının 22-də hökumət xüsusi qərar qəbul etdi. Qərarda deyilirdi: “Azərbaycanın milliləşdirilmiş məktəbləri üçün Türkiyədən tədris kitablarının gətirilməsini və müəyyən sayda müəllimlər çağırılmasını zəruri hesab edərək bu məqsədlə İstanbula məlumatı olan bir şəxs ezam edilsin” . “Nümunə məktəbi”nin məzunu olmuş, EA-nın müxbir üzvü Məhəmmədəmin Salehli söyləyirdi ki, Türkiyədən müəllimlər gələnə qədər məktəbdə bir müəllim bir neçə fəndən dərs deməyə məcbur idi. Türkiyədən müəllimlər gəldikdən sonra bir çox fənlərdən dərsləri bizə onlar deyirdi. Süleyman Hikmət tarixi, İsmayıl Həqiqi fizikanı, Durmuş Əfəndi riyaziyyatı, Hikməti təbiəti, Xəlil Fikrət psixologiyanı, Müzəffər bəy ibtidai sinifdə tədris edirdi. Yerdə qalan fənləri isə yerli müəllimlər aparırdılar. Mirzə Abdulla Şaiq, Feyzulla Qasımzadə ədəbiyyatı, Kərim Qazıyev riyaziyyatı, Qafur Rəşad Mirzəzadə, Cəmo Cəbrayılbəyli coğrafiyanı tədris edirdi.
Sovet hökuməti qurulduqdan sonra bu müəllimlərin hamısı geri göndərildi. Xalq Maarif Nazirliyi milli məktəblərdə əsaslı kitabxananın açılmasını zəruri hesab edirdi. Bütün çətinliklərə baxmayaraq hökumət ana dilində kitablar və digər vəsaitlər almaq üçün 4018 manat pul ayırmışdı . “Nümunə məktəbi”ndə kitabxananın yaradılması üçün hazırlıq işləri A.Şaiqə tapşırılmışdı. Kitabxanada Azərbaycan ədəbiyyatının ən qiymətli nümunələri - “Molla Nəsrəddin” jurnalının külliyyatı, Nəriman Nərimanovun dram əsərləri və s. ədəbiyyatlar toplanmışdı. Məktəb şagirdlərinin xüsusi geyimləri, döş nişanları, çiyinlərinə taxılmış paqonları vardı. Məktəbi bitirəndə şagirdlərə şəhadətnamə verilirdi. Sadalanan bütün bu əşya və sənədlər hal-hazırda Abdulla Şaiqin mənzil muzeyində saxlanılır.
ADR zamanı fəaliyyətə başlamış məktəbdə tədrisin keyfiyyəti, müəllimlərin elmi-pedaqoji, metodiki hazırlığı, onların maddi vəziyyətlərinin yaxşılaşdırılması, maddi-texniki bazanın möhkəmləndirilməsi hökumətin daim diqqətində olmuşdur. Ölkədə iqtisadi cəhətdən vəziyyətin ağır olmasına baxmayaraq, o biri məktəblərdən fərqli olaraq “Nümunə məktəbi”nin” büdcəsi vaxtlı-vaxtında təsdiq edilir, ayrılmış maliyyə gecikdirilmədən ödənilirdi. Məktəb öz fəaliyyətini ADR hökuməti süqut etdikdən sonra da müəyyən müddətə davam etdirdi. 1924-cü ildə məktəbin ilk buraxılışı oldu. Akademik Məhəmmədəmin Salehli həmin tədbirin çox təmtəraqlı keçdiyini söyləyirdi: “Mən birinci il idi ki, məktəbdə oxuyurdum. Yadımdadır ki, böyük müsamirə təşkil olunmuşdu. Həmin gecəyə Nəriman Nərimanov da gəlmişdi. O, məzunlara “Ay mənim saqqallı cocuqlarım” - deyərək müraciət etdi. O, öz nitqində Azərbaycanın gələcəyindən, məktəb məzunlarının qarşısında duran vəzifələrdən danışdı”. Məktəbdə milli və bəşəri səciyyə daşıyan prinsiplərə əsaslanaraq gənc nəslə əxlaqi-mənəvi dəyərlər aşılayan məzmun ortaya qoyulmuşdur. Təlimin məhz bu məzmunda aparılması, milli qürur və düşüncəyə malik müəllimlərin çalışması, sözsüz ki, sovet ideologiyasına zidd idi. Rejim öz ideologiyasına uyğun nəsil yetişdirməli idi. Sovet rejiminin yeni yaradılmış Xalq Maarif Komissarlığı elə ilk gündən ana dilində yeni sovet məktəbləri açmaq üçün bir sıra mühüm tədbirlər həyata keçirməyə başladı. Hər şeydən əvvəl açılacaq yeni və mövcud məktəblərin strukturu, təlimin məzmunu və təşkili qaydaları ümumi şəkildə də olsa, müəyyənləşdirildi. Mövcud məktəblərdə bir sıra islahatların aparılması qərara alındı. “Nümunə məktəbi” də bu “islahatlardan” kənarda qalmadı. Elə sovet hakimiyyətinin ilk illərində məktəbdə təlim-tərbiyə işinin məzmunu dəyişməyə başladı, ilahiyyatın tədrisi ləğv edildi. Tarix dərsliklərində hadisələr dövrün tələblərinə uyğun işıqlandırıldı, ədəbiyyat dərslərinin məfkurə istiqaməti başqa səmt aldı. Məktəb iki yerə ayrıldı: aşağı şöbələr və aşağı siniflər birinci dərəcəli doqquzuncu məktəb, üçüncü sinifdən etibarən isə ikinci dərəcəli on ikinci məktəb adlandırıldı. On ikinci məktəb o zaman Fətulla Rzabəyli tərəfindən təməli qoyulmuş Ali Pedaqoji İnstitutunun binasına köçürülərək institutun “Nümunə məktəbi”nə çevrildi (İndiki İstiqlal küçəsi, İqtisad İnstitutunun binası - qeyd M.M). “Nümunə məktəbi”nin axırıncı sinif şagirdləri Pedaqoji Texnikumun əsas siniflərinə keçirildi. Lakin sovet hakimiyyəti illərində də məktəbin üzləşdiyi problemlər öz həllini tapa bilmədi. Türkiyədən gəlmiş müəllimlər öz vətənlərinə döndülər, müəllim kadrlar, dərsliklər, metodiki vəsaitlər çatışmırdı. Hətta vəziyyət o yerə gəlib çatdı ki, Maarif Komissarlığı özünün “48 saylı 15.12.1923 tarixli qərarı ilə türk pedaqoji kadrların çatışmaması ucbatından uyezdlərdə və rayonlarda “Nümunə məktəbləri”nin təşkilinin dayandırılmasını məqsədəuyğun hesab etdi. 16 iyun 1926-cı ildə Nazirlər Kabinetinin iclasında 1926-27-ci dərs ilindən “Nümunə məktəbi”nə şagird qəbulunun dayandırılması haqqında qərar qəbul edildi. Xalq Maarif Komissarlığı kollegiya iclasında Nazirlər Kabinetinin qərarını yekdilliklə təsdiq etdi. Beləliklə, 760 nəfər şagirdin təhsil aldığı “Şaiq Nümunə məktəbi”nin fəaliyyətinə son qoyuldu.
Keçən il 100 yaşı tamam olan “Şaiq “Nümunə məktəbi”” Azərbaycan məktəb tarixində yeni bir mərhələnin əsasını qoyaraq fəaliyyət göstərdiyi qısa müddət ərzində milli təhsilin inkişafına təsir etdi. İllərdən bəri mövcud olan köhnə üsulla işləyən rus- tatar (Azərbaycan məktəbi - qeyd M.M.) məktəbləri yenidən quruldu, yalnız şəhərlərdə deyil, hətta kənd rayonlarında da (Şəkidə, Salyanda, Şuşada) anadilli, yeni üsulla işləyən məktəblər yaradıldı. Ana dilində plan, proqram, dərslik və dərs vəsaitlərinin yaradılması, təlim-tərbiyə işinin təşkilində demokratik və humanist dəyərlərin öyrədilməsi, ailə və məktəbin əlbir işi istiqamətində müəyyən baza formalaşdı. Ən vacibi isə elmi-pedaqoji, metodiki biliklərə malik müəllimlər yetişdirildi. Məktəbdə təhsil alanların əksəriyyəti sonralar sovet elminin inkişafında əvəzsiz xidmətlər göstərmişlər.
Məlahət MÜRŞÜDLÜ, pedaqogika üzrə fəlsəfə doktoru |
|
20.09.2019 | 15:26 | |
|
|
|