ADNSU-nun rektoru Xarkov Milli Texnik Universitetinin nümayəndə heyəti ilə görüşüb

Aprelin 24-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor M.Babanlı Ukraynanın Xarkov Milli Texniki Universitetinin rektoru Yevgeniy Sokol və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

ADNSU-nun tarixi, beynəlxalq əlaqələri, tədris prosesi, universitetdə fəaliyyət göstərən İT Akademiya və startap məktəbi haqqında qonaqlara geniş məlumat verən rektor M.Babanlı universitetin beynəlxalq miqyasda əməkdaşlıq etdiyi ali təhsil müəssisələrindən və həyata keçirilən birgə layihələrdən danışıb. Rəhbərlik etdiyi ali məktəbdə keyfiyyətli tədrislə yanaşı, tələbələrin innovativ ideyalarının dəstəklənməsi məqsədilə yaradılan “eazi START” Startap və İnnovasiya Mərkəzinin olduğunu deyən rektor gənclərin startaplara cəlb olunmasının və müasir dünyanın tələbələrinə uyğun layihələrin hazırlanmasının universitetin priorietetlərindən olduğunu vurğulayıb.

 

Rəhbərlik etdiyi universitet haqqında məlumat verən Xarkov Milli Texniki Universitetinin rektoru Y.Sokol ADNSU-nun neft və qaz sahəsində kadr hazırlığı təcrübəsini yüksək qiymətləndirdiyini və sənayenin digər sahələri üzrə ixtisaslaşan Xarkov Milli Texniki Universiteti ilə səylərin birləşdirilməsinin və bu istiqamətdə yeni əməkdaşlığın yaradılmasının əhəmiyyətini qeyd edib. Hazırda Türkiyə universitetləri ilə uğurlu əməkdaşlıq əlaqələrinin olduğunu deyən Y.Sokol ADNSU və digər Azərbaycan universitetləri ilə də əməkdaşlıqda maraqlı olduqlarını diqqətə çatdırıb.

 



25.04.2018 | 14:01