Naxçıvanda fəaliyyət göstərən ali təhsil müəssisələrində çalışan əməkdaşların əməkhaqları artırılıb

Naxçıvan Dövlət Universiteti (NDU) Beynəlxalq münasibətlər və Xarici dillər fakültəsində tədbir keçirilib. Tədbirdə universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov çıxış edərək bildirib ki, dövlətimiz tərəfindən universitet əməkdaşlarının əmək şəraitinin və rifahının yaxşılaşdırılması, onların sosial müdafiəsinin gücləndirilməsi daim diqqət mərkəzində olub. Rektor bunun bariz nümunəsi olaraq 2019-cu il sentyabr ayının 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun muxtar respublikada fəaliyyət göstərən ali təhsil müəssisələri işçilərinin aylıq vəzifə maaşlarının minimum əməkhaqları nəzərə alınmaqla 20 faiz artırılması barədə sərəncamını universitet əməkdaşlarının diqqətinə çatdırıb.

 

Kitabxanaçılıq və informasiya ixtisası üzrə II kurs tələbəsi Fidan Əzimli dövlət ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan istedadlı gənclərin təhsil xərclərinin qarşılanması üzrə ötən ildə keçirilən müsabiqədə qardaşının və öz adının olmasını çox sevindirici hal kimi dəyərləndirib. Ali təhsil ocağında tələbə-gənclərə göstərilən qayğıdan, elmi biliklərə hərtərəfli şəkildə yiyələnmək, vətənə, xalqa layiqli xidmət etmək amalı ilə yetişə bilmək üçün yaradılan şəraitdən danışaran F.Əzimli dövlətimizə, muxtar respublika rəhbərinə həm öz adından, həm də ailəsi və müsabiqəqə seçilmiş tələbə dostları adından minnətdar olduğunu bildirib.

 

Universitetin “Dünya iqtisadiyyatı və menecment”  kafedrasının müdiri, iqtisadiyyat üzrə fəlsəfə doktoru, dosent Ceyhun Məmmədov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinin 2019-cu il  sentyabrın 13-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Elmin İnkişafı Fondunun Himayədarlar Şurasının tərkibinin təsdiq edilməsi haqqında sərəncamını diqqətə çatdırıb. Şuranın üzvləri siyahısında NDU rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmovun da adı var. 

 

Universitetin Kadr və ümumi işlər Şöbəsinin müdiri Günay Məmmədova da ali təhsil ocağının kollektivi adından muxtar respublika rəhbərinə öz minnətdarlığını ifadə edib. Bundan sonrakı fəaliyyətlərində daha məsuliyyətlə, əzmlə, vicdanla çalışacaqlarına əminlik ifadə olunub.

 

Tədbirə yekun vuran rektor NDU-da təhsilin səviyyəsinin daha da yaxşılaşdırılması, yaradılan əlverişli şəraitdən səmərəli şəkildə istifadə olunması, universitetin imicinin hər zaman hər yerdə uca tutulması  və təbliği istiqamətində işlərin bundan sonra da davam etdiriləcəyini bildirib.



19.09.2019 | 17:45