GDU-da təhsilin keyfiyyətinə həsr olunmuş iclas keçirilib | |
Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibovun sədrliyi ilə ali təhsildə keyfiyyətin yaradılmasına, idarə edilməsinə və proqnozlaşdırılmasına, eləcə də keyfiyyətin qorunub saxlanmasında vacib amillərdən olan universitetdə əmək şəraitinin və daxili intizamın təşkilinə həsr olunan iclas keçirilib.
İclasda prorektorlar, fakültə dekanları, kafedra və şöbə müdirləri, həmçinin tədrisin keyfiyyətinə nəzarət və universitetdaxili nizam-intizamın təşkilinə məsul komissiyaların üzvləri iştirak ediblər.
Tədbiri açan rektor deyib: Yaxşı məlumdur ki, hər bir ölkənin tərəqqisi ilk növbədə həmin ölkədə elmin və təhsilin uğurlu inkişafından asılıdır. Təhsilin cəmiyyət və xalq üçün nə qədər böyük əhəmiyyət kəsb etdiyini qeyd edən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev deyirdi: “Cəmiyyət təhsilsiz inkişaf edə bilməz. Təhsilsiz xalq müasir şəraitdə öz imkanlarını həyatına sərf etmək üçün çox problemlərlə rastlaşar”.
Hesab edirəm ki, təhsilin inkişafı istənilən cəmiyyətdə ictimai-siyasi, sosial-iqtisadi sabitliyin təmin edilməsində və geniş mənada uğurlar əldə olunmasında mühüm rol oynayır. Yüksək təhsilli insanlar siyasi həyatda düzgün mövqe seçir, daha konstruktiv olur, mövcud problemləri və yaranmış münaqişələri konsensus yolu ilə həll etməyə çalışırlar. Təhsilsiz və ya aşağı təhsilli insanlar isə vətəndaş kimi mövqelərini lazımi səviyyədə dərk etmədikləri üçün asanlıqla istər dövlət istərsə də cəmiyyət üçün təhlükə törədən fərdi qrup və birlik maraqlarının alətinə çevrilə bilirlər. Bir sözlə “həyat böyük bir prosesdir. Bu prosesdə uğurla iştirak etmək üçün insan müasir tələblərə uyğun olan təhsilə malik olmalıdır. Təhsil də daim təkmilləşdirilməlidir”. Ümumiyyətlə istənilən cəmiyyətin sistemli idarə olunmağa ehtiyacı var. Bütün ölkələrdə istər siyasi hakimiyyətin istərsə də cəmiyyətin elitası və avanqardı universitetlərdə formalaşır. Müasir dövrümüzdə universitetlərin cəmiyyət və dövlət qarşısında məsuliyyət və öhdəlikləri ölkənin inkişaf səviyyəsinə, dövrün elmi-texniki tərəqqisinə, qloballaşan dünyanın təbiətinə və tendensiyalarına uyğun olaraq artır. Bir sözlə universitetlər ölkənin gələcək inkişafının təməl prinsiplərini hazırlayan elmi-tədqiqat və təhsil müəssisələridir. Bu səbəbdəndir ki, bir çox ölkələr universitetlərinin inkişafına starteji məsələ kimi baxırlar. Qloballaşma prosesləri və bu fonda ölkələrin inkişafında universitetlərin rolu qlobal rəqabətə davamlılığı və inkişafı təmin edən, yeni tip universitetlərin yaradılmasını zəruri edir. Bu baxımdan hazırda bizim də qarşımızda böyük vəzifələr dayanır.
Son illər GDU-nun elmdə və təhsildə böyük uğurlar əldə etdiyini qeyd edən rektor Yusif Yusibov bildirib ki, indi əsas məsələ qazanılmış müsbət nəticələri inkişaf etdirmək və daha yeni nailiyyətlər əldə etməkdir.
İclasda ayrı-ayrı komissiya üzvlərinin məruzə və təklifləri dinlənilib.
Sonra rektor Yusif Yusibov tərəfindən bir sıra nöqsanlər qeyd edilib və onların həlli istiqamətində vacib tapşırıqlar verilib.
İclas cari məsələlərin müzakirəsi ilə işini yekunlaşdırıb.
|
|
25.04.2018 | 14:29 | |
|
|
|