“Ekspo 2025” Ümumdünya Sərgisi

Aprelin 24-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Bakının “Ekspo 2025” Ümumdünya Sərgisinə ev sahibliyinə namizəd şəhər olması ilə bağlı təqdimat keçirilib. Tədbirdə Gənclər və İdman Nazirliyinin beynəlxalq standartların tətbiqi bölməsinin müdiri, “Ekspo səhiyyə” mövzusunun eksperti Məryəm Qafarzadə, Təhsil Nazirliyinin sektor müdiri, fəlsəfə doktoru, dosent, “Ekspo təhsil” mövzusunun eksperti Cəsarət Valehov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məşğulluq və demoqrafiya şöbəsinin müdir müavini, “Ekspo məşğulluq” mövzusunun eksperti Rəna Abdullayeva iştirak ediblər.  Azərbaycanın “Ekspo 2025” Ümumdünya Sərgisinə namizədliyini irəli sürməsi istiqamətində görülən işlər və atılacaq addımlar barədə məlumat verilib.

 

Tədbiri ADPU-nun sosial və humanitar məsələlər üzrə prorektoru, professor Fikrət Rzayev açaraq bildirib ki,  Azərbaycan mötəbər beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi edir. Artıq ölkəmiz dünya miqyaslı tədbirlərin uğurla həyata keçirildiyi bir məkana çevrilib. Bu baxımdan, Bakının “Ekspo 2025” Ümumdünya Sərgisinə ev sahibliyinə namizəd şəhər olması təbiidir. Azərbaycanda bu sahədə qazanılmış böyük təcrübə ölkəmizin bu tədbiri də lazimi səviyyədə keçirə biləcəyinə zəmin yaradır.

 

Tədbirdə Məryəm Qafarzadə “Səhiyyənin gələcəyi” mövzusunda təqdimatla çıxış edib. Bildirib ki, “Bakı Ekspo 2025”  cəmiyyətin hər bir sahəsinin insan intellektindən faydalanmasına, əldə olunan biliklərin tətbiqinin öyrənilməsinə əlverişli şərait yaradacaq. O, habelə, insan sağlamlığının möhkəmləndirilməsi və yeniliklərin mənimsənilməsi istiqamətində mühüm addım olacaq. 

 

“Təhsilin gələcəyi” mövzusunda təqdimatla çıxış edən Cəsarət Valehov qeyd edib ki, həyatda imkanlar sonsuzdur, lakin onların hər birinə  yalnız təhsilin inkişafı, istedadın üzə çıxması və biliklərin mənimsənilməsi ilə nail olmaq mümkündür.  “Bakı Ekspo 2025” təhsil vasitəsilə insan kapitalından maksimal dərəcədə yararlanmağın yollarına dair qlobal anlaşma əldə etmək üçün şərait yaradacaq.

 

Rəna Abdullayeva “Məşğulluğun gələcəyi” mövzusunda təqdimatında bildirib ki, “Bakı Ekspo 2025” şəxsi, cəmiyyət və qlobal səviyyədə davamlı nailiyyətlərin əldə olunması üçün mühüm müzakirələrin aparılacağı məkana çevriləcək. 

 

Tədbirdə maraqlı müzakirələr aparılıb, fikir və təkliflər səsləndirilib, tələbə-gənclərin sualları cavablandırılıb.

 

Sonda ADPU-nun SABAH qruplarının koordinator rəhbəri Lalə Mürsəlbəyova maarifləndirmə xarakterli tədbirin keçirilməsinə görə təşkilatçılara təşəkkür edib.



25.04.2018 | 14:59