Məktəbəhazırlıqlı birincilər | |
İlk zəng çalındı, məktəblər canlandı, siniflər dolub-boşaldı. Onlar da əyninə məktəb forması geyinib siniflərinə girdilər. Nə məktəbi, nə sinfi yadırğadılar. Çünki artıq çoxdan məktəb mühiti onlara yad deyil. Çox da ki, adı “ilk zəng”di. Onlar bu səsi ilk dəfə eşitmirdilər. Elə məktəb də ötən il getdikləri həmin məktəb, müəllimləri köhnə dostlarıdı. O dost ki, onunla rəsm çəkdilər, özü də sadəcə kağız üzərində yox, həm də daş üzərində. Hətta basma üsulunu sınaqdan çıxartdılar. Milli naxışları öyrəndilər. Qələm tutub, kitab vərəqlədilər. Kitabı sevməyi öyrəndilər, onu cırmamağı, yazmamağı, korlamamağı vərdişə çevirdilər. Hekayə qurub nağıl səhnələşdirdilər. Sonra mahnı oxudular, rəqs etdilər, müxtəlif oyunlar oynadılar. İndi onlar kiminsə köməyi olmadan saatın neçə olduğunu da müəyyənləşdirə bilirlər. Çünki dərsdə “Mən beşəm”, “Mən üçəm”, - deyib saata çevrildilər. Bu balaca canlı saatların əqrəbləri körpə qolları oldu. Sonra balaca barmaqları rəqəmlərin arasında dolaşıb zəng vurmağı öyrəndi. Ötən bir ildə, daha doğrusu, məktəbə gəldikləri 8 ayda hər biri öz çörəyini bişirdi, peşəsini seçdi. Sinifdə mandal oyunu oynadılar, top atıb top tutdular. Hərfi görən kimi ona aid söz axtardılar. Tanıdıqları hərflərin sözə necə çevrildiyinin sirrindən agah oldular. Bununla da kifayətlənmədilər, küçələrdə tanış hərflərin birləşib onlara nə demək istədiyini öyrənməyə cəhd etdilər. Həmin sözləri hecalaya-hecalaya çözdülər. Bir sözlə, həm əyləndilər, həm öyrəndilər. Bu da axırı. Daha nağıl danışmaq üçün nənə-baba, kitab oxumağa ata-ana axtarmırlar.
İndi yenidən məktəbə qayıdıblar. Hər şeyin əvvəlki qaydada davam edəcəyini düşünürlər. Çünki ötən il qurduqları oyunların əslində dərs olduğunu düşünür, onlara keçilən dərsin oyunlardan ibarət olduğunu ağıllarına da gətirmirlər. Onlar builki birincilər, ötən ilin məktəbəhazırlıq qrupunda təlimlərə cəlb edilən 6 yaşlılardır. Ramal Səlimzadə, Ləman Həbibli və Nuran Vəzirov Bakıdakı 18 nömrəli tam orta məktəbin birinci sinif şagirdləridirlər. Sinifləri və müəllimləri ayrı olsa da, onlar yaşıddılar.
Oyun dərs
Təhminə müəllimin ən bacarıqlı, fəal şagirdlərindən biridir Ramal Səlimzadə. Ötən tədris ilində məktəbəhazırlıq təlimlərinə cəlb edilən beşyaşlılardandır. Məktəbəhazırlıqda nə öyrəndiyini soruşan hər kəsə yorulmadan sadalayır. Dostluqda qızlarla oğlanlara heç fərq qoymur.
Təhminə müəllimi də sevir, məktəbi də. Müəllimi ona “bəli” və “xeyr”dən ibarət qısa cümlələr qurmağı qadağan etdiyindən bütün suallara tam cümlə ilə cavab verir:
- Neçənci sinifdə oxuyursan? - Birinci sinifdə oxuyuram. - Məktəb xoşuna gəlir? - Məktəb xoşuma gəlir. - Məktəbəhazırlıqda oxudun? - Məktəbəhazırlıqda oxudum. - Nə etdin məktəbəhazırlıqda? - Hərflər öyrəndim, oxumağı öyrəndim, yazmağı öyrəndim, misal öyrəndim, dostlar qazandım... - İndi neçə dostun var? - Çox... İbrahim, Şərqiyə, Xədicə, Fatimə, Qafar, Asiya, Nuray, Arzu... - Dostlarınla oyun oynadınız? - Oynadıq. - Hansı oyunları oynadınız? - Gizlənpaç...
Başqa oyun bilmir, nə o, nə də yaşıdları. Sinifdə oynadıqlarını oyun saymırlar. Məktəbəhazırlıq qrupunun uşaqlarının təsəvvüründəki oyun sadəcə “gizlənpaç”dır. Sinifdə gah atıb, gah tutduqları, tuta bilməyəndə hər hansı hərfə uyğun söz tapdıqları az olmayıb. Ancaq bu, onlar üçün dərsdir. Dərs elə budur. Qısası, məktəbəhazırlıq qrupunun dərsi bir oyundur, yəni oyunlarla öyrətmək bu təlimlərin tərkib hissəsidir.
“Məktəbəhazırlıqda çox şey qazandıq”
Ramalın anası Vüsalə Səlimova da oğlunun inkişafından razıdır: “Məktəbəhazırlıqda çox şey qazandıq”.
Nə qazandıqlarına baxaq. Anasının sözlərinə görə, Ramal gələcəkdə kim olacağını müəyyənləşdirib: “Müəllimi tapşırıq vermişdi. Uşaqlar sevdikləri bir peşə sahibinin şəklini çəkməliydilər. Ramalı peşələrlə tanış etdim. İnternetdə bir az axtarış apardıq. Peşələr haqqında məlumat topladıqdan sonra bu qənaətə gəldi ki, kosmonavt olacaq. Həmin dərsdən uzun müddət keçsə də, peşə ilə bağlı qərarını dəyişməyib. Kosmonavtı ona sevdirən isə bu peşə sahibləri üçün tələb edilənlərdir: “Kosmonavt həm də bilikli olmalıdır! Gəminin mexanizmini, saysız-hesabsız cihazların, radiostansiyaların və mühərriklərin işini mükəmməl bilməlidir. O, yaxşı astronom olmalıdır, əks halda, kosmosda yolu necə tapa bilər? Kosmonavt coğrafiyanı da yaxşı bilməli, balıq tutmağı, sərrast atəş açmağı, cəngəlliklərdə, səhrada və Antarktida buzları arasında ov etməyi bacarmalıdır. Çünki o, bəzən dünyanın hər hansı nöqtəsinə zəruri eniş edə bilər”.
Ramal da çox bilikli olmaq üçün kitaba dördəlli sarılıb. Axı, kosmonavt olmaq üçün bilikli, bilikli olmaq üçün kitab oxumaq lazımdır.
Vüsalə xanım deyir ki, yaxşı ki, məktəbəhazırlıq qrupları fəaliyyət göstərir. Ramalın məktəbəhazırlıqda nitqi daha yaxşı inkişaf etdi. İndi o, fikrini sərbəst ifadə edir.
Gənc ananın fikrincə, 5 yaşlı uşağı təhsilə cəlb etmək daha asan olub və nəticə də yüksəkdir: “Yaşca balaca olsa da, qavraması daha yaxşıdır. Ondan yaşca böyük olan qızım məktəbəhazırlığa getmədi. Ünsiyyətində də, dərslərə hazırlığında da Ramaldan fərqi hiss olunur. Əhatə dairəsi böyükdür, özünün də dediyi kimi, çoxlu dostları var. Qızım isə belə deyil”.
Məktəbəhazırlıq təlimləri müəllimlər üçün də səmərəlidir
Ramalın müəllimi Təhminə Ağayeva məktəbəhazırlıq sinfində ilk dəfə dərs aparıb. Gənc müəllim elə peşəsində də yenidir. Ancaq sinfində əldə etdiyi nəticələri ilə artıq öyünür: “Təcrübəm az olsa da, 3 dəfə birinci siniflərim olub. İş elə gətirib ki, 5 illik fəaliyyətimdə 3 dəfə birinci siniflərə dərs demişəm”.
Təhminə müəllim hesab edir ki, məktəbəhazırlıq qrupları müəllimlər üçün də səmərəlidir: “Hesab edirəm ki, birinci sinfə gələn uşaq birdən-birə başqa mühitə düşəndə çətinlik çəkir. O, məktəbə alışana qədər xeyli müddət keçir. Bu müddətdə müəllim də həm nəzərdə tutulan proqramı keçməli, həm uşaqları tanımalı, həm də onların adaptasiya dövrünün asan keçməsinə çalışmalıdır. Amma məktəbəhazırlıq qrupunda uşaqların adaptasiya dövrü elə uzun və çətin keçmir. Oyunlarla, əyləncəli dərslərlə yoldaşlarına, müəllimlərinə daha tez qaynayıb-qarışır, məktəbi qısa müddətdə sevməyə başlayırlar”.
T.Ağayevanın sözlərinə görə, dərslər başlamadan birinci sinfə gələcək uşaqlarla məktəbin həyətində rəqs ediblər: “Məktəbəhazırlığa gələn uşaqlarla digər uşaqların arasında böyük fərq göründü. Hamı rəqs etdiyi halda, məktəbə ilk dəfə gələn uşaqlar analarından yapışıb ağladılar. Məktəbəhazırlıq qrupunun uşaqları isə çox rahat şəkildə əyləndilər. Onların bir üstünlüyü də var. Artıq birinci sinifdə oxuyan uşaqlarım kitabı tanıyır, əşyalarını sevir, onlara necə münasibət göstərmək lazım olduğunu bilirlər”.
Təhminə müəllim şagirdlərinin ünsiyyətinə də xüsusi fikir verir. Məhz uşaqları biri-biri ilə yaxınlaşdıracaq oyunlar seçir: “Əllə toxunma oyunu, toplarla oyunlar, halqalar, mandal oyunlarını çox sevirlər. Çəmbərin üstündə rəqəmlər qoyurdum. Uşaqlar çəmbərin içərisinə girib hər qolunu bir rəqəmə uzadır və saatı göstərir. Mandal oyunlarımız vardı. Hər oyun onlar üçün maraqlı olur. Uşaqlarımdan biri mayda çiyələkdən zəhərlənmişdi. Dərsdən yarımçıq getməli oldu. Sistem altında oyununu düşünüb. “Oynaya bilmədim”,- deyib xeyli ağlamışdı. Növbəti gün gələndə onun üçün 5 dəqiqə həmin oyunu təkrar oynadıq”.
Valideyni psixoloqa göndərdim
Ailələr uşaqların bütün istəklərini yerinə yetirdikləri üçün özləri də bilmədən onların diqqətini dərsə cəlb etmələrinə mane olurlar. Təhminə müəllim belə faktlardan birində psixoloq dəstəyindən istifadə edib: “Şagirdim sinfə girəndə kapriz göstərir, yoldaşları ilə problem yaradır, ayaqlarını yerə çırpıb istəklərini diqtə edirdi. Valideyn isə uşağını dərsə cəlb etməyimə imkan vermirdi. Ailə öz himayəsinə götürdüyü həmin uşağı kifayət qədər ərköyünləşdirmişdi. Məcburən, uşaqla birlikdə valideyni psixoloqa yönləndirdim. Qayıtdıqda valideynin münasibəti tamamilə normallaşmışdı. Bundan sonra şagirdimi qaydalara müvafiq davranmağa məcbur etmək çətin olmadı. Artıq o, sinfin lideridir. Bu xüsusiyyətindən sinfin idarə olunmasında istifadə edirəm. Müəyyən çərçivə daxilində səlahiyyətlər verirəm. Hər hansı yoldaşı ilə birlikdə bir sıra vəzifələrin öhdəsindən məharətlə gəlir. Sinifdə yoldaşlarına yol göstərir, yanlış davranışlarına görə irad tutur. Artıq nəinki dərsdə hər istədiyini edə bilməyəcəyini öyrənib, hətta başqalarını qaydalara əməl etməyə o dəvət edir. Valideyn qısa müddət içərisində uşağında müşahidə etdiyi bu dəyişikliyi hər kəsin fərq etdiyini deyib mənə təşəkkür etdi. Qonaq gedə, marketə girə bilmədiyi, hər yerdə uşağın onu pərt etdiyini deyirdi. Artıq bütün bunlar geridə qalıb. Ümumiyyətlə, məktəbəhazırlıq qrupunun birinciləri bu il sinfə yeni gələn uşaqlara nəinki qaynayıb-qarışdılar, hətta onların da qısa zamanda sinfə alışmasına kömək etdilər”.
Ləman çox sevir: məktəbi də, müəllimini də, şəkil çəkməyi də
Ləman Həbiblinin özündən böyük qardaşı var. Ancaq məktəbəhazırlıqda Ləman iştirak edib. Qardaşını da, Sevda müəllimini də sevdiyini deyən balaca şagird üçün məktəb çox maraqlıdır. Ona görə də çox həvəslə oxuyur. Bu yay bir neçə kitab oxuyub. Rəssam olacaq, dediyinə görə. Yaxşı şəkillər çəkir. Deyir, ən çox qız şəkli çəkməkdən xoşu gəlir. Niyə qız, bax, bunu bilmir. Bir də rəngləri qarışdırmağı sevir. Kontrast rənglərdən məharətlə istifadə edir. Çəkdiyi şəkillərə baxanda onu çəkərkən nə düşündüyünü yaxşı xatırlayır. 3 qız, 2 oğlan dostu var. Dostlarını ayırsa da, hamı ilə münasibətləri yaxşıdır.
“Artıq özü oxumağı bacarır”
Sevda Həbibova iki uşaq anasıdır. Əvvəlcə oğlu Əlini, indi isə Ləmanı birinci sinfə yola salıb. Ancaq Ləman əvvəlcə məktəbəhazırlıq keçib. Əlinin müəllimini təsadüfən seçsələr də, razı qalıb. Amma bu dəfə elektron müraciət zamanı qızının məktəbi ilə yanaşı, sinfini, yəni müəllimini də özü müəyyənləşdirib. Hər iki müəllimdən razı qalıb. Valideynin fikrincə, məktəbəhazırlıq uşaq üçün, elə valideyn üçün də daha yaxşıdır: “Məktəbəhazırlıqda uşaq məktəbə daha tez alışır. Qızım uşaqlara baxıb həvəslənir. Yoldaşları ilə rəqabət aparır. Çox fəaldır. Yay boyunca da çox oxuyub. Əvvəllər nağılları ona mən oxuyurdum. Ancaq artıq özü oxumağı bacarır. Yay müddətində bir neçə kitab oxudu”.
Əsl dərs keçəcəklərindən hələ xəbərləri yoxdur
Ləmanın müəllimi Sevda Ağayeva da ondan çox razıdır. Deyir, Ləman sinifdə çox fəaldır. Həm şəkil çəkir, həm yaxşı rəqs edir, həm də yaxşı oxuyur. 28 ildir ibtidai sinif müəllimi olan S.Ağayeva ilk dəfə məktəbəhazırlıq qrupunda təlim keçən, hazırlıqlı birincilərə dərs deyəcək. Təbii ki, o birinciləri elə özü hazırlayıb. Səhər IV siniflərdə dərs aparıb, günortadan sonra məktəbəhazırlıq qrupunun 5 yaşlı şagirdləri ilə düz 2 saat vaxt keçirib. Sevda müəllim deyir ki, məktəbəhazırlıqda əhvali-ruhiyyəsi düzəlir, idman edir, mahnı oxuyur, rəqs edirlər: “Nəinki çətin, əksinə, çox maraqlı idi. IV sinifdə 43 uşağım vardı. Onlarla çox yorulurdum. Məktəbəhazırlıq təlimlərində, sözün əsl mənasında, istirahət edirdim. Onlarla mahnı oxuyur, oynayırdıq. Çox maraqlı, əyləncəli keçirdi. Uşaqlarla bərabər oyunlar oynamaqdan zövq alırdım. Dərsləri oyun şəklində qururduq. Ona görə uşaqlar sinifdə dərs zamanı oynadığımız oyunları oyun yox, dərs hesab edirlər. Əslində, haqlıdırlar. Təlim prosesinin tərkib hissəsi olan oyunlar balacalara bilik və vərdişləri aşılamağın yollarından biridir. Maraqlıdır ki, məktəbəhazırlığın uşaqları hələ də dərslərin belə davam edəcəyini düşünürlər. Əsl dərs keçəcəklərindən hələ xəbərləri yoxdur”.
Sevda müəllim də təsdiq edir ki, 5 yaşlılarda mənimsəmə daha yaxşıdır. Uşaqların qavrama səviyyəsinin az, ya da çox olmasında hətta ay fərqi də həlledicidir. Məktəbəhazırlıqda uşaqların 80 faizi proqramı yerinə yetirir: “Məktəbəhazırlıqda 10-a qədər toplayıb-çıxmağı öyrənirlərsə, birinci sinifdə artıq 20-yə qədərki rəqəmlərin müvafiq əməliyyatlarda nəticələrini öyrənəcəklər”.
Məktəbəhazırlıq təlimlərində iştirak edən oğlu üçün ana daha ümidlidir
Nuran Vəzirov isə Təranə müəllimin şagirdidir. Məktəbdən ağızdolusu danışır: “3 dostum var. Amil, Abbas, Cəfərlə dostluq edirəm. Qızlarla dostluq etmək istəmirəm. Hərflərin hamısını tanıyıram. Şəkil də çəkirəm”.
O da oyunlardan ancaq “Gizlənpaç”ı sevir. Dediyinə görə, yaxşı gizlənir, “onu bir az gec tapırlar”. Gələcəkdə polis olacaq. Pis oğlanların hamısını tutacaq. 3 bacısı, 1 qardaşı var. Hamısını da sevir.
Anası Bəyim Vəzirova deyir ki, məktəbə ayaq açana qədər qapalı olan Nuran burada tamamilə dəyişib. İndi çoxlu şeirlər oxuyur. Hətta ikinci sinfin proqramında olan şeirlərdən də bilir. Nurandan böyük 3 qızım var. O, hər üçündən fərqlənir. Qızlarımın təhsili məni yorurdu. Amma Nuranla heç yorulmadım. Məktəbə alışmaq sarıdan da Nuran fərqləndi. Cəmi bir gün narahatlığını hiss etdik. İkinci gündən o, məktəbə tam alışmışdı. Təhsilində də çox irəlidədir. Məktəbdən gələn kimi dərslərini oxuyur, keçdiyi hərf barədə danışır. Nəinki 10, 20, artıq 100-ə qədər sayır.
Birinci sinfə məktəbəhazırlıq təlimlərindən gələn 6 yaşlı oğlu üçün ana daha ümidlidir: “Hesab edirəm ki, Nuran yaxşı qavrayır. Yaşı kiçik olduğundan hansısa çətinliyini müşahidə etmir. Əksinə, yaşı kiçik olduğu üçün deyilənləri daha tez mənimsəyir”.
5 yaşlılar mövzunu dərhal mənimsəyirlər
Təranə Abdullayeva 33 ildir ki, ibtidai sinif müəllimidir. İlk dəfə məktəbəhazırlıq sinfinə dərs deyib. Ancaq əvvəlcə təlim keçib: “6 günlük təlim keçdik. Qruplarla işlədik, mentorlar dərslərimizi dinlədi. 5 yaşlı uşaqlarla davranışı, oyunları öyrəndik. Proqram da verdilər bizə”.
Bir həftə ərzində mentorlardan öyrəndiyini 8 ay ərzində tətbiq edib. Ancaq olduğu kimi yox: “Təlimə uyğun olaraq dərs keçdim. Ancaq bəzən öz bildiyim kimi də davrandım. Məsələn, bizə təlimlərdə demişdilər ki, uşaqlar hərfləri sadəcə tanımalıdırlar. Ancaq görürdüm ki, uşaqlar bilirlər, qısa müddət ərzində deyiləni mənimsəyirdilər. Ona görə də hecalarla oxutdururdum. 1-2 uşağı çıxmaq şərti ilə uşaqlar hər günün mövzusunu mənimsəyirlər. Evə tapşırıq vermirik. Ancaq uşaqların mənimsədiyini gördükcə şeirlər də əzbərlətdirirdim. Hərflərə, rəqəmlərə aid şeirlər öyrəndilər”.
Təranə xanım düşünür ki, məktəbəhazırlığın çox üstünlükləri var. Birinci sinifdə məktəbəhazırlıq qruplarının uşaqları həm bağçada, həm də ailədə hazırlıq keçənlərdən üstünlüyü ilə fərqlənəcəklər: “Bəzi valideynlər uşaqlarını müxtəlif səbəblərdən məktəbəhazırlığa qoymurlar. Əsasən, işlərinin buna imkan vermədiyini deyirlər. Nəticədə də həmin uşaqlar məktəbəhazırlıq təlimləri keçənlərdən fərqlənirlər. Düzdür, elə uşaqlar var ki, ailədə onlarla məşğul olublar və müəyyən qədər hazırlıqlıdırlar. Məsələn, bu il sinfimdə məktəbəhazırlıq keçməyən 7 şagirdim var. Onlardan 3-ü çox zəifdir. Bu da o deməkdir ki, onlarla çox işləmək lazım gələcək. Buna görə də uşaqların vaxtında məktəbəhazırlıq təlimlərinə cəlb edilməsi hər kəs üçün daha yaxşıdır”.
Məktəbəhazırlığın əhatə dairəsi artdıqca...
Beləliklə, bu il ümumtəhsil məktəblərinin birinci sinfində 164234 şagird təhsil almağa başladı. Onların 75 faizi məktəbəhazırlıq qrupundan gələnlərdir. Gələn il onlar birincilərin 85, hətta 90 faizini təşkil edəcəklər. Məktəbəhazırlığın əhatə dairəsi artdıqca ibtidai təhsilin keyfiyyəti yüksələcək və bu, bütövlükdə ümumi orta təhsil pilləsində nəticələrə təsir göstərəcək.
Ruhiyyə DAŞSALAHLI |
|
20.09.2019 | 09:51 | |
|
|
|