Peşə sahibi olmaq istəyirsənsə...

Avropa çempionu Rəsul Səfərov Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məzunudur. İndiyədək həm də məşqçi kimi fəaliyyət göstərib. Ancaq zamanın tələbi başqadır, təbii. Pəhləvanlıq da müəyyən bir vaxta, yaşa qədər insanı ayaqda tutur. Bəs, ondan sonra?

 

Sonrası üçün Rəsulun başqa planları var və həmin planların icrasına başlayıb belə. Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində təhsil almağa qərar verməklə. Qarşıdakı bir il boyunca təhsil alıb elektrotexnika üzrə mütəxəssis olacaq. “Pəhləvanlıq hara, elektrotexnika hara?” - deməyin. Peşə seçmək, peşəni dəyişmək heç vaxt gec deyil. Rəsulu da özünün marağı, zamanın tələbi bu ixtisasa gətirib çıxarıb: “Ətrafımız elektrotexnikadan ibarətdir. Hər addımbaşı bu sahədə bilik lazım olur. İnkişaf o həddə çatıb ki, zamanla ayaqlaşmaq üçün əlavə bilik və bacarıqlar tələb olunur”.

 

İndiyədək evdə kommunikasiya ilə bağlı yaranan istənilən məsələdə “Rəsul!” deyə çağıran ailə üzvləri bundan sonra işi ustasına gördürəcəklər. Bacarıqlı pəhləvan Rəsul bir usta toxunuşu ilə telləri, tellərlə insanları biri-birinə bağlayacaq: “Biri var görüb-götürmək, bir də var ki, bir işi elmi əsasları ilə bilmək. Gördüyün işin mahiyyətini bilirsən.

 

Bu baxımdan buradakı təhsilim mənim üçün çox önəmlidir. Burda aldığım təhsili, əldə etdiyim bilik və bacarıqları ölkəmizdəki şirkətlərdən birində tətbiq edə biləcəyimi düşünürəm”. 

 

Rəsul peşə təhsili almaq üçün Bakı Dövlət Peşə Təhsil Mərkəzini seçməyinin səbəblərini belə izah edib: “Bu Mərkəzə maraq həm də onun Koreya təhsil standartları əsasında olmasından doğdu. Elanlarını oxuyanda məhz  bu, məndə maraq oyandırdı. Atam da  peşə təhsili alıb və illərdir həmin təhsili əsasında əldə etdiyi bilik və bacarıqlar əsasında fəaliyyət göstərir. Dünyada peşə təhsilinə çox ciddi baxılır və mən də peşə təhsilinin üstünlüyünü ailədən bilən bir adamam. Onu da bilirəm ki, mənim də, təhsil alacağım bu mərkəzdəki texnikanı quraşdırmağa gələnlər də bəlkə öz ölkəsində heç bir təhsili olmayan, ancaq işini yaxşı bilən mütəxəssislərdir. Məncə, peşə təhsili ilə bağlı yanlış təsəvvürü artıq dağıtmaq lazımdır. Ali təhsili aşağılamaq istəmirəm, ancaq 4 il məqsədsiz, hədəfsiz təhsil almaqdansa, bir -iki ilə öz peşənə yiyələnmək daha doğrudur”.

 

Burdakı təhsilinin idman karyerasına da mane olmayacağını düşünən Peşə Təhsil Mərkəzinin tələbəsi gələn il Portuqaliyada keçiriləcək dünya çempionatına hazırlaşır.

 

Mərkəzin 44 yaşlı tələbəsi

 

“Mövcud ixtisaslar üzrə bu cür hazırlıq səviyyəsi məni təəccübləndirdi. Sevinirəm ki, ölkəmizdə belə bir mərkəz fəaliyyətə başlayıb. Çox xoşuma gəldi. Burda oxumağa qərar verdiyimə çox sevinirəm. Ancaq düşünürəm ki, bu mərkəzi inkişaf etdirmək lazımdır. Texniki sahə üzrə çoxlu ixtisaslar var”, - deyən də Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbəsidir. Özü də ən təcrübəli, vəzifəli, hətta yaşlı tələbəsi. 44 yaşlı Rüfət Əliyev sənaye quraşdırma ixtisası üzrə təhsil alır: “Hazırda Azərbaycanda əyləncə mərkəzlərindən birinin texniki müdiriyəm. Heç bir təhsilim olmayıb indiyə qədər. Sovet vaxtı işə götürürdülər. İstehsalatda təcrübə qazandıqca dərəcə verirdilər. Mən də bu cür dərəcə qazanmışam. Ancaq artıq dövr fərqlənir. Yiyələndiyin peşə üzrə sənədə ehtiyac yaranır”.

 

 

Elə bu ehtiyac mexanik kimi yetişmiş R.Əliyevi  əlindəki peşəni daha da inkişaf etdirmək, bu peşə üzrə təhsil də almaq niyyətinə düşürüb: “Təhsil Mərkəzinin fəaliyyəti barədə xəbər proqramlarından məlumatlandım. Qərar verdim ki, burada təhsil alım. Həm təhsilim olsun, həm də təcrübəmi artırım”.

 

Özü kifayət qədər təcrübəli olan tələbə təhsil aldığı Mərkəzdə nə öyrənəcək?  Onun sözlərinə görə, burada paylaşacağı və öyrənəcəyi çox şey var: “Kifayət qədər təcrübəliyəm. Hətta  müəllimlərlə ixtisasım üzrə bir çox məsələlər ətrafında fikir mübadiləsi apara, biliyimizi paylaşa bilirik. Yeri düşəndə, tələbə yoldaşlarıma da kömək edirəm. Ancaq mənim də burada öyrənə biləcəklərim çoxdur. Məsələn, burada ixtisasım üzrə qaynaq üsulları var ki, mən onları indiyəcən görməmişəm. Burada onları öyrənəcəyəm ”.

 

Həm tələbə yoldaşlarından, həm də müəllimlərindən öyrənir

 

Vaqif Niftəliyevin isə nəinki iş təcrübəsi, həyat təcrübəsi də azdır. 2018-ci ildə Qaraçuxur qəsəbəsindəki 318 nömrəli tam orta məktəbi yaxşı qiymətlərlə başa vursa da, ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında uğursuz nəticə göstərib. O da bu il peşə təhsili almağa qərar verib. Elektrik olmaq istəyib. Bu peşəyə yiyələnməsinə vasitə olacaq ixtisaslardan seçib və Bakı Dövlət Peşə Təhsil Mərkəzini qazanıb. Mühit, müasir avadanlıqlar, maraqlı dərs prosesi onu cəlb edir: “Mənim üçün xoşdur ki, tələbə yoldaşlarım arasında təcrübəlilər də var.  Qaranlıq qalan məsələlər olanda dərsdən sonra onlardan kömək ala bilirəm. Nəticədə həm müəllimlərdən, həm də tələbə yoldaşlarımdan öyrənmək imkanım olur”.

 

 

“Peşə Təhsil Mərkəzində texniki ingilis dili də tədris olunacaq”

 

Beləliklə, Vaqif Niftəliyev, Rüfət Əliyev və Rəsul Səfərov Bakıda bu tədris ilindən fəaliyyətə başlayan və sentyabrın 13-də Prezident İlham Əliyevin iştirakı ilə açılışı baş tutan Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbələridir. Koreya təhsil standartları əsasında fəaliyyət göstərən Peşə Təhsil Mərkəzində Koreya ekspertləri tərəfindən hazırlanan və  milli təhsil sisteminə uyğunlaşdırılan təhsil proqramları ilə təhsil alan 200-ə yaxın tələbənin sırasında yer alıblar.

 

Bəs, bu proqramı kim tətbiq edir? Həmin proqram nəyə əsaslanır?

 

Artıq məlum olduğu kimi, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin bazasında  təşkil edilən bu təhsildə praktik məşğələlərə əsaslanan metoda xüsusi yer ayrılıb. Mərkəzdə tədris prosesinə cəlb olunan ixtisaslı mütəxəssislər üçün 3 ay müddətində Koreyada təlimlər keçirilib.

 

 

Həmin mütəxəssislərdən biri Ramil Abdullayev Azərbaycan Dövlət Neft Akademiyasının beynəlxalq iqtisadi əlaqələr fakültəsini bitirib. Ayrı-ayrı şirkətlərdə mühəndis olaraq fəaliyyət göstərib. Artıq pedaqoji fəaliyyətlə də məşğuldur. Bakı Dövlət Peşə Təhsil Mərkəzinin 26 nəfərlik mühəndis-pedaqoji heyətində o da yer alıb.

 

Sərt seçim mərhələsindən  uğurla keçərək Koreyada ingilis dilində 3 ay təlimə göndərilən müəllimlərdən biridir. “Hyundai” Gəmiqayırma və avtomobil istehsalı zavodlarında təlimlərdə iştirak edib: “Koreyada 3 aylıq təlimlər dünyagörüşümüzdə böyük rol oynadı. Oradakı inkişaf səviyyəsi məni valeh etdi. İnsan əməyinə verilən qiymət, peşə təhsilinə olan diqqət mənim üçün çox təsirli oldu”.

 

Ramil Abdullayev müəllimi olduğu Bakı Dövlət Peşə Təhsil Mərkəzində dərslərin Azərbaycan dilində keçirildiyini deyir. Ancaq bəzən istisnalar da olur: “Sənayedə elə terminlər var ki, ingilis dilində olduğu kimi istifadə edilir. Burada biz bəzən uşaqları ingilis və rus dillərində də başa salırıq. Məsələn, maşınqayırma, tikinti və digər mühəndislik layihələrinin işlənməsində tətbiq olunan “AutoCAD” proqramını ingilis dilində keçirik. Ümumiyyətlə, nəzərdə tutulub ki, tezliklə  Peşə Təhsil Mərkəzində texniki ingilis dili də tədris olunacaq”.

 

“Hamımız istəyirik ki, Peşə Təhsil Mərkəzində yaxşı ustalar yetişsin”

 

 

Asif Bağırov Azərbaycanda ən sürətli motosikiletin sahibidir. 260 At gücündə olan mühərrikə sahib motosikleti saatda 400 km sürətlə hərəkət edir. Əsas hissələri Yaponiya istehasalı olsa da, sözügedən motosiklet Asif Bağırovun özünün əl işidir. 18 ildir təkərli texnika ilə işləyə-işləyə püxtələşib. Özünü 2, 3, 4 təkərli bütün elektrotexnika məhsulları üzrə mütəxəssis sayır. Bakı Dövlət Peşə Təhsil Mərkəzinin mühəndis-pedaqoji heyətinin əksər nümayəndələri kimi, işinin mütəxəssisidir. Üstəlik, heç yerdə təhsil almamış bir mütəxəssis.

 

 

Dediyinə görə, 9 yaşından motosiklet sürür. Maşın söküb -yığmağa da elə bu ikitəkərlilərdən başlayıb. Öz motosikletinin üzərində öyrənib. Sonra bir ustanın şagirdi, köməkçisi olub. Artıq özü ustadır. O qədər yaxşı ustadır ki, onu tanıyanlar Peşə Təhsil Mərkəzi barədə eşidən kimi, onu xatırlayıblar: “Məni tanıyanlar dedilər ki, burada müəllimlər tələb olunur. Mən də gəldim. Əvvəlcə təlimlərdən keçdim. Doğrusu, maşınla əlaqəm olmasını istəmirdim. Mən motosikletlərlə maraqlanıram. Öz qarajım da var”.

 

Təhsili olmasa da, təcrübəsi və bu təcrübəni paylaşmaq üçün geniş ürəyi olan 36 yaşlı müəllim tələbələrini necə öyrədəcəyini yaxşı bilir: “Bu qədər avadanlıqlar, texnika qurulub. Hamımız istəyirik ki, Peşə Təhsil Mərkəzində yaxşı ustalar yetişsin. Bunun üçün əlimizdən gələni də edirik. Həm öyrədirik, hələ üstəlik işlə də təmin ediləcəkləri də deyilir. Mən də, buradakı başqa mütəxəssislər də bildiyimizi öyrətməyə gəlmişik. Peşə Təhsil Mərkəzində müəllimliyə başlayana qədər də yetirmələrim olub. Necə öyrətmək lazım olduğunu bilirəm. Maşın üzərində hər hansı əməliyyatı başa salmaq mənim üçün 2 vur 2-dir. Danışmaqdan göstərmək daha rahatdır. Uşaqlar da elədir. Danışanda hamısı yuxulayır. Amma maşının yanında fərqli olurlar. Hamısı maşının başına yığışıb suallar verir, həvəslə öyrənməyə çalışırlar”.

 

Asif Bağırov kimi təcrübəli və məşhur mütəxəssislə işləmək Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri üçün çox maraqlı olacaq. Bu, şübhəsizdir. Maşınqayırma üzrə mütəxəssis olacaq 60 tələbənin ixtiyarında sadəcə mükəmməl mütəxəssislər yox, həm də 10 avtomobil, əla iş şəraiti var. Belə ki, onlar maşınları hissə-hissə görə, sonra söküb-yığa, axırda da rəngləyə bilərlər.

 

Tələbələr tapşırıqları sərbəst həll edəcəklər

 

Kabı Əliyev torna və frezer dəzgahları üzrə müəllimdir. İndiyədək maşınqayırma sənayesində çalışıb. Mühəndisdir. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində enerji  maşınqayırması mühəndisliyi ixtisası üzrə bakalavr,  mexanika mühəndisliyi üzrə isə magistr təhsili alıb. 3 illik iş təcrübəsindən sonra  Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin pedaqoji heyətinə qatılmaq qərarına gəlib. 3 aylıq təlimlərə qatılıb və artıq dərs deyir: “Təhsil müəssisələrində ancaq nəzəriyyə tədris olunur. Amma burda nəzəriyyə cəmi 30 faiz təşkil edir. Proqramın 60-70 faizi praktikadır. Odur ki, bizim sənaye müəssisələrindən elə bir fərqimiz olmayacaq. Burada tələbələr onlara verilən tapşırıqları sərbəst həll edəcəklər”.

 

Kabı müəllim deyir ki, sadəcə nəzəriyyənin tədrisi mütəxəssis kimi yetişməyə kifayət etmədiyi kimi, yalnız təcrübə ilə qazanılanların da nəzəri əsası olmadan   yarımçıq sayılır. Odur ki, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi kadr kimi yetişmək üçün əvəzsiz bir təhsil və təcrübə ocağıdır.

 

 

Bakı Dövlət Peşə Təhsil Mərkəzində plan yerləri dolub

 

Beləliklə, 1000 nəfər tələbəyə təhsil vermək imkanına malik Sənaye və İnnovasilar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində 200 tələbə təhsil alır. Bu rəqəmin fəaliyyətə yenicə başlayan təhsil müəssisəsi üçün nəzərdə tutulan plan yerinə uyğun olduğunu bildirən Mərkəzin direktoru Rəşad Xanlarov deyib ki, hazırda 12 qrupda dərslər təşkil edilir. Tələbələr həm ödənişli, həm də dövlət sifarişli yerlərdə təhsil alırlar. Qruplardan 4-ü öz hesabına, 8-i isə dövlət hesabına təhsil alır. Təhsil müəssisəsində İKT, avtomobil, mexanika, sənayedə quraşdırma işləri, elektronika, elektrik mühəndisliyi, avtomatlaşdırma və inşaat istiqamətləri üzrə 1 və 3 illik təhsil imkanları yaradılıb. Onun sözlərinə görə,  növbəti - 2020-2021-ci tədris ilindən etibarən Mərkəzdə 3 illik təhsil mümkün olacaq və bu təhsili tamamlayanlar subbakalavr diplomu alacaqlar. Məşğulluğun artırılması məqsədilə Bakı Dövlət Peşə Təhsili Mərkəzində qısamüddətli ixtisasartırma kurslarının da təşkil olunması nəzərdə tutulub.

 

Beynəlxalq təhsil standartlarına əsaslanan və qlobal sənaye tələbatına uyğun olan rəqabətqabiliyyətli kadr hazırlığına istiqamətlənən mərkəz artıq Sumqayıt Texnologiyalar Parkı, “Huawei”, “Mitsubishi”, “EduMedia”, “Subaru”, “Optimal Electronics”, “Tech Academy”, “Honda”, “Helind”, “Mazda”, “Azedunet”, “Toyota Azərbaycan”, “Mars Academy”, “Turox Aero Technologies”, “Baku Roofing Company” və “Cahan Motors” kimi qabaqcıl müəssisələrlə əməkdaşlığa başlayıb.

 

Mərkəzdə təhsil alacaq tələbələrin peşəkar bacarıqlarının inkişafı məqsədilə iş yerində təcrübə proqramları, ixtisas təkmilləşdirilməsi üzrə birgə kursların keçirilməsi və məzun tələbələrin işlə təmin olunması üzrə qeyd olunan şirkətlər tərəfindən dəstək göstərilməsi də nəzərdə tutulur.

 

Peşə Təhsil Mərkəzi əsas tədris binası, 2 emalatxana, yataqxana, idman meydançası və digər zəruri infrastrukturdan ibarət təhsil kompleksidir. Artıq ikinci yataqxananın da əsası qoyulub və hər birində 90 tələbənin yaşaması üçün bütün lazımi şərait olacaq.

 

Ruhiyyə DAŞSALAHLI



20.09.2019 | 09:07