Milli musiqi günü qeyd olunub | |
Naxçıvan Dövlət Universiteti (NDU) İncəsənət fakültəsində Milli musiqi gününə həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov qeyd edib ki, 18 sentyabr Azərbaycanın dünya şöhrətli bəstəkarı, görkəmli musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi Üzeyir Hacıbəyovun doğum günüdür.
Bildirilib ki, Üzeyir bəy elmi musiqişünaslığın, musiqi təhsilinin əsasını qoyub və ömrünün sonunadək musiqi mədəniyyətinin inkişafına rəhbərlik edib. Dahi bəstəkarın yaratdığı musiqi inciləri dünya şöhrəti qazanıb, dünya musiqi mədəniyyətinin qızıl fonduna daxil olub. Vurğulanıb ki, Ümummilli lider Heydər Əliyevin 1995-ci ildə - dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində imzaladığı Fərmanla hər il sentyabrın 18-i ölkəmizdə Musiqi Günü kimi qeyd olunur. Rektor müəllim və tələbələri yeni dərs ilinin başlanğıcı və Milli Musiqi günü münasibətilə təbrik edib.
Musiqi tarixi və nəzəriyyəsi kafedrasının müəllimi Rumiyyə Məmmədova “Üzeyir Nacıbəyli və milli musiqi dəyərləri” adlı çıxışında qeyd edib ki, Şərqdə ilk operetta janrının yaranması Üzeyir Hacıbəyovun adı ilə bağlıdır. Dahi bəstəkarın üç pərdədən ibarət "Ər və arvad" musiqili komediyası Azərbaycanda musiqili komediyanın ilk nümunəsidir. Bildirilib ki, bütün ömrü boyu Azərbaycan mədəniyyətinə, musiqisinə xidmət edən bu unudulmaz şəxsiyyət 300-dən çox xalq mahnısını nota salıb, marş, kantata, fantaziya, mahnı və romanslar, kamera və xor əsərləri yazıb. Vurğulanıb ki, Üzeyir Hacıbəyov təkcə musiqi bəstələməyib, həm də xalq musiqisinin nəzəri əsaslarını gələcək nəslə çatdırmaq üçün müxtəlif vəsaitlər hazırlayıb. 1945-ci ildə nəşr edilmiş "Azərbaycan xalq musiqisinin əsasları" adlı elmi əsəri Üzeyir Hacıbəylinin musiqişünas-alim olaraq mükəmməl fəaliyyətinin yadigarı kimi bu gün də musiqi dərsliyi kimi istifadə edilir.
Tədbirin bədii hissəsində universitetin İncəsənət fakültəsi tələbə və müəllimlərinin ifasında dahi bəstəkarın bəstələdiyi mahnılar səsləndirilib. |
|
17.09.2019 | 17:42 | |
|
|
|