Tələbələrin hazırlığı üzrə səylər gücləndirilməlidir | |
Sentyabrın 11-də İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) növbəti illik hesabatı (Education at a Glance 2019) açıqlanıb. Hesabata əsasən, dünya ölkələrində ali təhsilə tələbat artmaqda davam edir, lakin onun daha da genişləndirilməsi yalnız o halda sabit olacaq ki, bu, əmək bazarında məzunların iş təklifinə və sosial ehtiyaclarına uyğun olsun və onlara gələcəkdə istiqamətlənmək üçün lazım olan bacarıqları versin.
Sənəddə qeyd olunur ki, 2018-ci ildə 25-34 yaşlı insanların 44%-i ali təhsil alıb. Bu rəqəm 2008-ci ildə OECD ölkələrində orta hesabla 35 faiz təşkil edib. Ali təhsilli yaşlı insanların məşğulluq səviyyəsi orta təhsilli insanlara nisbətən 9 faiz yüksəkdir və onların qazancları 57 faiz daha artıqdır.
Buna baxmayaraq, yüksək tələbat olan bəzi sektorlar onlara lazım olan bacarıqları tapmaq üçün mübarizə edə bilərlər. Bakalavriat proqramları üzrə yeni abituriyentlərin 15% - dən az hissəsi mühəndislik, istehsal və tikinti işlərini və 5%-dən çoxu informasiya-kommunikasiya texnologiyalarını öyrənir, baxmayaraq ki, bu sektorlarda məşğulluq və gəlirlərin ən yüksək səviyyələrindən biri müşahidə olunur. Qadınlar arasında məşğulluq səviyyəsi OECD ölkələri üzrə orta hesabla 1/4-dən də azdır.
Hesabatda qeyd olunur ki, bir çox təhsil müəssisələri ali məktəblərə qəbulun çevik yollarını həvəsləndirməklə, akademik və peşə vərdişlərinin tarazlığını təmin etməklə, işəgötürənlərlə, sənaye və tədris təşkilatları ilə daha sıx əməkdaşlıq əlaqələri qurmaqla əmək bazarının dəyişən tələbatlarını ödəmək üçün inkişaf edirlər. OECD hesab edir ki, kursların aktuallığını və keyfiyyətini qorumaqla ali məktəblər artan təhsil xərclərinin qarşısını almaq üçün tələbələrin sayını balanslaşdırmalıdırlar.
2005-ci ildən 2016-cı ilə qədər ali məktəblərə xərclər tələbə qəbulunun göstəricisi ilə müqayisədə iki dəfədən çox artaraq, orta hesabla, OECD ölkələrində 15600 ABŞ dollarına yaxın təşkil edib. Özəl mənbələrin bu məsələdə daha çox töhfə verməsi stimullaşdırılır, çünki ölkələr təhsil haqqını artırmaqda davam edir.
Məktəbə getməyənlərin sayında azalma
“Education at a Glance” nəşri gənclərin təhsildən işə necə keçməsini, OECD və tərəfdaş ölkələrin 2030-cu ilə qədər təhsil sahəsində davamlı inkişaf məqsədinə nail olmaq yolunda səylərini qiymətləndirir. Sənəddə qeyd olunur ki, son 10 il ərzində bəzi ölkələr məktəbə getməyənlərin sayının azaldılmasında əhəmiyyətli irəliləyişə nail olublar. 2005-ci ildən 2017-ci ilə qədər faiz dərəcələri Rusiyada 20, Meksikada 18, Portuqaliyada 16, Avstraliya və Yeni Zelandiyada 10 faiz azalıb. Məruzədən belə bir nəticə çıxarılır ki, orta hesabla OECD ölkələri üzrə təxminən 15-24 yaşlı yeniyetmələr arasında hər altı nəfərdən biri texniki peşə proqramları ilə əhatə olunub. Ali təhsilli və orta təhsilli gənclərin əldə etdiyi nailiyyətlərdə fərq azalıb. İlk baxışdan təhsil bütün dünyada ölkələrin inkişaf səviyyəsini ölçən, müqayisə edilə bilən milli statistik məlumatlar verir. Hesabatda OECD üzvü olan 36 ölkənin, həmçinin Argentina, Braziliya, Hindistan, İndoneziya, Çin, Kolumbiya, Kosta-Rika, Rusiya Federasiyası, Səudiyyə Ərəbistanı və Cənubi Afrikanın təhsil sistemləri təhlil edilir.
Digər başlıca nəticələr bunlardır:
Təhsilin səviyyəsi və nəticələri
*25-34 yaşlı ali təhsilli şəxslərin payı orta hesabla OECD ölkələri üzrə 2008-ci ildən 2018-ci ilə qədər 9 faiz artıb, natamam orta təhsilli yaşlıların sayı 19%-dən 15%-ə düşüb.
*Gəlirlərdə gender boşluğu təhsilin bütün səviyyələrində saxlanılır və bu fərq ali təhsilli böyüklər arasında daha çoxdur. Qadınlar kişilərdən az pul qazanırlar, hətta geniş bilik sahəsində ali təhsilə malik olsalar da.
*OECD ölkələri üzrə orta hesabla 18-24 yaşlı şəxslərin 14,3 faizi işləmir, təhsil və ya peşə hazırlığı ilə məşğul olmur. Braziliya, Kolumbiya, Kosta-Rika, İtaliya, Cənubi Afrika və Türkiyədə 18-24 yaşlıların 25 faizdən çoxu təhsil və ya peşə hazırlığı ilə məşğul olmur.
Təhsilə giriş
*OECD ölkələri üzrə orta hesabla 17-18 yaşlıların 70 faizi orta məktəbin yuxarı siniflərində təhsil alır, 19-20 yaşlıların isə 40 faizdən çoxu OECD ölkələrinin, demək olar ki, ali təhsil müəssisələrində təhsil alır.
*2017-ci ildə bütün OECD ölkələrində təhsilə cəlb edilmiş 4-5 yaşlı uşaqların payı 90%-i ötüb, bununla belə ölkələrin təxminən üçdə biri üç yaşlı uşaqların tam əhatəsinə çatıb.
*Cari qiymətləndirmələr göstərir ki, OECD ölkələrində insanların orta hesabla 86%-i öz həyatları ərzində ali məktəbi bitirəcək, 81%-i isə bunu 25 yaşına çatanadək edəcək.
Təhsil xərcləri
*Ümumilikdə OECD ölkələri ibtidai və ali təhsil müəssisələrində bir şagirdə orta hesabla 10500 ABŞ dolları xərcləyirlər. Ali təhsil səviyyəsində bir tələbənin orta xərcləri digər səviyyələrə nisbətən 1,7 dəfə çoxdur.
*Xərclər 2010-cu ildən başlayaraq bütün səviyyələrdə, xüsusilə də ali təhsil müəssisələrində tələbələrin sayından daha yüksək templərlə artmaqda davam edir. 2010-cu ildən 2016-cı ilə qədər qeyri-profil səviyyələrində bir tələbənin orta xərcləri 5% artıb, tələbələrin sayı isə dəyişməz olaraq qalır. Ali təhsil səviyyəsində xərclər 9%, tələbələrin sayı isə 3% artıb.
*2016-cı ildə OECD ölkələrində ibtidai və ali təhsil üzrə dövlət xərclərinin ümumi həcmi bütün xidmətlər üzrə dövlət xərclərinin ümumi həcminin orta hesabla 11%-ni təşkil edib. Bu rəqəm İtaliyada 6,3%-dən Çilidə 17%-ə qədər dəyişir.
Dərs saatları
*OECD ölkələrində və iqtisadiyyatı inkişaf edən ölkələrdə təhsilalanlar ibtidai və natamam orta təhsil zamanı orta hesabla 7590 məcburi təlim saatı alırlar. Bu rəqəm Macarıstanda 5973, Avstraliyada, demək olar ki, ikiqat - 11000, Danimarkada 10960 saat təşkil edir.
* İbtidai təhsil səviyyəsində riyaziyyata həsr olunmuş icbarı tədris proqramlarının payı Danimarkada 12%-dən Meksikada 27%-ə qədər dəyişir. Orta təhsilin aşağı siniflərində bu rəqəm Macarıstan, İrlandiya və Koreyada təxminən 11%-dən, Çili, Latviya və Rusiya Federasiyasında 16%-ə qədər (İtaliyada isə təbiət elmləri də daxil olmaqla 20%) dəyişir.
*OECD ölkələri üzrə orta hesabla ibtidai təhsil sistemində hər bir müəllimə 15, natamam orta təhsil sistemində isə bir müəllimə 13 şagird düşür. Orta məktəbin aşağı sinfində 21 və natamam orta təhsil sistemində 23 şagird vardır.
*Müəllim heyəti qocalır: 2017-ci ildə OECD ölkələri üzrə ibtidai və orta məktəb müəllimlərinin 36%-nin yaşı 50-dən aşağı olmayıb, bu isə 2005-ci illə müqayisədə 5 faiz çoxdur. Müəllimlərin yalnız 10%-nin yaşı 30-a qədərdir. Bundan əlavə, bu peşədə əvvəlkitək qadınlar çoxluq təşkil edir, orta hesabla OECD ölkələrində 10 müəllimdən 7-si qadındır.
Qeyd edək ki, “Education at a Glance” ilk baxışdan bütün dünyada təhsilin vəziyyəti haqqında nüfuzlu informasiya mənbəyidir. Sənəddə OECD ölkələrində və bir sıra tərəfdaş ölkələrdə təhsil sistemlərinin strukturu, maliyyəsi və effektivliyi barədə məlumatlar verilir. Bu nəşrdə 100-dən çox diaqram və cədvəl, həmçinin təhsil məlumat bazasında daha çox mövcud olan linklər təhsil müəssisələrinin fəaliyyətinin nəticələri haqqında əsas məlumatları ehtiva edir: müxtəlif ölkələrdə təhsilin təsiri; təhsildə əlyetərlik, iştiraketmə və inkişaf; təhsilə sərmayə qoyuluşu, maliyyə resursları; müəllimlər, tədris mühiti və məktəblərin təşkili.
2019-cu ilin nəşrində əsas diqqət məzunların universitetləri birirməsinə dair yeni göstəricilərinə, doktorantura məzunlarına və onların əmək bazarında nəticələrinə, eləcə də ali məktəblərə qəbul sistemlərinə, həmçinin davamlı inkişaf sahəsində 4-cü məqsədə həsr olunmuş xüsusi fəsilə yetirilir.
Daha ətraflı www.oecd.org/education/education-at-a-glance/ səhifəsindən tanış olmaq olar.
Oruc MUSTAFAYEV |
|
20.09.2019 | 11:46 | |
|
|
|